24/03/2019 03:47
728 x 90

Ermənistan TŞ-nin Xankəndi iclası Paşinyan-Sarkisyan düşmənçiliyini aşkar üzə çıxardı...

“Nikol Paşinyanın prezident Armen Sarkisyanla nə vaxtsa toqquşacağı gözlənilən idi”

img

Əli Orucov: “Fikrimcə, bundan sonra siyasi mübarizə bir qədər də dramatikləşəcək”

 

Ermənistan baş naziri Nikol Paşinyanla ölkə prezidenti Armen Sarkisyan arasında olan soyuq münasibətlər get-gedə daha qabarıq formada özünü göstərir.

Bu günlərdə Paşinyan yalnız təmsilçilik funksiyaları ilə məhdudlaşan prezident vəzifəsinin icraçısı A.Sarkisyanla görüşərək, onun xarici səfərlərində keçirdiyi görüşlərdə özünü tam səlahiyyətli dövlət başçısı kimi aparmasına iradını bildirib. Bununla yanaşı, Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasına Sarkisyanı dəvət etməyib. Erməni mətbuatının məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasına baş nazir, baş nazirin müavinləri, Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, xarici işlər naziri, MTX direktoru, polis rəisi və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi daxildir. Yəni yüksək rütbəli məmurlardan Ermənistan parlamentinin spikeri və prezident Təhlükəsizlik Şurasının üzvləri deyillər. Onlar Konstitusiya dəyişikliklərindən sonra Təhlükəsizlik Şurasının üzvləri sırasına daxil olmayıblar. Lakin məlum olub ki, Ermənistan baş naziri Qarabağda keçiriləcək iclasa parlament sədri Ararat Mirzoyanı dəvət edib. O da dəvəti böyük məmnuniyyətlə qəbul edib. Ancaq Mirzoyandan fərqli olaraq,  Sarkisyan dəvət edilməyib. Sarkisyanın ofisinin rəsmisi Asmik Petrosyan da bildirib ki, Ermənistan prezidentinə belə bir dəvət gəlməyib.

Görünən odur ki, Paşinyanla Sarkisyan arasında olan ziddiyyətlər get-gedə daha da dərinləşəcək. Paşinyan bütün vasitələrlə çalışır ki, onu proseslərdən kənarda saxlasın. Nəzərə almaq lazımdır ki, A.Sarkisyan əvvəlki hakimiyyətin dövründə prezident seçilib. Ola bilsin ki, həm də bu səbəbdən Paşinyan ondan çox ehtiyat edir. Digər tərəfdən, Paşinyanla müqayisədə A.Sarkisyan bir qədər xarizmatik təsir bağışlayır. Görünür, Paşinyan həm də bu amildən ehtiyat edir. Bütün bunların fonunda, ekspertlər tərəflər arasında yaşanan ziddiyyətləri necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, tərəflər arasında ziddiyyətlərin baş verməsi gözlənilən idi: “Ermənistanın baş naziri N.Paşinyanın prezident A.Sarkisyanla nə vaxtsa toqquşacağı gözlənilən idi. Lakin bu qarşıdurmanın belə tez baş verməsi onu deməyə əsas verir ki, Ermənistanda vəziyyət bütün sahələrdə böhran həddindədir. Hakimiyyət uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur. Son Konstitusiya dəyişikliklərinə görə, prezident dövləti təmsil etsə də, onun çox məhdud səlahiyyəti var. Ölkənin daxili və xarici siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi baş nazir Paşinyan olmaqla kabinetə məxsusdur. A.Sarkisyan anlayır ki, Paşinyan hakimiyyətdə az-çox möhkəmlənsə, ona ciddi problemlər yarada bilər. Ona görə də bir qədər sərbəst fəaliyyət göstərməklə siyasi manevrlər edir. Paşinyanın sıradan çıxardığı sabiq komandanı və narazıları öz ətrafına cəmləşdirməklə həm özünü sığortalamağa, həm də müəyyən dividend qazanmağa çalışır. Ancaq Paşinyan Armenin niyyətini və planlarını anlamamış deyil. Ona görə də müxtəlif vasitələrlə onu proseslərdən kənarda saxlamağa çalışır. A.Sarkisyanın MTŞ iclasına dəvət edilməməsi də məhz bundan qaynaqlanır. Fikrimcə, bundan sonra siyasi mübarizə bir qədər də dramatikləşəcək. Reallıq ondan ibarətdir ki, hakimiyyətdaxili qruplaşmalarla probblemlər erməni baş nazirini ciddi çətinliklərlə üz-üzə qoyur. Proseslərin gedişi onu daha çətin duruma salır. Hakimiyyətdən endirilənlər isə revanşa ciddi hazırlıq görürlər”.

Vidadi ORDAHALLI

Son xəbərlər