24/03/2019 03:47
728 x 90

Azadlığa çıxan Mehman Hüseynovun radikallara qəti mesajı - məndən uzaq olun...

img

Tanınmış bloger Mehman Hüseynovun iki illik həbs müddəti başa çatdığı üçün dünən azadlığa buraxılıb. Mehman Hüseynov həbsxanadan    birbaşa evinə deyil, cəza çəkdiyi dönəmdə  dünyasını dəyişən anasının məzarını ziyarət etməyə yollanıb.

Həbsxanadan buraxıldığı gün "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirildiyi tarixə təsadüf etdiyi üçün o, mərhum jurnalistin də məzarını ziyarət edib. Yaşadığı evə gedərkən bloger, əsasən xaricdə fəaliyyət göstərən və hazırkı hakimiyyətə qarşı antoqonist mövqedə dayanan KİV-lər və blogerlərin kamerasına tuş gəlib. Mehmana öz həyətinə girməyə imkan verməyən həmin  jurnalistlərin blogerə provakasion sual vermələri onu özündən çıxarıb. Mehman  Hüseynov  onların heç bir sualına cavab verməyəcəyini deyib. Hətta verilən bəzi sualları diletant jurnalist fəaliyyətindən doğan nümunə kimi dəyərləndirib. Buna baxmayaraq, Mehmandan qaneedici cavab ala bilməyən həmin jurnalistlər səylərini davam etdirsələr də, blogerin mövqeyi qəti olub. O deyib ki, hələlik sualları cavablandırmağa hazır deyil. Barəsində son iki ay müddətində nələrin yazıldığını, hansı rəylərin ifadə olunduğunu öyrəndikdən sonra keçirəcəyi mətbuat konfransında bütün detallara aydınlıq gətirəcəyini bildirib. Mehmanı, evinin önündə qarşılayanlar arasında AXCP sədr Əli Kərimli də olub. Blogerin evinin önündən çəkilən videodan görünür ki, partiya sədri və bəzi jurnalistlərin onun evinin önündə qərar tutmaları heç də Mehman Hüseynovun  ürəyincə olmayıb. Mehman Hüseynov nə Əli Kərimlini, nə də digər şəxsləri evində masa arxasında əyləşməyə dəvət etməyib. Elə dəhlizdəcə onlara bildirib ki, heç kimə çay verməyəcək, heç bir hazırlıq gördürməyib və onun azad olunmasını bayram etmək istəyənlərə bu imkan tanınmayacaq: "Mən haqsız həbs olunmuşam, indi də azad olunmuşam, mənim həbsdən çıxmağımı niyə bayram etməliyik ki?"

Bununla da Mehman Hüseynovun həbsindən şou düzəltməyə nail olan qüvvələr, onun azad olunmasından heç bir siyasi divident qazana bilmədilər. Daha doğrusu iki illik həbs müddətində müdrükləşdiyini deyən gənc bloger onlara bu şəraiti yaratmaq istəmədi.

Videodan görünür ki, Əli Kərimli ayaqüstə cəmisi bir neçə cümlə deyir və Mehmanın evinin dəhlizindən geri dönür. Həmin çıxışda AXCP sədri Mehman üçün mitinq keçirməsini və Twitter həştəğı təşkil etməsini vurğulamağı da unutmur.

Yəqin ki, Mehman Hüseynov həftənin birinci günü  keçirməsinə söz verdiyi mətbuat konfransında bütün detallara daha ətraflı aydınlıq gətirəcək.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər