24/03/2019 03:52
728 x 90

İranda nə baş verir - əvvəlcə Məşhəddə əxlaqsızlıq yuvası, sonra alkoholdan kütləvi zəhərlənmə, daha sonra...

“Düşünmək ki, bunun arxasında hansısa üçüncü qüvvənin təxribatı dayanır...”

img

Elçin Mirzəbəyli: “İlk baxışdan bizə qəribə görünür, amma bu kimi problemlər İranda var”

 

Son vaxtlar İranda spirtli içkilərdən insanların zəhərlənməsinin artması ilə bağlı məlumatlar artır. Ölkənin müxtəlif bölgələrində bu kimi xoşagəlməz hadisələr baş verir.  

Bir müddət əvvəl İranın Bukan şəhərində spirtli içkidən zəhərlənən 13 adamdan ikisi həyatını itirib. Məlumata görə, İranda son altı ay ərzində 100 adam saxta spirtli içkidən zəhərlənərək həyatını itirib. Spirtli içkinin qadağan olduğu ölkədə bir çox evdə alkohol istehsal edilir. Ölkə qanunlarına görə, spirtli içki istehsal edən, alan və satan 6 aydan 1 ilə qədər həbs edilir. Məsələ ondadır ki, İranda 1979-cu ildə islam inqilabı baş verəndən sonra alkohollu içkilərin istehsalı, satışı və istehlakı qadağan edilib.  

Bu arada İranın Kürdüstan əyalətinin Banə şəhərində əldəqayırma yolla (kustar) hazırlanmış saxta spirtli içkilər faciəyə səbəb olub. Hadisə nəticəsində 23 nəfər zəhərlənib, 1 nəfər ölüb. Son həftələrdə İranın daha bir neçə bölgəsində, o cümlədən də Meşkinşəhr, Əhər və Bukan şəhərlərində yüzlərlə insan saxta spirtli içkilərdən zəhərlənib. Bir neçə nəfər isə ölüb.

Onu da qeyd edək ki, İranda digər xoşagəlməz hallar da yaşanır. Bir ay əvvəl ölkənın şərqindəki Məşhəd şəhərində 40 masajçı polis tərəfindən saxlanıb. Belə ki, sosial-ictimai şəbəkələrdə aparılan araşdırmadan sonra bir qrup kişi və qadın masajçının reklamları müşahidə olunub. Saxlananlar 22-32 yaşlar arasında olan gənclər olub. Məlum olub ki, onlar masaj adı altında əxlaqsızlıqla məşğul olublar.

İran İslam Respulikası olduğu üçün, burada islam qanunları önəmli rola malikdir. Ölkə Konstitusiyası islam qanunlarına əsaslanır. Yəni burada qanunlar dünyəvi quruluşa malik ölkələrdən fərqlidir. Belə olan halda, sözügedən halların yaşanması, istər-istəməz, müəyyən sualların yaranmasına səbəb olur. İranda nə baş verir? Belə hallar təxribatdan qaynaqlanır, yoxsa İran cəmiyyəti ölkə qanunları ilə yaşamaq istəmir?

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə İranda belə halların baş verməsinin kökündə konkret hansı amillərin dayandığını birmənalı demək çətindir: “Düşünmək ki, bunun arxasında hansısa üçüncü qüvvənin təxribatı dayanır, bu doğru olmaz. Fikirləşmək ki, bu, müasirliklə bağlı olan məsələdir, bu da doğru olmaz. Ona görə ki, spirtli içkidən istifadə dünyəviliyin və müasirliyin göstəricisi deyil. Dünyəviliyin göstəricisi olan faktorlar başqadır. Bu, ölkənin dünyəvi qanunlarla idarə olunmasıdır, insan hüquq və azadlıqlarının təmin edilməsidir və s. İlk baxışdan bizə qəribə görünür, amma bu kimi problemlər İranda var, baxmayaraq ki, ölkə islam qanunları ilə idarə olunur. Problem ondadır ki, İranda spirtli içkilərdən və narkotiklərdən istifadə kütləvidir. Bu kimi problemlər İran cəmiyyətinə də xas olan problemlərdir. Əslində, bunun özü də ola bilsin ki, müəyyən qədər, mövcud teokratik idarəçilik sisteminə olan etirazdır. Ancaq bu etirazlar sadəcə bu kimi problemlərin timsalında özünü büruzə vermir. Bir sıra digər faktorların timsalında da özünü büruzə verir. Məsələn, İranda tez-tez baş örtüyü ilə bağlı etirazlar ortaya çıxır. Bütövlükdə, teokratik rejimin idarəçiliyinə qarşı etirazlar özünü tez-tez büruzə verir. İslamın özündə belə, insanların zorakı metodlarla bu və ya digər ayini icra etməsi yoxdur. Ancaq İran buna əməl etmir. Ona görə də müvafiq qanunlar çərçivəsində insanlara seçim azadlığı verilməlidir. Nə qədər ki, bu yoxdur, ölkədə bir sıra problemlər həll olunmamış qalacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər