24/03/2019 03:49
728 x 90

Mehriban Əliyevanın səfəri, Fransa hakimiyyətində Azərbaycanmeylli qüvvələrin güclənən üstünlüyü – ermənipərəst çevrə daralır...

img

Azərbaycan müstəqillik əldə etdikdən sonra ən yaxın münasibət qurduğu ölkələrdən biri də məhz Fransa olub. Fransanın bütün prezidentləri ilə Azərbaycan rəhbərliyinin yaxşı münasibətləri olub.

Məhz həmin qarşılıqlı və səmərəli əlaqələrin fonunda, Fransa rəhbərliyi ölkələrində olan güclü erməni diasporunun təzyiqlərinə məhəl qoymadan ölkəmizlə Ermənistan arasında balanslı siyasət yürüdüb. Hətta elə məqamlar olub ki, Fransanın bizə qarşı daha təəssübkeş mövqeyinin şahidi olmuşuq. Fransa ilə əlaqələrin möhkəmlənməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi xidmətlər danılmazdır. Təsadüfi deyil ki, Mehriban xanım məhz həmin xidmətlərinə görə Fransanın ən ali mükafatları ilə təltif edilib. Etiraf etməliyik ki, Emmanuel Makronun Fransanın Prezidenti seçilməsindən sonra həmin ölkənin siyasətində Azərbaycanın maraqlıarı ilə uzlaşmayan bəzi detallar nəzərə çarpmağa başladı. Bura heç də Ermənistanın imici ilə uzlaşmayan Frankofoniya adlı festivalın məhz İrəvanda keçirilməsini,  həmin festivalda iştirak edən prezidentin özündən əvvəlki xələflərinin siyasətinə uyğun olmayaraq regiona etdiyi səfər çərçivəsində yalnız Ermənistanı ziyarət etməklə kifayətlənməsini,  ATƏT-in Minsk Qrupunun üzvü və həmsədrlərindən biri olan ölkənin rəhbəri kimi münaqişə tərəfləri arasındakı balans prinsipini qorumayaraq, Bakıya səfər etməkdən imtinasını və onun bu il də Ermənistana səfər edəcəyi ilə bağlı verdiyi açıqlamanı xatırlada bilərik.

Bütün bunlara baxmayaraq, biz Fransanın hakim siyasi elitasında Azərbaycanla bağlı bir xoşməramlı cərəyanın olduğunu görürük. Biz bunu da anlayırıq ki, Fransada kimin prezident  seçilməsindən asılı olmayaraq, hakimiyyətə təsir etmək gücündə olan erməni lobbisi mövcuddur. Həmin lobbinin təsirinə düşən dairələr bəzən hökumətin kursunu da İrəvana doğru yönəltməyə çalışırlar. Amma ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya son səfərinin qrafikinə, keçirdiyi görüşlərə nəzər salmaq kifayətdir ki, həmin ölkədəki erməni lobbisinin təsir imkanlarının zəiflədiyini sezəsən. Bunun üçün xanım Əliyevanın Fransada keçirdiyi görüşlərə və əldə olunan razılaşmalara diqqət etmək lazımdır. Xatırladaq ki,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti M.Əliyevanın Fransaya səfəri çərçivəsində həmin ölkənin Baş naziri Eduard Filip ilə görüşü olub. Fransanın Baş naziri ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib  və əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Fransanın Baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirib. Ölkəmizin böyük iqtisadi potensiala malik olduğunu deyən Eduard Filip fransız şirkətlərinin Azərbaycanın neft və qeyri-neft sektorunda çalışdıqlarını deyib, bu şirkətlərin Azərbaycan bazarında daha fəal olmasının önəmini vurğulayıb.

Birinci vitse-prezident M.Əliyeva ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib, bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyən M.Əliyeva Azərbaycanda 59 fransız şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb. Azərbaycandakı iqtisadi inkişaf proseslərindən danışan M.Əliyeva ölkəmizin Dünya Bankının “Doing Business” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasında olduğunu bildirib. Azərbaycanın Birinci vitse-prezidenti bu il hökumətlərarası komissiyanın toplantısının keçirilməsinin önəmini vurğulayıb. Humanitar, mədəniyyət, elm sahələrində əməkdaşlıqdan danışarkən Mehriban Əliyeva bildirib ki, Azərbaycanda fransız dilinə və ədəbiyyatına böyük maraq var, ölkəmizin 300-dən çox məktəbində fransız dili tədris olunur. Bundan əlavə, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir.

Görüşdən sonra Birinci vitse-prezident M.Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.

Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.

Nazir Brüno Lömer Birinci vitse-prezident M.Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirib. Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer deyib ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd edib.

Sonra M.Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiətilə Parisin Orsey muzeyini ziyarət edib.

M.Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran ilə də görüşü olub.

Ən diqqətçəkən məqamlardan biri də budur ki, Birinci vitse-prezidentin Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə də görüşü olub. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Azərbaycanın Birinci vitse-prezidenti M.Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilib. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. M.Əliyevanın rəhbərliyi ilə müxtəlif dövlərlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Birinci vitse-prezident M.Əliyeva Parisdə Fransa Respublikasının sabiq prezidenti Nikola Sarkozi ilə də görüşüb.

M.Əliyeva martın 12-də Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.

Fransa Respublikasında səfəri çərçivəsində  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti M.Əliyeva işgüzar görüşlər də keçirib. “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild, Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat, “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə də fikir mübadiləsi aparılıb.

Mehriban xanımın keçirdiyi görüşlər, imzaladığı müqavilələrdən görünür ki, Fransa hakimiyyətində Azərbaycanla bağlı siyasətdə yalnız erməni lobbisinin yürütdüyü xətt nəzərə çarpmır. Eyni zamanda, ölkəmizlə münasibətlərin inkişafında maraqlı olan siyasi elitanın olduğu görünür. Hətta tam məsuliyyətilə deyə bilərik ki, bu məsələdə erməni lobbisi Azərbaycanı sevənlərə, bizimlə daha yaxından əlaqə yaratmaq istəyən hakimiyyət təmsilçilərinə uduzur.  Fransanın biznes dairələrinin də erməni lobbisinin siyasətinə dəstək vermədiyi aydın şəkildə nəzərə çarpır. Çünki onlar anlayırlar ki, belə olmayacağı təqdirdə Azərbaycanda iş qurmuş 59 Fransa şirkətinin taleyi naməlum olar. Bu pressinq Fransadakı erməni lobbisini bir qədər də dalana dirəmiş olur. Aydın şəkildə göründü ki, M.Əliyevanın Fransa səfəri ölkələrimiz arasındakı münasibətlərin bundan sonra daha uğurla inkişaf etməsi üçün ciddi zəmin yaradacaq.

Müşahidələr Fransa hakimiyyətində Ermənistanyönümlü cərəyanla yanaşı, bundan daha güclü Azərbaycanyönümlü cərəyanın da olduğunu göstərir. Görünür ki, Azərbaycanyönümlü dövlət cərəyanı rəsmi qurumlardan başqa, güclü biznes-maliyyə dairələri ilə də təmsil olunur. Bu mənada, Birinci vitse-prezident M.Əliyevanın Fransadakı görüşləri konkret nəticələrlə bərabər, bu ölkədəki Azərbaycanyönümlü hakimiyyət kəsiminin mövqeyinin daha da güclənməsinə əhəmiyyətli təsir göstərə bilər.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər