24/03/2019 03:46
728 x 90

Paşinyanın uğursuz “formatdəyişmə” taktikası və Mnatsakanyanın “xərclənmək” təhlükəsi…

Baş nazirin Xankəndidə Təhlükəsizlik Şurası keçirməsinin sirri açılır, Paşinyan İlham Əliyevlə görüşə hazırlaşır…

img

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həll formatının dəyişdirilməsinin mümkünsüz olmasına dair məlum bəyanatına Ermənistanda verilən reaksiyalar prosesin bu ölkədə əsl şok effekti yaratdığını üzə çıxarır. Xatırladaq ki, həmsədrlərin bəyanatına  əsasən, münaqişə üzrə danışıqların formatı dəyişdirilə bilməz. Danışıqların əsasını isə işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir.

Belə yanaşma tərzi artıq Ermənistan üçün böyük məğlubiyyət qismində qəbul edilir. Eyni zamanda, Ermənistianda hesab edirlər ki, baş nazir Nikol Paşinyan indiyə qədər olan formata yenilik gətirməyə cəhd etməsəydi, İrəvan belə sərt zərbəyə də tuş gəlməzdi. Bu durumda etdiyi səhvlərin acı nəticələrini görən Paşinyan yeni gedişlər etməyə çalışır və onun işğal altındakı ərazilərə gəlişi, burada Ermənistan Təhlükəsizlik Şurasının iclasında iştirakı da elə bu qəbildən olan hal kimi qiymətləndirilir. Erməni mediası yazır ki, Paşinyanın gedişləri, əslində onu xilas edə bilməyəcək. Belə vəziyyətdə baş nazir özünü xilas üçün indi digər variantlar üzərində düşünür. Ermənistanın “Past” qəzeti hakimiyyət daxilindəki mənbələrinə istinadən yazır ki,   Qarabağ separatçılarının tərəf kimi danışıqlar prosesində iştirakı tələbi fiaskoya uğrasa, Paşinyan “B” planını işə salacaq.

Qeyd olunur ki, Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Xankəndiyə gəlməsi və separatçıların lideri Bako Saakyanla görüşməsinin məqsədi də gələcəkdə atıla biləcək alternativ addımlar üzərində baş sındırmaqdır. Qəzet səfərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin “Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatı dəyişdirilə bilməz” bəyanatından sonra reallaşmasını bununla əlaqələndirir: “Qarabağ məsələsi üzrə Ermənistan hökumətinin bir neçə variantı var. Lakin, xüsusən də Minsk Qrupu həmsədrlərinin son bəyanatından sonra Paşinyan “B” planı üzərində düşünməyə başlayıb. Plan isə ondan ibarətdir ki, perspektivdə Ermənistan üçün heç də yaxşı olmayan proseslər başlayarsa, Paşinyan “günah keçisi” axtaracaq və nəticədə, yürütdüyü xarici siyasətə görə məsuliyyəti xarici işlər naziri Zöhrab Mnatsakanyanın üzərinə atacaq. Belə olduqda, o, sadəcə XİN rəhbərini dəyişəcək. Bu isə bir tərəfdən vaxt udmağa, digər tərəfdən isə Qarabağ danışıqlarındakı bütün uğursuzlaqları və günah yükünü Mnatsakanyanın üstünə atmağa imkan verəcək”.

Erməni siyasi texnoloq Vigen Akopyan da bildirir ki, Paşinyanın Qarabağdakı separatçı rejimi danışıqlara tərəf kimi cəlb etmək niyyəti Ermənistanın sərt diplomatik zərbə almasına səbəb olub. Ekspertin fikrincə, yaranmış vəziyyətdə Paşinyan əvvəlki formata qayıtmağa məcburdur və bunu separatçı rejimlə də razılaşdıracaq: “Ermənistan Təhlükəsizlik Şurasının iclasının Xankəndidə keçirilməsi Nikol Paşinyana Dağlıq Qarabağın mövqeyinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə təmsil edilməsi üçün mandat verəcək. O, Əliyevlə danışıqlar zamanı Qarabağ hakimiyyəti tərəfindən müəyyən mandat əldə etmək istəyir”.

Milli Gündəlik Partiyasının həmtəsisçisi Avetik Çalabyan isə bildirir ki, Paşinyanın istənilən cəhdi əbəsdir və danışıqlar formatı məsələsində Azərbaycanın istədikləri qəbul edilir: “Bu mənada, insanların gözünə kül üfürməyi dayandırmaq lazımdır.  Minsk Qrupunun həmsədrləri bir daha “Madrid prinsipləri” əsasında Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyinə dair bəyanat yayıblar. Bəyanatın bütün tərəflərə ünvanlanmasına baxmayaraq, məntiqi olaraq bu, daha çox erməni tərəfinə aid edilib. Amma Ermənistan üçün “Madrid prinsipləri” Qarabağ münaqişəsinin nizamlanmasının hüquqi əsasını təşkil edə bilməz”.

Çalabyan qeyd edir ki, bu prinsiplər 2007-2009-cu illərdə formalaşdırılıb və həmin dövrdə münaqişənin nizamlanması üzrə qarşılıqlı güzəşt mexanizmi ilə bağlı təsəvvürləri ifadə edirdi: “Bu, əvvəlcədən də ərazilərin Azərbaycana qaytarılmasını, Qarabağın yekun statusunun müvəqqəti təxirə salınmasını, geri qayıdacaq azərbaycanlıların da nəticələrə təsir edə biləcəyi referendum yolu ilə həllini nəzərdə tuturdu. Aydındır ki, bu variant ermənilər üçün əlverişsiz mövqelərdə yeni müharibəyə gətirib çıxara bilər. Yaxud xarici qüvvələrin təsiri altında həyata keçirilən referendum vasitəsilə Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına gətirib çıxaracaq.
Ermənistanın yeni hakimiyyəti bu prinsipləri Azərbaycanın xeyrinə hazırlandığını gözəl dərk edən köhnə hakimiyyətdən miras olaraq qəbul edib. Bunun əsasında Qarabağ məsələsinin ermənilərin xeyrinə nizamlanması mümkün deyil. Bu prinsipləri dəyişə bilməyərək, həmçinin ildən-ilə zəifləmiş mövqedən çıxış edərək, keçmiş hakimiyyət möcüzə gözləməklə vaxtı uzatmağa üstünlük verirdi. Onların əli ilə möcüzənin baş verməyəcəyi aydın olduqda, əvvəlkilər “Madrid prinsipləri”ni miras olaraq yenilərə təhvil verdilər. Bu gün Ermənistanın yeni hakimiyyəti iki mürəkkəb seçim qarşısında qalıb. Aydındır ki, bu prinsiplər əsasında imzalanan istənilən müqavilə ermənilərin böyük əksəriyyəti tərəfindən qəbul edilməyəcək. Bu müqavilə onu imzalayan hakimiyyətin sonunu gətirəcək. Bunu yeni, son vaxtlar öz hərbi ritorikalı bəyanatlarını kəskinləşdirən hakimiyyətin ayrıca üzvləri çox yaxşı dərk edir. Digər tərəfdən, bu gün danışıqlardan imtina edilməsi artıq bu dəfə vasitəçi ölkələrin səssiz icazəsi və ermənilər üçün misli görünməmiş nəticələrə səbəb ola biləcək, Azərbaycanın yeni müharibə təşəbbüsünə imkan yaradacaq.
Bu gün münaqişənin həll yolu birmənalı deyil. Danışıqlar prosesində iştirak, gedişatda isə nizamlama prinsiplərinə təsir etməklə, vasitəçi ölkələrə bu prinsiplərlə münaqişənin həll olunmasının mümkünsüzlüyünü əsaslandırmaq lazımdır. Eyni zamanda, həmin vasitəçi tərəflərlə birlikdə, xüsusilə də son bir ildə kifayət qədər zərər çəkən ikitərəfli münasibətləri bərpa etmək lazımdır. Bu, yeni hakimiyyətin ən böyük səhvidir. Nəhayət, son olaraq, insanların gözünə kül üfürməyi dayandırmaq, ölkəni və bütün erməni aləmini müharibəyə hazırlamaq lazımdır. Amma nəzərə alaq ki, rəqib hərbi sahədə bizdən xeyli qabağa gedə bilib. Bir sözlə, çıxılmaz vəziyyətdir”.

