24/03/2019 03:49
728 x 90

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi...

img

XXI yüzillikdə - dünyanın “inteqrasiya dalğası” yaşadığı bir dövrdə Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan da istər region ölkələri, istərsə də digər dövlətlərlə dost münasibətlərin qurulması və əməkdaşlıq strategiyasının inkişaf etdirilməsi yönündə ciddi addımlar atmaqdadır.

Müstəqillikdən ötən müddət ərzində sözügedən istiqamətdə əldə edilən uğurlar - Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyü, müxtəlif təyinatlı qlobal forumlara, dünya miqyaslı idman və mədəni tədbirlərə ev sahibliyi etməsi və bu missiyaların öhdəsindən layiqincə gəlməsi nəticəsində ölkəmiz nəinki dünya çapında tanınır, hətta bir sıra qlobal, xüsusən enerji məsələlərində onun mövqeyi eşidilir.

Azərbaycanın dünyaya inteqrasiyasında əhəmiyyətli faktorlardan biri – regional üstünlük...

Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasında dayanan ən önəmli faktorlardan biri ölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq layihələr və bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir. Bakı-Tiflis-Qars dəmir yolunun açılması ilə Asiya ilə Avropanı ən optimal yükdaşıma marşrutu ilə təmin edən Azərbaycan getdikcə bu marşruta daha çox ölkənin diqqətini cəlb etməkdədir. Bunun əsas səbəbi isə həmin marşrutla yüklərin hər iki istiqamətə daha çevik və daha az maliyyə ilə həyata keçirilməsidir ki, bunda udan tərəf rolunda elə Azərbaycan özü çıxış edir. Çünki daha çox yük daha çox gəlir deməkdir. Bundan başqa, ölkəmizin təşəbbüsü və bilavasitə vasitəçiliyilə TAP, TANAP kimi tikilməkdə olan enerji marşrutları da var ki, həmin kəmərlər Azərbaycanı bir çox dövlətlərin maraq dairəsinə gətirib. Beləliklə də Azərbaycan dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.

Ümumiyyətlə, gənc ölkə olmasına rəğmən, Azərbaycanın yürütdüyü balanslı siyasət ABŞ-ın və Avropa İttifaqının da diqqətini cəlb edir. O üzdən Qərb özü də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Azərbaycanın geostrategiyasının ana xəttini təşkil edən qonşularla sıfır problem konsepsiyası isə günümüzün ən aktual problemlərindən olduğundan, aparıcı dünya dövlətlərinin diqqət mərkəzində daha çox yer almaqdadır. Hərçənd, zaman-zaman dünya dövlətlərinin bir çox hallarda Azərbaycanın ən ağrılı yeri olan təcavüzkar Ermənistana münasibətdə ikili standartlardan çıxış etdiyinin, nələrinsə və ya kimlərinsə xətrinə həqiqətdən yan keçdiklərinin şahidi oluruq. Bununla belə, Azərbaycan, hər nə qədər ikili standartlarla üzləşsə də, beynəlxalq təşkilatlarla və onların üzvü olan dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlıqda maraqlı olduğunu hər addımda göstərməkdədir.

Əslində, əsasını ötən əsrin 90-cı illərindən götürən inteqrasiya prosesinin aparıcı qayəsini Avropaya çıxış və dünya birliyi ölkələrilə bir sırada dayanma məqsədi təşkil etsə də, Azərbaycan öz siyasətində regional əməkdaşlığa da geniş üstünlük verir. Bu da başadüşüləndir, çünki Azərbaycan regionun ən böyük enerji ehtiyatlarına malik, eyni zamanda iri iqtisadi layihələrin gerçəkləşdirildiyi məkan olduğundan, qonşu ölkələrlə dinc yanaşı yaşama və əməkdaşlıq regionun, beləliklə də beynəlxalq əhəmiyyətli layihələrin təhlükəsizliyinin qarantı kimi çıxış edir. Faktdır ki, bu konsepsiyanın xarici siyasətinin ana xəttini təşkil etməsi nəticəsində müstəqil Azərbaycan dövləti yeni dünya düzənində öz layiqli yerini tutmağı bacardı. Baxmayaraq ki, özü işğala məruz qalmış ölkədir və torpaqlarının 20 faizi hələ də işğal altındadır. Azərbaycanın məruz qaldığı işğal faktı əslində aparıcı dünya dövlətləri tərəfindən də etiraf olunur və ölkəmizin dilbər guşəsi Qarabağda qurulan qondarma rejim bu günə kimi, demək olar, heç bir dövlət tərəfindən tanınmayıb. Bununla belə, yürütdüyü sülhsevər və tarazlı siyasət Azərbaycanı məsələnin hərbi yolla çözümünü ən son variant kimi nəzərdən keçirməyə sövq edir. Burada əsas olan isə regionda təhlükəsizliyin təmin edilməsi məsuliyyətinin dərk olunması və onsuz da narahat dünyamızda daha bir müharibə ocağının yaranmasına səbəb olmamaq kimi humanist bir məqsədin güdülməsidir.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirir ki, ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi üçün müxtəlif iqtisadi, siyasi, sosial, mədəni layihələr həyata keçirilir: “Biz müxtəlif təşkilatlarla, o təşkilatlara üzv olan dövlətlərlə həm zirvə toplantılarında, həm də keçirilən bütün tədbirlərdə birgə layihələr həyata keçiririk. Mədəni, sosial, humanitar və insani əlaqələr bizim üçün önəmlidir. Bu əlaqələr kifayət qədər dinamikdir, inkişaf edir və gələcəkdə də davam edəcək”.

Müstəqil Azərbaycanın qarşısındakı 3 yol və tarixi seçim...

Əli Həsənov yazır ki, müstəqillik qazanandan sonra Azərbaycanın qarşısında 3 yol var idi: SSRİ-nin tərkibində olan dövlətlərlə inteqrasiyanı davam etdirmək və yalnız postsovet məkanı sisteminə inteqrasiya olunmaq, Avropa İttifaqı, Avropa ölkələri ilə inteqrasiya xəttini seçib daha çox Qərbə - demokratik inkişaf, plüralist cəmiyyət və s. istiqamətində inkişaf etmək və Asiya, Sakit Okean hövzələrinin daha çox təmsil olunduğu Qoşulmama Hərəkatına qoşularaq müstəqil və daha neytral siyasət yürütmək. Hər 3 seçimin cəlbedici, lakin həm də problemli olduğunu deyən cənab Həsənov Azərbaycanın öz yolu ilə getməyi seçdiyini bildirir:”Bu yolun mahiyyəti Azərbaycan xalqının maraqları üzərində köklənmiş, onun mədəniyyətini, dilini, mentalitetini, milli maraqlarını təmin edən bir dövlət strukturuna malik olmaq və bu dövlət strukturunu bölgə və dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərə qoşmaqdan ibarətdir. Daha çox neytral siyasət yürüdərək, bölgədə və dünyada Azərbaycanın maraqlarını təmsil edirik”.

Azərbaycanın inteqrasiya siyasətini xarakterizə edən Əli Həsənov yazır ki, bölgədə balanslı, qarşılıqlı faydalı əməkdaşlığa söykənən partnyorluq siyasəti yürüdən Azərbaycan dövləti hazırda həm Avropa Birliyi, həm Rusiya və onun əsas partnyorlarının təmsil olunduğu Avrasiya İqtisadi Birliyi ilə, həm də Qoşulmama Hərəkatı ilə əməkdaşlıq edir və o yerdə ki onların yürütdüyü siyasət Azərbaycanın maraqlarına uyğundur, biz onlarlayıq, o yerdə ki həmin birliklərin, qurumların maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşmür, biz orada özümüzün şəxsi və dövlət maraqlarını təmin eləyən siyasət yürüdürük…

Ümumiyyətlə, yerləşmiş olduğu regionun geosiyasi, geostrateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində mühüm əhəmiyyət kəsb etməsi və yürütdüyü balanslı siyasət nəticəsində bölgənin aparıcı ölkəsinə çevrilməsi Azərbaycanın hər zaman qabaqcıl dünya dövlətlərinin baxış bucağında yer almasına səbəb olur. Azərbaycanın həm qonşuluq, həm də istər Qərb, istərsə də Şərq ölkələri ilə olan münasibətlərində yürütdüyü siyasətin ana xəttini isə özünün milli maraqlarını öndə tutmaq strategiyası təşkil edir. Belə olmasaydı, bu gün Azərbaycan dünyada hegemonluq savaşı aparan iki gücdən birini seçmək zorunda qalardı ki, nəticədə bu gün qan qoxulu cəbhələşmənin bir tərəfində durmuş olardı. Lakin Azərbaycan istər ABŞ, istərsə də Rusiya ilə münasibətlərdə elə bir tarazlaşdırılmış siyasət xətti götürdü ki, həm özünün sabitliyini və təhlükəsizliyini qoruya bildi, həm də adıçəkilən ölkələrlə istənilən sahədə əməkdaşlığını davam etdirməkdədir.

Azərbaycanın qonşuluq siyasətinin əsas qayəsi – sıfır problem...

