24/03/2019 03:50
728 x 90

Azərbaycan-İran sərhədində intensivləşən silahlı sərhəd pozuculuğunda erməni lobbi dairələrinin izi...

img

Son bir neçə gün ərzində Azərbaycan-İran sərhədinin müxtəlif istiqamətlərində iki silahlı insident baş verib. Daha doğrusu, dövlət sərhədini pozmaq istəyən qaçaqmalçılar sərhəd naryadlarına silahlı hücum ediblər.

Birinci hadisə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd  zamanı baş verib.

DSX-dan verilən məlumata əsasən, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı, Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü, Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar. Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib. Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşüb və başsağlığı verib.

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.

İkinci hadisə isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib. Sərhəd naryadı tərəfindən İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxs müşahidə olunub. Naryad tərəfindən “Dayan” əmri verilsə də, sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar. Bu zaman qanunauyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində vəfat edib. Digəri isə əllərindəki yükləri ataraq geri qaçıb. Hadisə barədə İran sərhədçilərinə məlumat verilib.

Əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitə, külli miqdarda güclü təsirli psixotrop maddə, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Qeyd edək ki, iki ölkə arasındakı dövlət sərhədində pozuntu halları olur. Bu danılmazdır. Ancaq bir neçə gün ərzində sərhədin müxtəlif ərazilərində sərhədçilərimizə olunan silahlı basqın halının olması bir çox şübhələrin meydana çıxmasına əsas yaradır. Xüsusilə də bu hadisənin Paşinyanın İrana reallaşan uğursuz səfərindən sonraya təsadüf etməsi maraqlı görünür. Xatırladaq ki, Paşinyandan sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da qonşu ölkəyə səfəri reallaşdı. O, İranın ali rəhbərliyi tərəfindən çox yüksək səviyyədə qarşılandı. Hətta İranın ən ali rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə dair bəyanatla çıxış etdi. Bununla da Ermənistan faktiki olaraq İrandan diplomatik zərbə almış oldu. Sərhəddə baş verən insidentlərin Azərbaycan-İran münasibətlərini pozmaqda maraqlı olan üçüncü qüvvə, konkret olaraq Ermənistan tərəfindən təşkil edildiyini  mümkün saymaq olarmı?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, bu variant da istisna olunmur: “Ancaq hesab edirəm ki, sərhəd pozucularının hansı ölkədən keçdikləri və ya hara keçmək istədikləri də bu məsələdə məsuliyyət dərəcəsini müəyyən edir. Faktiki olaraq, İran-Azərbaycan sərhədi pozulub. Bunun qarşısını almaq hər iki ölkə sərhədçilərinin borcudur.  Amma maraqlıdır ki, hücum da məhz bizim sərhəd naryadlarına olub. Nəticədə bir əsgərimiz şəhid olub. Bu hadisənin sərhədə aid olan tərəfidir. Amma belə halların intensivləşməsi ciddi şübhələrə əsas verir və burada erməni izinin olması da istisna edilmir. Bilirsiniz ki, ermənilərin adı beynəlxalq narkotik mafiyası ilə sıx əlaqədə hallanır. İşğal altında olan ərazilərimizin bir hissəsi İranla sərhədə düşür. Nəzarətdən kənarda qalan həmin ərazilərdən ermənilər narkotiklərin qanunsuz dövriyyəsi marşrutu kimi istifadə edirlər. Bu baxımdan, ermənilərin sərhəddən deyilən məqsədlə istifadə etməsi faktdır. Sərhədimizdə baş verən insidentdən sonra yayılan fotolardan göründü ki, qaçaqmalçıların atıb qaçdıqları malların çoxu narkotiklərdən və silahdan ibarət olub.  Hadisənin baş verdiyi dönəm də onu deməyə əsas verir ki, burada erməni izi ola bilər. Onlar öz təsirləri altına saldıqları narkotik alverçilərini həmin istiqamətə yönləndirə bilərlər. Məqsəd də iki ölkə arasında gərginliyin yaradılmasıdır. Hər halda, İran tərəfi də bu məsələnin ətraflı araşdırılmasında maraqlı olmalıdır. Cinayəti törədib İrana qaçan narkotacirlərin kimliyi müəyyənləşməli, onlarla aparılan filtrasiya tədbirlərində bu ehtimal ciddi araşdırılmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər