24/03/2019 03:46
728 x 90

Paşinyan uğursuz avantüralardan yorulmayıb, yeni təxribat – Azərbaycan xalqı ilə dialoq...

“Paşinyan belə fikirlər səsləndirməklə bir daha səriştəsiz və naşı bir siyasətçi olduğunu təsdiq edir”

img

Vüqar Rəhimzadə: “O, sülhə maraqlıdırsa, konstruktiv mövqe ortaya qoysun”

 

“Mən dialoqu təkcə prezidentlə yox, həm də Azərbaycan xalqı ilə davam etdirməyə hazıram”. Bu fikirləri Dağlıq Qarabağda keçirilən Təhlükəsizlik Şurasının iclasında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan səsləndirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycan ictimaiyyətinin sülhə hazırlanmasında iştirak etməlidir. Paşinyan iddia edir ki, xalqların sülhə hazırlanması danışıqlara cəlb edilmiş hökumətlərdən birinin məsələsi ola bilməz, bu, birgə işdir: “Mən onu nəzərdə tuturam ki, məsələn, Azərbaycan ictimaiyyətinin sülhə hazırlanması təkcə Azərbaycan hakimiyyəti ilə yox, həm də Ermənistan hakimiyyətinin iştirakı ilə həyata keçirilməlidir”.

Paşinyanın sözlərinə görə, guya məhz bunun dərk edilməsi onu 2018-ci ilin payızında Ermənistan parlamentində görünməmiş bəyanatla çıxış etməyə məcbur edib və o bildirib ki, münaqişənin həlli həm də Azərbaycan xalqı üçün məqbul olmalıdır: “Baxmayaraq ki, mən dialoqu təkcə prezidentlə yox, həm də Azərbaycan xalqı ilə davam etdirməyə hazıram. Çünki əminəm ki, Azərbaycan xalqı da erməni xalqı, “Artsax” xalqı qədər sülhpərvərdir”.

Bütün bunlar Nikol Paşinyanın nə qədər dayaz bir siyasətçi olduğunu göstərir. Əvvəla Azərbaycan Konstitusiyasına görə, ölkəni prezident təmsil edir. Prezident xalqın adından danışa bilər. Azərbaycan xalqı da bu hüququ Prezident İlham Əliyevə verib. Paşinyan həqiqətən də konstruktiv danışıqlara, sülhə maraqlıdırsa, o zaman ölkə başçısı ilə anlaşa bilər. Bunun üçün hansısa qeyri-adi ideya ilə çıxış etməyə ehtiyac yoxdur. O baxımdan, Paşinyanın bu açıqlaması nə deməkdir?

Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Paşinyan belə fikirlər səsləndirməklə bir daha səriştəsiz siyasətçi olduğunu təsdiq edir: “Əvvəla Paşinyan nə demək istədiyini özü də bilmir. Çünki az-çox siyasətə bələdçiliyi olan insan belə fikirlər səsləndirməz. Belə görünür ki, Paşinyanın qanunlardan belə xəbəri yoxdur. Ona görə də nə gəldi danışır. Gərək danışdıqdan sonra düşünməyəsən, düşündüyünü danışasan. O baxımdan, Paşinyanın belə yanaşması tamamilə anormaldır. Bu bir daha onun çaş-baş siyasətçi olduğunu ortaya qoyur. Azərbaycanın qüdrətli gücünü hiss etdiyi üçün özü də çaş-baş vəziyyətdədir. Azərbaycan Konstitusiyası, dövləti və qanunları var. Bu qanunlar çərçivəsində də ölkə seçiciləri prezidenti seçir və xalqın adından danışmaq səlahiyyətini ölkə başçısına verir. Paşinyan hələ dərk etmir və anlamır bu məsələləri. Prezident İlham Əliyev xalqın adından danışmaq səlahiyyətinə malikdir. O, sülhə maraqlıdırsa, konstruktiv mövqe ortaya qoysun. Yoxsa, müxtəlif yayındırıcı fikirlər ortaya atmaqla kimisə aldatmağa çalışmasın. Ona görə də Paşinyan belə fikirlər səsləndirməklə bir daha səriştəsiz və naşı bir siyasətçi olduğunu təsdiq edir. Ümumiyyətlə, onun həyata keçirdiyi siyasətdə, beynəlxalq siyasətə baxışında bir anormallıq var. Bu bir daha onun nə qədər təcrübəsiz və qeyri-peşəkar siyasətçi olduğunu ortaya qoyur”.

Vidadi ORDAHALLI

Son xəbərlər