24/03/2019 03:50
728 x 90

Ermənistan Təhlükəsizlik Şurasının Qarabağ iclası hakimiyyəti parçaladı – Paşinyan əleyhinə Sarkisyanın komandası formalaşır

img

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistanın Təhlükəsizlik Şurasının iclasının keçirilməsi İrəvanın konfliktin həllində hələ də qeyri-konsruktiv bir mövqedə olduğunu növbəti dəfə təsdiqlədi. Eyni zamanda, bu məsələnin maraq doğuran digər tərəfi Ermənistanda hakimiyyət daxilində parçalanmanın olduğunu da açıq nümayiş etdirməsidir. Söhbət indiki halda Ermənistanın baş naziri Nikol Paşinyanla prezident Armen Sarkisyan arasında olan ziddiyyətdən gedir.  

Xatırladaq ki, Ermənistan prezidenti işğal altında olan Xankəndi şəhərində keçirilən Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.  Ermənistanın  "tert.am" portalı yazır ki, bu qərar Ermənistan ictimaiyyəti arasında çaşqınlığa səbəb olub.

Nəşr yazır ki, Ermənistanın Təhlükəsizlik Şurasının iclasının Qarabağda keçirilməsinin rəsmi səbəbi açıqlanmasa da, aydındır ki, bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatı ilə bağlıdır. Qeyd olunur ki, məhz bu məqsədlə Nikol Paşinyan, Təhlükəsizlik Şurasının üzvləri, Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan Qarabağda olub.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının üzvlüyünə baş nazir, baş nazirin müavinləri, Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, xarici işlər naziri, MTX direktoru, polis rəisi və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi daxildir. Yəni yüksək rütbəli məmurlardan Ermənistan parlamentinin spikeri və prezidenti Təhlükəsizlik Şurasının üzvü deyil. Onlar Konstitusiya dəyişikliklərindən sonra Təhlükəsizlik Şurasının üzvləri sırasına daxil olmayıb. Lakin məlum olub ki, Ermənistan baş naziri Qarabağda keçiriləcək iclasa parlament sədri Ararat Mirzoyana iştirak üçün dəvət göndərib və o da bu iclasda iştirak edib. Belə olan halda Armen Sarksyanın kənarda qalması sual doğurub. "Tert.am" portalı Ermənistan prezidentinin dəvət olunub-olunmaması ilə maraqlanıb. Onun ofisinin rəsmisi Asmik Petrosyan isə bildirib ki, Ermənistan prezidentinə belə bir dəvət gəlməyib. Düzdür, sonradan iddia olunub ki, dəvət çox gec göndərilib. "Tert.am" yazır ki, əslində, baş verənlər Paşinyanın prezidentə münasibəti və onlar arasında ziddiyyətin dərinləşməsinin göstəricisidir. Ermənistanın "Past" qəzeti qeyd edir ki, əslində, Paşinyan prezidenti devirmək niyyətindədir. Bu fonda vurğulanır ki, Armen Sarkisyan, böyük ehtimalla, Konstitusiyada nəzərdə tutulduğu kimi, 7 il müddətində öz vəzifəsində qalmayacaq: "Bizdə olan məlumata görə, baş nazir Nikol Paşinyan bu vəzifəyə də öz namizədini gətirmək istəyir. Armen Sarkisyanın cəmiyyətin əsas hissəsində böyük nüfuzu olmasına baxmayaraq, Paşinyan ölkə prezidenti postunu Serj Sarkisyanın gətirdiyi şəxsin tutması fikri ilə barışa bilmir. Mənbəmizin verdiyi məlumata görə, Armen Sarkisyanın istefa verməsi üçün baş nazir ona sərt təzyiqlər göstərir və prezidentin yeni parlament çoxluğu tərəfindən seçilməsinə dair danışıqlar aparılır".

Hadisələrin bu səpkidə inkişafı Armen Sarkisyanın da Paşinyana münasibətini sərtləşdirməsinə səbəb olub. O bu prosesdə “Qarabağ klanı”na daxil olan qüvvələrlə sıx əməkdaşlıq da edir.   Belə vəziyyətdə Ermənistan prezidentinin məsləhətçisi Tevan Poqosyan dövlət başçısının razılığı ilə ölkədə problemləri açıq şəkildə qabartmağa başlayıb. Məsələn, o, mövcud sosial-iqtisadi və digər problemlərin həllində hansısa irəliləyiş olmadığını bildirir. Bundan əvvəl isə Tevan Poqosyan erməni ordusunun təcrübəsizliyi haqqında da maraqlı bir açıqlama verimişdi: “2018-ci ilin yay çağırışından xeyli keçib. Amma yeni xidmətə başlayan əsgərlər hətta barıt qoxusu ilə tanış deyillər, onlarda hələ ki, rəqibin atəşlərinə cavab təcrübəsi yoxdur. Təcrübəsizlik həmişə qorxu doğurur. Ümid edirəm ki, bizim ordumuzda qorxunun ölçüsü üzrə çarə var, əks halda anlayırsınızmı ki, təcrübəsizliyə görə hansı vəziyyət yaranacaq?” "Past" qəzeti qeyd edir ki, Tevan Poqosyan belə açıqlamaları prezidentin razılığı olmadan verə bilməz və baş verənlər  Armen Sarkisyanın Paşinyana qarşı mövqeyini göstərir. Erməni şərhçi Aram Amatuni də vurğulayır ki, prezidentitn təmsilçisi Poqosyanın sözləri mesaj xarakteri daşıyır. Bu mesaj birbaşa Nikol Paşinyana ünvanlanıb. “Joxovurd” qəzeti isə bildirir ki, Armen Sarkisyan Paşinyana qarşı mübarizədə xarici işlər naziri Zöhrab Mnatsakanyanın da onun yanında yer alacağına ümid edir. Qeyd olunur ki, Zöhrab Mnatsakanyan hələ 1993-cü ildən Armen Sarkisyanla işləyib: “Deyilənə görə, XİN rəhbərliyinə də o məhz Sarkisyanın dəstəyi ilə gətirilib. İndi prezident nazirin onun yanında olmasını istəyir”.

Bütün bunlar onu göstərir ki, Ermənistan daxilində yeni ziddiyyətlər baş qaldırır və belə vəziyyət ölkə üçün yeni böyük problemlər vəd edir. Ümuiyyətlə, Ermənistanda baş vermiş “məxməri inqilabdan” sonra ölkədə davam edən siyasi böhran istər hakimiyyət daxilində, istərsə də ictimai-siyasi kuluarlarda bir sıra qarşıdurmaların yaşanmasına səbəb olmaqdadır. 

Tahir TAĞIYEV

Son xəbərlər