Ermənistanın “Hraparak” nəşri də bildirir ki, Paşinyanın yanlış gedişləri ciddi problemlər yaradıb və Respublika Partiyasının sədr müavini Armen Aşotyanın dediyi kimi, vəziyyəti başlanğıc nöqtəsinə qaytara bilər: “Aşotyana görə, Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatı çox diqqətəlayiqdir. O bildirir ki, Nikol Paşinyanın tələskənliyindən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz səylərinə həddindən artıq inam nəticəsində təxminən bir il keçdikdən sonra Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının həyata keçirilməsinin zəruriliyini qeyd etmədən başlanğıc nöqtəsinə qayıtmaq təhlükəsi var.  Bəs hansı başlanğıc nöqtəsindən söhbət gedir? Belə başa düşmək olar ki, 1 il əvvəl vasitəçilər tərəflərə hər hansısa təkliflər verib? 1 il əvvəl Ermənistanda hakimiyyətin taleyi həll edilirdi. Serj Sarkisyan prezidentliyi tərk edir və baş nazirliyə hazırlaşırdı. Ümumi olaraq, ATƏT-in Minsk Qrupunun açıqladığı bəyanatda təsvir edilən nizamlama yolu ilə getməyə həmin dövrdə Ermənistan hazır idi?
Aşotyanın fikrincə, keçən 1 il zamanın yersiz itirilməsi idi. Ona görə ki, nizamlama konsepsiyasında heç nə dəyişməyib. Hər şey başlanğıc nöqtəsinə qayıdır. Aşotyan hesab edir ki, hakimiyyət dəyişikliyi Qarabağ məsələsinə heç bir irəliləyiş gətirməyib. O zaman belə hesab etmək olar ki, Serj Sarkisyan hakimiyyətdən imtina etməsəydi, münaqişənin həllində irəliləyişə nail olmaq olardı. Daha öncə rusiyalı ekspert Aleksandr Duqin qeyd edib ki, vasitəçilər əvvəllər əldə edilmiş razılaşmaların Nikol Paşinyan tərəfindən qəbul edilməsi üçün səy göstərməlidir. İndi görünən budur ki, Paşinyan bunlara vadar edilir və onun bundan yayınmaq cəhdi sadəcə nəticəsidir”

“Çiçəklənən Ermənistan” fraksiyasından deputat İveta Tonoyan da Qarabağ məsələsində ölkəsinin ciddi zərbə aldığını vurğulayır və elə həmsədrlərin bəyanatının erməni tərəfi üçün narahatedici olduğunu buna əyani misal qismində göstərir. Onun sözlərinə görə, bəyanatda bir sıra bəndlər narahatlıq doğurur. “Məsələn, 2016-cı ilin Sankt-Peterburq və Vyana razılaşmaları arxa plana keçir. Azərbaycanda bu bəyanatı ruh yüksəkliyi ilə qəbul ediblər, elə bu özü çox şey deyir”. Erməni əsilli amerikalı şərhçi Areq Qalstyan isə həmsədrlərin bəyanatında Dağlıq Qarabağın müvəqqəti statusunun və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasının münaqişənin nizamlanması üçün zəruri şərtlər kimi vurğulanmasını erməni tərəfi üçün böyük məğlubiyyət  sayır: “Minsk Qrupu artıq açıq şəkildə müvəqqəti statusdan danışır, bununla İrəvanın mövqeyi də alt-üst olur”.

Beləliklə, Paşinyan Azərbaycan rəhbəri ilə ilk rəsmi  görüşünə “format dəyişikliyi” tezisi alt-üst olmuş şəkildə gedir. Liderlərin ilk rəsmi görüşünün bu formatda keçirilməsi də rəsmi İrəvanın bundan sonra “format dəyişikliyi” tezisi üzərindən çıxış etməsinin önünü birdəfəlik bağlayacaq. Bu, Azərbaycanın işğalçı ölkə üzərində növbəti diplomatik qələbəsi sayılmaqla yanaşı, Paşinyanın Qarabağ məsələsində sərsəm xəyallara düşməsinin də qarşısının alınmasında mühüm rol oynamaq iqtidarındadır. Çünki Ermənistan siyasi rəhbərliyinin danışıqlar prosesini və əldə edilən razılıqları iflic etməyə çalışmasına qarşı ortaya vasitəçi ölkələr tərəfindən kifayət qədər aydın, sərt mövqe qoyulub. Bunlar, şübhəsiz ki, Ermənistana qarşı kifayət qədər ciddi təpkilərdir. Öz növbəsində isə, Azərbaycan tərəfi Paşinyana indiyə qədər daha öncə verdiyi müəyyən bəyanatların yerinə yetirilməsi, danışıqlar prosesinin irəliləməsi və Ermənistanın işğalçı mövqeyindən əl çəkməsi üçün şans verib.  Bu şansdan lazımi qaydada istifadə edə bilmədiyi təqdirdə, Paşinyan da ordumuzun gücünü görməli olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər