24/03/2019 03:50
728 x 90

Dünyanın yeni xarici siyasət konsepsiyasının ilk müddəaları Bakıda səsləndirildi…

BMT Baş katibi çoxtərəfliliyin əhəmiyyətini əsaslandırmağa çalışdı, Monteneqro Prezidenti millətçiliyi düzgün anlamağa çağırdı

img

Məlum olduğu kimi, Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Forumda dünyanın 50 ölkəsindən 500 ictimai və dövlət xadimi iştitak edir.

Forum ilk gündən maraqlı mülahizələrlə diqqət mərkəzinə çıxıb. Bəzi çıxışlardan müəyyən iqtibaslar da bunu sübut edir. Məsələn, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç qeyd edib ki, çoxtərəflilik və qaydalara əsaslanmış beynəlxalq nizam qlobal problemlərin həlli üçün ən yaxşı platforma olaraq qalmaqdadır: “Beynəlxalq dialoq, əməkdaşlıq, insan hüquqlarına hörmət və beynəlxalq hüququn qəbul olunmuş normalarına əməl olunması təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafının təmin olunmasının əsas mexanizmləridir. Biz bu bəşəri beynəlxalq dəyərləri, prinsipləri, hüquq və qaydaları müdafiə etməli, təşviq etməli və inkişaf etdirməliyik”.

Ş.Caferoviçin sözlərinə görə, Bosniya və Herseqovina çoxtərəfliliyə və beynəlxalq konvensiyalardan meydana çıxan öhdəliklərə uyğun fəaliyyətə sadiqdir.

Monteneqro Prezidenti isə qeyd edib ki, bütün problemləri həll edə bilən formul mövcud deyil, bizim xarici siyasətimiz mütəmadi dəyişməlidir. Monteneqro Prezidenti Milo Cukanoviç

qeyd edib: "Biz inkişaf edən dünya tendensiyalarına kömək etmək üçün millətçilik ideyasını düzgün anlamalıyıq. Avropa İkinci Dünya müharibəsindən sonrakı dövrdə daha mühüm nailiyyətlər kimi öz dəyərlərini qoruyub saxlamağa davam edəcək".

M.Cukanoviç bildirib ki, bütün problemləri həll edə bilən formul mövcud deyil: "Bizə qlobal səviyyədə çoxtərəflilikdən istifadə etmək lazımdır. Yalnız vətəndaşlarımızın yüksək həyat şəraitini təmin edəcəyimiz halda böyük və vacib məqsədlərə çatmaq olar. Bizim xarici siyasətimiz mütəmadi dəyişməlidir".

Bolqarıstanın Baş naziri Boyko Borisov  isə diqqəti enerji təhlükəsizliyinə yönəldib.

O, Azərbaycan və Rusiya qazının hesabına mənbələrin şaxələndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanla münasibətlərdən danışan B.Borisov bildirib ki, münasibətlər çox gözəldir. Baş nazir Bolqarıstanda “Trapezitsa” memarlıq-muzey qoruğunun, o cümlədən orta əsr kilsələrinin restavrasiyasında köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Müsəlman ölkəsi Avropa kilsələrinin bərpası üçün vəsait ayırıb. Bu, müxtəlif dini olan ölkələrlə dostluq edə biləcəyimizin sübutudur”.

İtaliya prezidenti Sercio Mattarella isə göndərdiyi yazılı müraciətində dünyada gərginlik və dözümsüzlüyün qarşısının alınması üçün Forumun müstəsna vacibliyini qeyd edib: “Mən 2018-ci ildə Bakıda Prezident İlham Əliyevlə məhsuldar görüşüm olub. Qlobal Forum anlaşılmazlıqların, gərginliyin və dözümsüzlüyün qarşısının alınması, eləcə də konkret təkliflərin siyasi səlahiyyətlərə malik şəxslərə çatdırılması üçün vacib əhəmiyyət daşıyır”.

Müraciətdə qeyd olunur ki, müasir dövrün aktual problemləri həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakını tələb edir.

Britaniyanın baş naziri Tereza Mey öz müraciətində iki strateji enerji tərəfdaşı kimi Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlığın uzun onilliklər boyu davam edəcəyini deyib.

Müraciəti Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts oxuyub.

T.Mey qeyd edib ki, Birləşmiş Krallıq və Azərbaycan 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən daha davamlı və dərin əlaqələr yaradıb, münasibətləri inkişaf etdiriblər: "Mən ötən ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevi Londonda salamlamaqdan şad oldum. Biz onunla geniş məsələləri müzakirə etdik və SOCAR ilə BP arasında hasilatın bölgüsü haqqında altı sazişin imzalanması mərasimində iştirak etdik. Bizim strateji enerji tərəfdaşlığı qismində əməkdaşlığımız qarşılıqlı inkişafa və təhlükəsizliyə mühüm töhfə verir və uzun onilliklər ərzində davam edəcək. Biz, həmçinin bir çox digər sahələrdə birgə çalışırıq. Biz qarşılıqlı hörmət və etimada söykənən əməkdaşlığı davam etdirəcəyik".

Müraciətdə o da bildirilir ki, Qlobal Bakı Forumunda qlobal siyasəti dəyişən problemlərə baxılacaq və forum sabiq, fəaliyyətdə olan və gələcək liderlər arasında dialoq və qarşılıqlı anlaşmaya kömək edəcək.

BMT-nin Baş katibi Antonio Quterreş Foruma müraciətində dünyanın çoxtərəfliliyə böyük ehtiyac duyduğunu deyib.

Müraciət BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosunun direktoru Miryana Spolyariç Egger tərəfindən səsləndirilib.

Müraciətdə deyilir: “Mən VII Qlobal Bakı Forumunun keçirilməsinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm. Dünyamız paradoksla üz-üzədir: problemlər bir-biri ilə bağlıdır, amma cavablar fraqmentlər şəklindədir. Ekoloji təhdidlər və silahlı münaqişələr, artan bərabərsizlik və dözümsüzlük fonunda çoxtərəflilik əvvəllər olmadığı kimi zəruridir. Amma bu, kifayət deyil. Biz göstərməliyik ki, insanların qorxu və həyəcanını aradan qaldırmağa imkan verən və hər kəsə fayda verəcək ədalətli qloballaşmanı yaradan qərarların həlli üçün səylərimizi birləşdiririk”.

Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev Azərbaycanın regiondakı rolundan xüsusi danışıb.

Keçmiş Prezident vurğulayıb ki, Azərbaycan regionda mühüm rol oynayır: "Azərbaycan sülhün, tolerantlığın carçısıdır. Forumda səmərəli fikir mübadiləsi aparılır, təcrübələr ortaya qoyulur. Hesab edirəm ki, hər kəs burada iştirak etməkdən məmnundur".

O bildirib ki, artıq Qlobal Bakı Forumu xeyli inkişaf edib və dünyada mühüm bir platformaya çevrilib.

Sloveniyanın keçmiş prezidenti Danilo Türk deyib ki, bu forum iştirakçılara dünyanı maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün böyük imkan yaradır:

“Builki forum irəli atılan daha bir addımdır və xarici siyasətlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradıb”.

Keçmiş prezident əlavə edib ki, Azərbaycan sivilizasiyalararası dialoqun qurulması istiqamətində çox gözəl işlər görür:

“Azərbaycan İslam ölkəsidir, lakin ölkə çox açıq fikirlidir. Azərbaycan hətta kilsələrin bərpa olunmasına dəstək göstərir ki, bu da xalqlar arasında inamın və dialoqun qurulmasına şərait yaradır. Bu cür işlərin görülməsi bu gün dünyaya daha çox lazımdır və Azərbaycan bu istiqamətdə çox gözəl işlər görür”.

Son xəbərlər