24/03/2019 03:50
728 x 90

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

img

Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində müntəzəm olaraq addımlar atılır. Xüsusilə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu sahəyə diqqət daha da artdı.

Ölkəmiz demokratik cəmiyyətin bir parçası kimi KİV-in, medianın inkişafını başlıca prioritet hesab etdi, bu istiqamətdə məqsədyönlü addımlar atdı, qanunvericilik bazası formalaşdırıldı. Məlumat üçün qeyd edək ki, məhz görülən işlər nəticəsində Azərbaycanda çoxlu sayda jurnalist təşkilatı qeydiyyatdan keçdi, onlarla təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-in informasiya əldə etmək imkanlarının genişləndirilməsi, qarşılıqlı münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olmağa başladı. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı da artdı. Hazırda çoxlu sayda mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratdı və ölkədə müasir internet şəbəkəsi formalaşdı. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyasını (2003-2012-ci illər) təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olundu. Strategiya çərçivəsində "Elektron Azərbaycan” dövlət proqramları qəbul olundu və icra edildi. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80 faizinə  yaxın hissəsini təşkil edir. İnternet provayderinin sayı isə 40-ı keçib. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalıb. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılıb. Bu gün 10 milyon əhalisi olan ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə istifadəçisi var. 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər tətbiq ediblər. Elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılıb. Bütün bu atılan addımlar, yuxarıda qeyd etdiyimiz kimi, ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə hesablanıb.

Mətbuatın cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, şübhəsiz ki, problemlərlə də bağlı öz sözünü deməlidir. Amma yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Elə ölkəmizdə demokratik təsisatların, o cümlədən, fikir, söz azadlığının, plüralizmin inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirən Azərbaycan dövlətinin və cəmiyyətin də istəyi budur.

Mətbuatın vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. Bir məqamı da qeyd edək ki, bu gün mətbuat dördüncü hakimiyyət kimi dəyərləndirilirsə, bu artıq media ictimaiyyətini üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməyə çağırır.

Bu gün medianın əsas problemlərindən biri sui-istifadə halları ilə bağlıdır. Bu problem getdikcə azalır. İndi daha çox problem "reket jurnalistika" ilə bağlıdır. Bəzi şəxslərin ayrı-ayrı media qurumları formalaşdıraraq cinayət əməlləri törətməsi ilə bağlıdır ki, burada mətbuatda söz azadlığından sui-istifadədən daha çox mətbuat və söz azadlığının altında gizlənmək istəyi və niyyəti var. Burada açıq şəkildə görünür ki, bu insanlar ictimai-siyasi müstəvidə informasiya siyasəti həyata keçirir və yaxud onların məqsədi cinayətkarlıqla məşğul olmaqdır. Əslində,  reketçiliklə məşğul olur və jurnalistika sözünün arxasında gizlənirlər. Ona görə də belələrinə qarşı hər hansı güzəşt etmək olmaz. Belələrinə qarşı hüququn dili ilə mübarizə aparmaq lazımdır.

Azərbaycanda "reket jurnalistika"ya qarşı həyata keçirilən tədbirlər – hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, o cümlədən, Azərbaycan Mətbuat Şurası tərəfindən görülən işlər müsbət nəticələr verir.

Son dövrlər reketçilik fəaliyyəti ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması qarşıya qoyulan fəaliyyətin effektivliyinə dəlalət edir. Nəticədə ayrı-ayrı vaxtlarda "jurnalistika" adı altında qanunsuz fəaliyyət göstərmək hallarının, hədə-qorxu yolu ilə kimlərdənsə pul tələb etməyə çalışanların sayı getdikcə azalır. Lakin sirr deyil ki, həyata keçirilən qarşısıalınma tədbirləri ilə "reket jurnalistika" fəaliyyətini tamamilə aradan qaldırmaq hələ ki, tam mümkün olmayıb. Qarşıya qoyulan vəzifələrin ardıcıl, sistemli şəkildə həyata keçirilməsi bu kimi halların qısa zaman ərzində aşkar olunması və təqsirkarların tutularaq istintaqa cəlb olunmasına imkan vrir. Heş şübhəsiz, bu həm də oxşar fəaliyyətlə məşğul olaraq, cəmiyyətdə bu kimi neqativ tendensiyaların yayılmasına zəmin yaradanlara xəbərdarlıq xarakteri daşıyır. Nəticədə reketçilik fəaliyyətini Azərbaycanda "leqallaşdırmağa" çalışanlar və ya ayrı-ayrı işbazların əlində əlaltıya çevrilənlər qanunsuz əməllərini həyata keçirərkən bir daha düşünməyə imkan qazanırlar. Bu fürsətdən doğru-düzgün nəticə çıxarmaq isə məsələnin bir başqa tərəfidir. Reallıq onu göstərir ki, cəmiyyətdə media orqanlarının fəaliyyətinin əsasları ilə bağlı kifayət qədər məlumatlılığın olmaması səbəbindən bəzən reketlərin hədəf olaraq seçdiyi şəxslər tələyə düşür, bu kimi halların vaxtında müəyyənləşdirilməsi mümkün olmur və nəticədə "jurnalist" adı altında vətəndaşın külli miqdarda maddi vəsaitini mənimsəyən şəxslər müvəqqəti də olsa, cinayət məsuliyyətindən yayına bilirlər. Ona görə də "reket jurnalistika” ilə mübarizədə daha effektiv nəticələrin əldə olunması üçün cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac var.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafını dövlət siyasətinin başlıca prioriteti kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Azərbaycan milli mətbuatının yaradılmasının yubileyləri münasibətilə ölkənin onlarla jurnalistini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması əhəmiyyətli addımlardır. Jurnalistlər üçün yaşayış binalarının istifadəyə verilməsi, eyni zamanda, "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir. Dövlət başçısı İlham Əliyevin bir neçə dəfə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərn dostu" mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir.

Artıq bu gün ən qatı opponentlərimizin belə etiraf etdiyi kimi, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafında xüsusi rolu olan media təmsilçiləri də daxil olmaqla, harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Bu fikri xüsusi qeyd edən dövlət başçısı cənab İlham Əliyev deyib: «Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Son xəbərlər