24/03/2019 03:51
728 x 90

“OPEK+”-un Bakı iclası ərəfəsində neft qiymətlərini sıçradan hadisə - ABŞ və İsrail qaçaq neft daşıyan İran gəmilərinin ovuna başlayır...

img

ABŞ-İsrail-İran üçbucağında yenidən artan gərginlik neft bazarlarında özünü daha aydın şəkildə hiss etdirməyə başlayıb. Xüsusən də Vaşinqton və Təl-Əvivin İranın neft sektoruna qarşı yeni addımlar atmağa hazırlaşması qiymətlərə daha ciddi surətdə təsir edir. 

Yaşananlarla bağlı ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib ki, ölkəsi Tehranla əməkdaşlığa görə tətbiq olunan sanksiyalarda istisnalar etmək niyyətində deyil: “Biz sanksiyalara aid olan istənilən fəaliyyətə sanksiyalar tətbiq edəcəyik. Biz gözlərimizi bağlamayacağıq”. Dövlət katibi Mayk Pompeo isə bildirib ki, ABŞ-ın hədəfi İranın neft ixracını sıfıra qədər azaltmaq və ölkə hakimiyyətini xarici gəlir mənbələrindən məhrum etməkdir. Məhz belə bir vaxtda İsrailin baş naziri Benyamin Netanyahu İran tankerlərini mühasirəyə alacaqlarını və bununla Tehranın neft qaçaqmalçılığına imkan verməyəcəklərini deyib. Halbuki, İran tankerlərlə neft daşınmasına indi xüsusi diqqət yetirir. “Röyter” agentliyi bildirir ki, İran ABŞ sanksiyalarından yayınmaq üçün məxfi şəkildə köhnə tankerlərin axtarışı ilə məşğul olur: “İranda təxminən 50 tanker var. Tehran bu gəmilərdən təkcə daşıma üçün yox, həm də neftin saxlanması üçün istifadə edir. Belə ki, quruda neftin saxlanması imkanları məhdud səviyyədədir. Tehran köhnə tankerlər üçün, xüsusilə Vyetnam və Yunanıstana müraciət edir”.

Belə vəziyyətdə İsrailin İran tankerlərinə qarşı hərbi gücdən istfiadəni gündəmə gətirməsi vəziyyəti daha da çətinləşdirir. Düzdür, İran artıq bu hədəyə cavab verib. İranın müdafiə naziri Əmir Hatəmi bildirib ki, İsrail Hərbi Dəniz Qüvvələri İranın neft ticarətinə mane olmağa cəhd etsə, İran buna sərt cavab verəcək. O, İran neft tankerlərinin qarşısının alınmasının soyğunçuluq və beynəlxalq təhlükəsizliyə təhdid kimi dəyərləndiriləcəyini bildirib: “Bu baş versə, İran sərt cavab verəcək. Bizim ölkə müqavimət göstərmək üçün kifayət qədər imkana sahibdir. Dünya ictimaiyyəti İsrailin bu addımlarını qəbul etməyəcək”. Tərəflər arasında bu yanaşma indidən neft bazarına təsir edir.

Belə ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 66,87 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 57,18 dollar təşkil edib. Azərbaycan neftinin də qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti artıq 68 dollara çatır.  Bu durumda ABŞ-ın Enerji İnformasiya Administrasiyası neft qiymətinin daha sürətlə arta biləcəyini bəyan edib. Bundan başqa, qurum Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-OPEK ölkələrinin addımlarının da neft qiymətlərinin yüksəlməsinə təsir etdiyini bildirir: “Fevralda qlobal neft ehtiyatları gündəlik orta hesabla 1,4 milyon barrel azalıb. Bu, 2017-ci ildən indiyədək ən böyük aylıq azalmadır. Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-OPEK ölkələrinin bu ilin ilk yarısı üçün qüvvədə olan xam neft istehsalının azaldılmasına dair sazişin müddətini artıracaqları, bunun ilin ikinci yarısını da əhatə edəcəyi gözlənir. Bu da qiymətlərə təsir edir”.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol da bu fikirdədir ki, yaranmış vəziyyətdə qiymətlər artacaq. O bildirib ki, neftin qiyməti hazırda orta hesabla 65 dollar ətrafında dəyişir: “Enerji sektoruna təsir edən digər faktor isə geosiyasi gərginlikdir. ABŞ ilə Çin arasında ticari mübahisələr, Yaxın Şərq və Venesueladakı son vəziyyət, Avropada “Brexit“lə bağlı inkişaflar və geosiyasi gərginlik enerji sektoruna ciddi şəkildə təsir edə bilər. Bu proseslər neft bazarına da təsirsiz ötüşməyəcək”.

Dünyanın ən böyük enerji treydinq şirkətlərindən olan “Vitol Group”un icraçı direktoru Russell Hardi də qiymətlərin artacağını bildirir: “Hasilatın azaldılması, eləcə də ABŞ-ın İran və Venesuelaya qarşı sanksiyaları fonunda neft emalı zavodlarının ehtiyac duyduqları həcmdə xam neftlə təchiz edilməməsi neftin qiymətində artıma səbəb olacaq. Həmçinin İrana qarşı artan təzyiqlər də qiymətlərə indi daha çox təsir edir”. Bütün bu məsələlər isə Bakıda tezliklə əsas müzakirə mövzularından birinə çevriləcək. Qeyd edək ki, martın 17-18-də Bakıda OPEK və qeyri-OPEK ölkələrinin Müştərək Texniki Komissiyasının  27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları keçiriləcək. OPEK-in baş katibi Məhəmməd Barkindo bildirib ki, OPEK və partnyorları bazarda neft həcminin artımının saxlanılması haqqında razılaşmanın icrasının gedişini qiymətləndirmək üçün məhz Azərbaycanda görüşəcək. Gözlənir ki, OPEK-ə üzv ölkələr və Rusiya hasilatın gündəlik 1,2 milyon barrel ixtisarı haqqında razılaşmanı ən azı bir neçə ay müddətinə uzadacaq. Məhəmməd Barkindo bununla bağlı qeyd edib: "Bakıda görüşün nəticələri qərarın qəbul olunması zamanı nəzərə alınacaq. Hər şey məlumatlardan asılıdır. Onlarla tanış olmaq lazımdır".  Bütün bunlar neft qiymətində qarşıdakı günlər ərzində bahalaşmaının davam edəcəyini göstərir. Hasilatçıların, o cümlədən də Azərbaycanın bu fonda neft gəlirlərinin əhəmiyyətli dərəcədə çoxalacağı isə əsas proqnozlar sırasındadır.

Nahid SALAYEV

Son xəbərlər