Eyni sözləri yaxın qonşularımız olan regional ölkələrlə aparılan qonşuluq siyasəti haqqında da demək olar. Faktdır ki, artıq neçə illərdir yaxın qonşumuz İran İslam Respublikası dünya birliyinin tətbiq etdiyi beynəlxalq iqtisadi sanksiyalardan əziyyət çəkir. Onsuz da qlobal iqtisadi böhranın gətirdiyi çətinliklərin təsirini üzərində hiss edən bir ölkənin üstəlik iqtisadi sanksiyalara məruz qalmasının onun durumuna və gələcək inkişafına hansı təsirləri göstərəcəyini təsəvvür etmək çətin deyil. Bir çox ölkələrin dəstək verdiyi bu sanksiyalara, faktdır ki, Azərbaycan istər qonşuluq münasibətlərini, istərsə də humanizmi əsas gətirərək qoşulmadı. Çünki Azərbaycan Prezidenti hər zaman beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin vacibliyini önə çəkərək, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib və onun bu mövqeyi İran kimi ABŞ sanksiyaları altında əzilən ölkə tərəfindən xüsusi razılıqla qarşılanır. Bunu həmin ölkənin mediasında yer alan fikirlər də təsdiq edir. İRNA agentliyi bu xüsusda yazır:"Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin hər zaman İran əleyhinə qoyulan embarqolara qarşı olduğunu və bunu bütün beynəlxalq tədbirlərdə dilə gətirdiyini söylədi". Təbii, belə münasibətlər qonşu ölkələrdə yüksək qiymətləndirilir və gələcəkdə həmin ölkələrlə bütün sahələrdə əməkdaşlığın daha möhkəm təməllər üzərində qurulmasına və inkişafına öz töhfəsini verir. Üstəlik, bu ölkədə hələ də xatırlayırlar ki, cəmi bir neçə il öncə dünya birliyi İslam Respublikasına qarşı sözün həqiqi mənasında silahlananda İlham Əliyev Azərbaycandan bu ölkəyə qarşı platsdarm kimi istifadə olunmasına yol verilməyəcəyini birmənalı şəkildə bəyan etdi. Yüksək səviyyədə verilən bu tip bəyanatlar isə öz həqiqi qiymətini alır və ölkələr arasında istər münasibətlərin, istərsə də əməkdaşlığın daha da inkişaf etdirilməsində baza rolunu oynayır. Çünki hər bir dövlətdə dərk edirlər ki, ölkənin gələcək inkişafı onun daxili sabitliyindən və təhlükəsizliyinin qorunmasından asılıdır. Bu sabitliyin qarantı isə qonşu ölkələrlə balanslı siyasətin qurulmasından, dinc yanaşı yaşama prinsiplərinə əməl olunmasından birbaşa asılıdır. Lakin təbii, qonşu dövlətlər arasında ədavət yoxdursa, onlar bir-birinin daxili siyasətinə qarışmırsa, bu hələ məsələnin tam həlli deyil. Çünki bu halda bu dövlətlərdən birinin, tutaq ki, ərazi bütövlüyünə təhlükə yaranırsa və digər dövlət ona dəstək vermirsə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sivil qaydada onun haqq səsinə səs vermirsə bu da normal qonşuluq siyasəti sayıla bilməz. Bu mənada Azərbaycan, işğala məruz qalan dövlət kimi, məsələnin mahiyyətini daha dərindən dərk edir və qonşu dövlətlərə yönəlik haqsızlıqlara sivil qaydada etiraz etməyi bacarır desək, yəqin ki, mübaliğə sayılmaz. Elə Azərbaycanın xarici siyasət kursunda bu aspektin əsas götürülməsinin nəticəsidir ki, Xocalı soyqırımını uzun illər görməzdən gələn dövlətlər bu gün bu faciəni öz adı ilə çağırır. Bu il fevralın 26-da Xocalı soyqırımının 27-ci  ildönümü ilə bağlı kütləvi ümumxalq yürüşündə Rusiyadan böyük bir nümayəndə heyətinin iştirak etməsi, Azərbaycan Prezidentinin bu ölkənin ən populyar telekanallarından olan “Rossiya-24”ə soyqırım barədə Ermənistanı özündən çıxaran geniş ifşaedici açıqlama verməsi və bu müsahibənin nəinki Rusiyada, hətta qonşu Ukrayna və Orta Asiya ölkələrinin televiziyalarında nümayişi dediklərimizə əyani sübutdur.

Prezident İlham Əliyev çıxışlarının birində deyib ki, "Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Bütün bunlar regionda və onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir" və bu reallıqdır. Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələr reallaşdıran dövlət olaraq qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilir.

Bu gün Azərbaycanın istər beynəlxalq əməkdaşlıq sahəsində, istərsə də tranzit ölkə kimi əhəmiyyəti artıq dünya miqyasında qəbul olunur. Bunun isə praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu şübhəsizdir. Və o da şübhəsizdir ki, Azərbaycan özünün regiondakı nüfuzlu mövqeyini daim inkişaf etdirməklə qlobal inteqrasiya siyasətini bundan sonra da uğurla davam etdirəcək.

Samirə SƏFƏROVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Son xəbərlər