24/03/2019 03:51
728 x 90

Türkiyənin Rusiyadan məşhur S-400 sistemlərinin alış prosesində Azərbaycana unikal rol ayrıla bilər

img

ABŞ və Türkiyə arasında S-400 zenit-raket sistemləri ilə bağlı yaşanan qalmaqal hələ də davam edir. Vaşinqtondan gələn bütün təhdidlərə rəğmən isə Ankara bu raketləri artıq cari il ərzində alacağını bəyan edir. Türkiyənin müdafiə naziri Hulisi Akar bildirir ki, ölkə ərazisində S-400 zenit-raket sistemlərinin yerləşdirilməsi prosesi bu ilin oktyabrında başlanacaq: “Hərbi hava gücləri onların hansı regionlarda yerləşdirilməsinin daha yaxşı olduğunu oyrənir”.

ABŞ, əvvəlki kimi, Türkiyənin Rusiyadan aldığı S-400 kompleksinin təhvil tarixi yaxınlaşdıqca Ankaranı müxtəlif sanksiyalarla təhdid edir. Qeyd edək ki, bu komplekslərin çatdırılması haqqında Rusiya-Türkiyə müqaviləsi 2017-ci ildə bağlanıb. 2,5 milyard dollarlıq müqavllə çərçivəsində Türkiyəyə 4 S-400 divizionu çatdırılacaq. Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, S-400-lərin alınması qabaqcıl texnologiyaların və “F-35” qırıcıların Türkiyəyə satışının və Ankaranın “F-35” proqramında iştirakının dayandırılmasına gətirib çıxara bilər. Öz növbəsində, Türkiyə tərəfi bildirib ki, hətta “Patriot” sistemlərinin alınması halında belə, S-400-lərdən imtina etməyə hazırlaşmır, çünki bu mövzular bir-biri ilə əlaqəli deyil.

 Ekspertlər isə bildirir ki, Türkiyə Silahlı Qüvvələri S-400-ü əldə etdikdən sonra güclü bir silah sisteminə sahib olacaq. Təhvil-təslim işləri tamamlandıqdan sonra 4 fərqli bölgədə yerləşdiriləcək bu sistemlər toplamda 128 atışa hazır raketdən qurulmuş qalxan funksiyası daşıyacaq.  S-400 sayəsində Türkiyə illərdir ki, yalnız qırıcılarla təmin etdiyi hava sahəsi təhlükəsizliyini artıq çox daha asan və effektiv formada qoruyacaq. Türkiyə mediasında yayılan məlumatlara görə isə, Ankara Rusiyadan S-400 komplekslərini almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istəyir. Bunun üçün isə türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənir. Onlar Azərbaycanda, xüsusilə S-300 raketləri ilə yaxından tanış olacaqlar.
Hazırda Türkiyə Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının təlimə gedəcək 100-ə yaxın hərbçinin seçiminə başladığı bildirilir. Qeyd edək ki, Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2" kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyunun 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub. Ekspertlər bildirir ki, Türkiyədən olan hərbçilərin ölkəmizə gəlişi təsadüfi deyil. Çünki S-400-lər S-300 raketlərinin bazasında hazırlanıb. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan ordusunun istifadəsində olan "S-300 PMU2 Favorit" hava hücumundan müdafiə (HHM) sistemi bu tip silahların ən son və yeniləşdirilmiş modelidir.

Xatırladaq ki, bu sistem 27 kilometr hündürlüyə qədər, 200 kilometr uzaqlıqda yerləşən hədəfləri vurmağa qadirdir, eyni anda 36 hədəfə 3 saniyə ərzində atəş aça bilər. Sistem mobil imkanlara malik olduğundan operativ yerdəyişmə həyata keçirir və 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilir. Qurğu 300 kilometr  radiusda eyni anda 300-ə qədər hədəfi aşkar edə, silah qurğularının yerləşdiyi divizionla komanda məntəqəsi arasında 90 kilometr məsafəyədək əlaqə yaradaraq hədəfləri vura bilir. Sistem özü avtomatik olaraq hədəfləri müəyyən edir və atəş açır. Hədəflərin vurulma ehtimalı 100-də 99-dur.

Onu da bildirək ki, S-300 zenit raket sistemi radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur. İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındaır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı zenit raket sistemi  kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Bu raketlər, modifikasiyasından asılı olaraq, hədəfləri 47 kilometrdən 150 kilometrdək məsafədə vurma imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Aydındır ki, bütün bu göstəricilər fonunda ölkəmizə gələcək Türkiyə hərbçiləri çox məlumat əldə edə biləcəklər. Digər tərəfdən Türkiyə onu da nəzərə alır ki, Azərbaycan hərbçiləri  S-300 zenit raket sistemini artıq professional şəkildə idarə edir. Bu mənada, Ankara hərbçilərinin Azərbaycandan çox şey öyrənə biləcəyini də yaxşı başa düşür.

Ölkəmizdə S-300-lərin mövcud modifikasiyası isə Ermənistanı da hər zaman qorxu içində saxlayır. Cənubi Qafqaz, İran və Rusiya araşdırmaları üzrə ixtisaslaşmış ekspert Masis İngilisyan bu xüsusda bildirir: “Azərbaycan Ermənistana və cənub qonşusu İrana qarşı mürəkkəb hava hücumundan müdafiə sistemi qurub, bu sistem istənilən potensial təhdidin qarşısını almağa imkan verir. S-300-lər və İsraildən alınan digər texnika ilə mövqeyini daha da möhkəmləndirib. Ermənistan Azərbaycanın daha böyük hərbi təhdidinə qarşı ona ani üstünlük verə biləcək kartı oynamaq istəyirdi. Lakin Azərbaycan hazırda regionun əsas oyunçusu kimi kifayət qədər möhkəmlənib, həm də təkcə hərbi planda deyil, geosiyasi planda mövqelərini möhkəmləndirib. Bu, Azərbaycanın müxtəlif tipli istənilən mürəkkəb hava hədəflərini vurmağa imkan verən havadan müdafiə sistemi sayəsində baş verib”.

Nahid SALAYEV

Son xəbərlər