24/03/2019 03:46
728 x 90

Rusiya-Gürcüstan razılaşması Ermənistanın qaz problemini daha da kəskinləşdirə bilər...

“Rusiyanın xeyri olmasaydı, belə biznes əlaqəsinə girməzdi”

img

İlham Şaban: “Nəzərə almaq lazımdır ki, Ermənistan Aİİ-də, KTMT-də təmsil olunur”

 

Gürcüstan Rusiya qazının Ermənistana tranzit haqqının artırılmasına, eləcə də Rusiyadan alınan təbii qazın qiymətinin azaldılmasına nail olub. Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Natiya Turnava Gürcüstan üzərindən Ermənistana qaz nəqlinin həyata keçirilməsi ilə bağlı Rusiyanın “Qazprom” şirkətilə imzalanan yeni müqavilənin detallarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, Rusiya ilə aparılan danışıqlarda Tiflisin başlıca vəzifələrindən biri Gürcüstanın irəli sürdüyü şərtlərin təmin edilməsinə nail olmaq idi: “Biz hər iki – bizə ödənilən tranzit haqqının çoxaldılması və aldığımız rus qazının qiymətinin azaldılması üzrə mövqeyimizi yaxşılaşdırmağa nail olduq. Amma Rusiyadan alınan təbii qaz qiymətinin azaldılması özəl biznesin bu alternativə maraq göstərəcəyi hal üçün nəzərdə tutulub”.

Gürcü nazir bildirib ki, kommersiya sirri olduğundan, Rusiya ilə razılaşdırılan qiymətlər açıqlanmır. Tornava onu da qeyd edib ki, "Qazprom"la 2019-cu ildən 2020-ci ilə qədər açıq olacaq 2 illik müqavilə imzalanacaq: “Müzakirələr bizim xeyrimizə başa çatdı. Tranzit xərcləri artdı. Bunu necə bacardıq? Bunun bir neçə izahatı var. Danışıqlarda komandamız dünya neft qiymətlərinin dinamikasından yaxşı istifadə etdi. Qiymətlərdə müəyyən bir azalma var. Güzəştlər üçün biz bu amildən yaxşı istifadə etdik. Bizim bazarımızın əksəriyyəti xüsusi bir istehlakçı sektorudur. Bu sektor Azərbaycan qazı ilə təmin olunacaq. Yəni bunun üçün bir qaynaq var”.

Görünən odur ki, Ermənistana qazın ötürülməsində Rusiya ziyana gedəcək. Çünki yeni şərtlər Rusiyanın xeyrinə deyil. Nəzərə almaq lazımdır ki, 2019-cu il ərzində Ermənistan Rusiyadan 2,5 milyard kubmetr qaz alacaq. İxrac olunacaq qazın qiyməti isə bu ilin əvvəlindən 15 dollar artırılıb ki, bu da çox kiçik rəqəmdir. Əvvəl Ermənistana qazın hər min kubmetri 150 dollardan satılırdısa, bu il həmin rəqəm 165 dollar olub. Belə olan halda, Rusiyanın özünə zərər edən formada Ermənistana qaz ixrac etməkdə məqsədi nədir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban buna bir neçə kontekstdən yanaşdı: “Əvvəla Rusiyanın xeyri olmasaydı, belə biznes əlaqəsinə girməzdi. Rusiyanın 150 dollarda da xeyri var, 165 dollarda da. Nəzərə almaq lazımdır ki, bu ilin əvvəlindən Rusiya Ermənistana ixrac etdiyi qazın qiymətini artırıb. On beş dollar da olsa qiyməti artırıb. Bundan başqa, Rusiya əvvəl Ermənistana ixrac etdiyi qazın 10 faizini Gürcüstana əmtəə şəklində verirdi. Belə vəziyyət 2008-ci ildə baş verən müharibə ilə əlaqədar yaranmışdı. Bu isə Rusiya üçün sərfəli deyildi. İndi Rusiya tranzit haqqını pulla əvəz edib. Düzdür, Gürcüstan tranzit haqqını artırıb, amma bunun nə qədər olması kommersiya sirridir. Bəlli deyil tranzit haqqı nə qədər artırılıb. Gürcüstan müxalifəti iddia edir ki, Ermənistana ötürülən qazın dəyərinin 3 faizi qədərində tranzit haqqı ödənilib. Belədirsə, bu, Rusiya üçün sərfəlidir. Bu lap 5 faiz olsa belə, yenə yaxşı rəqəmdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Ermənistanda Rusiyanın hərbi bazaları var və bu ölkələr arasında müttəfiqlik münasibətləri mövcuddur. Bütün bunları Rusiya nəzərə alır. Sözügedən faktorlar da qaz məsələsində Rusiyanın Ermənistana müəyyən güzəşt etməsinə təsir göstərir. Bu gün Rusiya Belarusa Ermənistanla müqayisədə qazı daha ucuz satır. Çünki Belarus Rusiya ilə daha yaxın münasibətlərə malik olduğu üçün, qazı 127 dollara alır. Ona görə də bu amilləri nəzərdən qaçırmaq olmaz”.

Vidadi ORDAHALLI

Son xəbərlər