24/03/2019 03:50
728 x 90

NATO-dan qəribə bəyanat – Ermənistan dünyada sülhə həqiqətən töhfə verən olsaydı...

“Xüsusilə də işğalçı ölkəni sülhə böyük töhfə verən adlandırmaq daha üzücüdür”

img

Yeganə Hacıyeva: “... NATO-nun nüfuzuna böyük zərbə vurub” 

 

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin uğurlu həll yolu yoxdur: “Biz münaqişələrin həlli prosesinə cəlb olunmamışıq, ancaq müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülhə maraqlıdırlar. NATO-nun rəyinə əsasən, Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırırıq”.

Nə qədər qəribə olsa da, NATO rəsmisi Ermənistanın nümayiş etdirdiyi “sülhməramlı” təşəbbüsləri dəstəklədiyini bildirib. Xüsusilə də həmin ölkənin Əfqanıstandakı səylərini yüksək dəyərləndirdiyini vurğulayıb. NATO-nun yüksək rəsmisi çox böyük yanlışlığa yol verərək Ermənistanı sülhə böyük töhfə verən ölkə kimi xarakterizə edib. Əslində, NATO rəsmisi gözəl bilir ki, Ermənistan uzun müddətdir başqa ölkənin ərazisini işğal altında saxlayır. Həmin ölkənin yeni hakimiyyəti düz bir ildir danışıqlar formatının dəyişməsi kimi mümkünsüz bir məsələni ortaya atmaqla sülh danışıqlarından yayınır. Bütün bunların aydın şəkildə göründüyü halda, Appaturay niyə NATO kimi qurumun reputasiyasına xələl gətirən açıqlama ilə çıxış edir?

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, NATO-nun strateji hədəfi aydındır: “Onlar maksimum dərəcədə Rusiyaya doğru nüfuz dairələrini artırmaq istəyirlər. Bununla bağlı hətta proqramın adı da var “NATO-nun Şərqə doğru genişlənməsi” adlanan həmin layihəni Rusiya çox qıcıqla qarşılayır. Bu yöndə NATO-nun əsas hədəflərindən biri də Cənubi Qafqazda möhkəmlənməkdir. Gürcüstanla həmin istiqamətdə ciddi işlər aparılıb və həmin ölkənin Alyansa üzvlüyünə bir neçə addım yolu qalıb. Azərbaycan isə müstəqil siyasət yürüdür və Qoşulmayanlar Hərəkatının üzvü kimi NATO-ya üzv olmaq kimi öhdəlik üzərinə götürməyib. Təsadüfi deyil ki, Azərbaycan digər hərbi bloklardan da məsafə saxlayır. Ancaq Ermənistan bütün tərəflərə meyl edir. Onların NATO ilə yaxından əməkdaşlığı gülməli görünür. Çünki bir ölkənin ki, ərazisində Rusiyanın hərbi mövcudluğu var, ondan necə NATO aşiqi çıxa bilər? NATO rəsmiləri bunu bizdən də gözəl bilirlər. Sadəcə, addım-addım Ermənistanın könlünü ala-ala onunla yaxınlaşmaq yolunu tuturlar. Zəmin yaradırlar ki, mahiyyətcə sürüşkən olan həmin ölkə nə vaxtsa ruslardan qopub, onlara asanlıqla meyllənə bilsin. Ermənistanın NATO ilə əlaqələrinə ən gözəl qiyməti Ermənistanda başlayan NATO həftəsi ilə əlaqədar sualı şərh edən Almaniyanın Ermənistandakı səfiri Matias Kisler verib. O deyib ki, Ermənistanda ictimaiyyətin çox az hissəsi NATO-nun fəaliyyəti barədə məlumatlıdır. Səfir bildirib ki, yalnız mütəxəssislərin arasında müzakirələr aparılmalı deyil, həm də ictmaiyyətin bütün təbəqələrinin burada iştirakı vacibdir. Buna görə də NATO rəsmisinin Ermənistan barədə səsləndirdiyi fikirlər heç də səmimi görünmür. Xüsusilə də işğalçı ölkəni sülhə böyük töhfə verən adlandırmaq daha üzücüdür. Çox güman ki, NATO rəsmisi Ermənistanın Alyans daxilindəki sülhməramlı təşəbbüslərini nəzərə alaraq bu açıqlamanı verib. Amma bunu Dağlıq Qarabağla bağlı məsələyə münasibət bildirməklə yanaşı deyirsə, deməli, NATO-nun nüfuzuna böyük zərbə vurub. Qeyd edim ki, NATO-nun münaqişə ilə bağlı qəbul etdiyi mühüm qərarlar var. Qurumun Müdafiə və təhlükəsizlik komitəsinin suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnaməsi mövcuddur. Bu baxımdan da NATO rəsmiləri Ermənistana münasibətdə ifadələri seçərkən daha korrekt olmalıdırlar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər