24/03/2019 03:49
728 x 90

ATƏT sədrinin qondarma “DQR” “nazir”i və saxta qaçqın rəhbərlə görüşü – erməni mediasının sədrlə bağlı yaydığı iki fakt aydınlaşma tələb edir...

“Separatçı qurum təmsilçiləri ilə belə görüşlərin keçirilməsi kökündən səhv addımdır”

img

Elşən Manafov: “Bu onu göstərir ki, əvvəllər olduğu kimi, indi də qurumun mövqeyində ikili standartlar var”

 

Erməni mətbuatının yaydığı məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak İrəvanda Dağlıq Qarabağdakı separatçı qurumu təmsil edən bəzi “rəsmi” şəxslərlə görüşlər keçirib.

Məlumatda qeyd olunub ki, ATƏT sədri M.Layçakla “Arsax”ın “xarici işlər naziri” Masis Mailyan arasında görüş keçirilib. Separatçı qurumun təmsilçisi ATƏT sədrinə bildirib ki, danışıqlarda köhnəlmiş prinsiplərdən imtina edilməlidir.

Digər bir məlumatda qeyd olunur ki, ATƏT sədri özünü “Arsax qaçqınlar ittifaqı”nın “sədri” kimi təqdim edən Sarasar Saryanla da görüşüb. O da cəfəngiyyat danışaraq Azərbaycanın ünvanına böhtanlar səsləndirib.

İstənilən halda, ATƏT sədrinin separatçı qurum təmsilçiləri ilə bu kimi görüşlər keçirməsi doğru yanaşma deyil. Çünki tanınmamış bu cür separatçı qurum təmsilçiləri ilə belə görüşlər onların xeyrinə işləyə bilər. Məsələ ondadır ki, belə hallardan separatçı tərəf maksimum təbliğat üçün istifadə edir. MDB məkanında digər separatçı ocaqlar da var və indiyə qədər ATƏT rəsmiləri onları yaxın belə buraxmayıblar. Ancaq Dağlıq Qarabağdakı separatçılara münasibət bir qədər fərqlidir. Başqa bir tərəfdən, belə bir görüşün keçirilməsi həqiqətə uyğun deyilsə, o zaman ATƏT dərhal bunu təkzib etməli idi. Buna da hər hansı reaksiya yoxdursa, bunun özü də növbəti bir yanlış addımdır. Hər iki halda yanlışlıq ortadadır. Nəzərə almaq lazımdır ki, belə hallar ən azından qondarma “DQR”ın təbliğinə xidmət edir. Separatçı tərəf bundan sui-istifadə edir.

O baxımdan, bunu ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, separatçı qurum təmsilçiləri ilə belə təmasların qurulması tamamilə yanlışdır: “Separatçı qurum təmsilçiləri ilə belə görüşlərin keçirilməsi kökündən səhv addımdır. Eyni samanda, bu, ATƏT-in mandatına uyğun deyil. Çünki BMT-nin Təhlükəsizlik Şurası tərəfindən ATƏT-ə bu mandat tərəflər arasında münaqişənin tənzimlənməsi məqsədilə verilib. Əslində, separatçı qurum təmsilçiləri ilə aparılan görüşlər ATƏT sədrinin bu günlərdə Bakıda Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi fikirlərlə də daban-dabana ziddiyyət təşkil edir. Çünki ATƏT sədri bəyan etdi ki, danışıqlarda formatın dəyişdirilməsinə ehtiyac yoxdur. Ancaq Dağlıq Qarabağdakı separatçı qurum təmsilçilərinin İrəvanda ATƏT sədri tərəfindən qəbul edilməsi göstərir ki, əvvəllər olduğu kimi, indi də qurumun mövqeyində ikili standartlar var. Əslində, separatçı qurumun təmsilçiləri ilə bu kimi görüşlərin keçirilməsi müəyyən məqsədlərə hesablana bilər. Yəni dolayısı yolla istəyirlər ki, separatçı qurum Azərbaycan rəhbərliyi ilə eyni masaya otursun. Fikrimcə, bunun arxasında belə niyyət dayana bilər. Bu da Paşinyan hakimiyyətinin maraqlarına cavab verir. Məsələ ondadır ki, Paşinyan da bunu istəyir. Dəfələrlə çalışıb ki, separatçı qurum danışıqlarda tərəf olsun. Ona görə də ATƏT sədrinin separatçılarla görüşü erməni “dəyirmanına su tökür”. Hesab edirəm ki, bu yolverilməzdir. Separatçı qurum belə təmaslardan təbliğat məqsədi üçün istifadə edir. Başqa bir tərəfdən, sözügedən məlumatlar həqiqəti əks etdirmirsə, o zaman ATƏT buna izahat verməli idi. Ancaq təəssüflər olsun ki, ortada olan ikili standartlar səbəbindən biz bunu da görmürük. Bütün bunlara baxmayaraq, biz siyasi və hərbi müstəvidə səylərimizi gücləndirməliyik”.

Vidadi ORDAHALLI

Son xəbərlər