24/03/2019 03:46
728 x 90

ABŞ-Rusiya qarşıdurmasında Azərbaycanı daha möhkəm enerji mövqeyinə çıxaran amillər...

img

Dünyanın böyük hərbi gücləri sayılan ABŞ və Rusiya arasında gərginlik getdikcə artır. Müxtəlif bölgələrdə geosiyasi maraqları toqquşan bu ölkələr bir-birinə qarşı iqtisadi müstəvidə də problemlər yaratmağa can atırlar. 

ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan “Stratfor” araşdırma mərkəzi yazır ki, tərəflərin qarşıdurmasının qarşıdakı dövr ərzində daha da kəskinləşməsini gözləmək olar: “Kiyevdə Avromaydanın – Ukraynada başlanan, amma bütün dünyaya təsiri olan üsyanın keçməsindən beş ildən çox ötüb. Üstəlik, o, Krımın Rusiya tərəfindən ilhaqını və ardınca Ukraynanın şərqində separatçı münaqişə törədib, bu üsyan soyuq savaş dönəmindən bəri münasibətləri belə pis olmayan Rusiya və Qərbin arasına paz vurub. Bu durumda Rusiya və NATO hərbi qüdrəti artırmaqla bir-birini acıqlandırıb.

Moskva uzun çəkişmələr nəticəsində xarici siyasət strategiyasını dəyişərək, bir yandan, iqtisadiyyatı sanksiyaların sonrakı təsirindən qorumaq, o biri yandan, ticari və yatırım məhdudiyyətləri illərində əldən buraxılan imkanların yerini doldurmaq üçün başqa bölgələrlə iqtisadi bağları xeyli müxtəlifləşdirməyə çalışıb. Çin bu baxımdan Rusiyanın əsas tərəfdaşı olub: Moskva 2014-cü ildən Brüssel və Vaşinqtonla iqtisadi münasibətlər çökəndən bəri Pekinlə ticari, iqtisadi və energetik əlaqələri getdikcə daha çox inkişaf etdirməyi sürdürür. Amma Çin Rusiyanın öz strateji və energetik ehtiyaclarını ödəməyə çalışaraq hərəkətləndiyi tək yön deyil. Rusiya və Qərb arasındakı gərginlik uzanacağından  Rusiya Cənubi Asiya, Yaxın Şərq, həmçinin Afrika və Cənubi Amerikaya iqtisadiyyat və təhlükəsizlik sahələrində əlaqələri yoluna qoymaq mümkün olan bölgələr kimi yanaşır və bu qayda ilə ABŞ-ın planlarını pozur”.

Bununla yanaşı, qeyd edilir ki, belə vəziyyətdə ABŞ iqtisadi müstəvidə Rusiyaya qarşı təzyiqlərini gücləndirməyə çalışır. Bu durumda ABŞ üçün əsas hədəflərdən biri “Şimal axını-2” layihəsidir. ABŞ-ın fikrincə, Avropanı Rusiya qazından asılı edəcək “Şimal axını-2” boru kəmərinin tikintisinə mane olmaq və bununla da Rusiyanın qitə üzərində siyasi təsirinin güclənməsinin qarşısını almaq vacibdir. Bunun üçün ABŞ “Şimal axını-2” layihəsinə yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. “The Wall Street Journal” qəzetinə ABŞ prezident administrasiyasındakı rəsmilər bildirib ki, Vaşinqtonun bu addımı “Şimal axını-2” layihəsi üzrə Rusiyanın əsas tərəfdaşı olan Almaniyada “NATO üzvünə qarşı təcavüz” kimi qiymətləndiriləcək. 
Amerikalı rəsmilərin sözlərinə görə, “Şimal axını-2” layihəsinə qarşı sanksiyalar hazırda Rusiya əleyhinə qüvvədə olan məhdudlaşdırıcı tədbirlərə əlavə dəyişiklik kimi tətbiq olunacaq. Yeni sanksiyalar “Şimal axını-2” layihəsi üzrə qaz boru kəmərlərinin çəkilməsinə cavabdeh olan şirkət və investorlara qarşı yönələcək və bu, onların layihədə iştirakdan uzaqlaşdırılması məqsədi daşıyacaq.  ABŞ təhlükəsizlik xidmətinin anonim əməkdaşı isə qəzetə bildirib: “Amerika prezidenti Donald Tramp hesab edir ki, “Şimal axını-2” layihəsi ABŞ-ın Avropa üzərində tutduğu hərbi qalxanla uyğunlaşmır”. Bundan əvvəl isə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan etmişdi ki, Avropa “Şimal axını-2” layihəsinə qarşı çıxmasa, Rusiyaya qarşı yeni sanksiyalar işə düşə bilər. 

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı “Şimal axını-2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi “Qazprom” açıqlayıb ki, “Şimal axını-2” layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq. Baltikyanı ölkələr, Polşa və Ukrayna “Şimal axını-2” qaz boru kəmərinin tikintisinə qarşı çıxır. Bu ölkələr hesab edirlər ki, “Şimal axını-2” iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək. Bu durumda Avropa ölkələri arasında layihə ilə bağlı ikitirəlik də artır. Ekspertlər hesab edir ki, yaranmış vəziyyətdə Avropa digər mənbələrdən, əsas etibarı ilə də Azərbaycandan daha çox qaz almağa çalışacaq. Avropa Komissiyasının büdcə üzrə komissarı Günter Ottinger də bunu elə bu günlərdə təsdiq edib: “Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbrsizliklə gözləyirik. 2019-cu ilin sonunda “Cənub Qaz Dəhlizi“ layihəsinin qalan hissələrinin  başa çatması gözlənir. Azərbaycan qazı TANAP vasitəsilə artıq Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını gözləyirik. Avropa İttifaqı “Cənub Qaz Dəhlizi“ layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək. Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şaxələndirilməsinə imkan verəcək”.

Nahid SALAYEV

Son xəbərlər