24/03/2019 03:51
728 x 90

“Sülh və təhlükəsizlik üçün su” mövzusunda tədbir keçirildi - FOTO

img

Ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə 40-cı sessiya çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və təhlükəsizlik üçün su” mövzusunda tədbir keçirilib.

Tədbirin moderatoru  Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri, Asiya Su Şurasının İdarə Heyətinin üzvü Nidal Salim dünyada sudan təzyiq vasitəsi kimi istifadənin dayandırılmasına çağırıb. O, su çatışmazlığının insanın gündəlik həyatına, ətraf mühitə, iqtisadiyyata, cəmiyyətə təsirlərindən danışıb. Sudan doğru-düzgün istifadə edilməməsi səbəbindən baş verən müharibələrdən, dağıntılardan söz açıb. Onun sözlərinə görə, su insan varlığının, iqtisadiyyatın əsas mənbəyini təşkil edir və bu gün sudan təsir vasitələrindən biri kimi istifadə yolverilməzdir.   

Tədbirdə çıxış edən BAMF prezidenti Umud Mirzəyev Azərbaycanın 30 ildən çoxdur işğaldan əziyyət çəkdiyini, ərazilərimizin 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldığını dilə gətirib. Bundan savayı, 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarı və digər su mənbələrindən ölkəmizə qarşı siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə edildiyini auditoriyanın diqqətinə çatdırıb. Minlərlə insanın, eləcə də 96 min ha ərazinin su çatışmazlığından əziyyət çəkdiyini qeyd edib. O, insan hüquqları və ətraf mühitin qorunması, regionda sülhün, dayanıqlı inkişafın təmin edilməsi, işğal altında saxlanan ərazilərin azad olunması üçün vətəndaş cəmiyyəti qurumlarını öz səylərini birləşdirməyə səsləyib. Daha sonra suyun təbii axınına məhdudiyyətlərin qoyulması səbəbindən Azərbaycanın yaşadığı çətinliklər BAMF-ın hazırladığı “Su - Müharibə maşını” sənədli filmi vasitəsilə auditoriyaya çatdırılıb.

BMT-nin İnsan Haqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü professor Osman Əl Hacc su mənbələrinin istifadəsi zamanı təhlükəsizliyin qorunması, eləcə də beynəlxalq hüquq normalarından danışıb. O, Azərbaycana qarşı sudan təzyiq vasitəsi kimi istifadəni beynəlxalq cinayət adlandırıb. Bunun beynəlxalq arbitraj məhkəməsinə çıxarılmasının vacibliyini qeyd edib.

BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina su və ekoloji dağıntılar mövzusunda çıxış edib. O, işğal olunmuş ərazilərdə su infrastrukturunun dağıdılmasının, nəzarətsiz ərazilərdə sudan qeyri-insani istifadə olunmasının, işğalın davam etdirilməsinin yolverilməz olduğunu bildirib. Bunun qarşısının alınması üçün beynəlxalq qurumlara səslənib. Daha sonra auditoriyanın sualları dinlənib. BAMF-ın vitse-prezidenti Ramil Əzizov verilən sualları cavablandırıb. Suyun siyasi məqsədlər üçün istifadəsinin insan haqlarına təsiri, təhlükəsizlik məsələlərindən danışıb.

Günel CƏLİLOVA

Son xəbərlər