18/03/2019 18:43
728 x 90

“Ərazi müqabilində status yox, ərazi müqabilində Ermənistanın iqtisadi nicatı…”

Azərbaycan diplomatiyası münaqişənin həll prosesinin faktiki məntiqini dəyişdi…

img

Azərbaycanın hərbi, diplomatik, iqtisadi və digər istiqamətlərdə Ermənistandan dəfələrlə üstün mövqedə olması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı artıq yeni vəziyyət yaradıb. Zəif mövqedə olan Ermənistan üçün Azərbaycanın uğurlu gedişləri nəticəsində yaranan ən böyük problemlərdən biri isə beynəlxalq aləmin İrəvanın işğal siyasətini daha sərt formada pisləməsidir. Artıq birmənalı həqiqətdir ki, bütün beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ və ətraf əraziləri işğal olunmuş ərazilər sayır.

Yaranmış durumda dünya onu da qəbul edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilkin mərhələdə torpaqlar işğaldan azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Yalnız bundan sonra Ermənistanla normal münasibətlərin qurulması mümkün hala gələ bilər. Bu fonda o da diqqətçəkən məqamlardandır ki, hazırda Qarabağ danışıqlarının motivində Azərbaycanın ərazilərinin qaytarılması qarşılığında Ermənistanın iqtisadi inkişafı dayanır. Əgər bu günədək əsas şərtlərdən biri Dağlıq Qarabağın statusu idisə, indi iqtisadi amil onu üstələyir. ABŞ, Rusiya və digər dövlətlər Ermənistanın iqtisadi xilasının yolunun Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasından keçdiyini İrəvana açıq şəkildə bildirirlər. Erməni politoloq Məlik Şahnazaryan da bu xüsusda vurğulayır ki, Azərbaycan Qarabağ məsələsində beynəlxalq aləmlə işbirliyində mühüm nailiyyətlərə imza atdığı halda, Ermənistanda əks proses qeydə alınır: “Hətta son aylarda Rusiyadan daha çox yaxın saydığımız ABŞ belə bu məsələdə Azərbaycana daha yaxın mövqe nümayiş etdirir. Nikol Paşinyan artıq bir ilə yaxındır baş nazir olub, amma ABŞ rəhbəri ilə görüş təşkil edilməsi mümkün olmayıb. Baş nazirin müavini ABŞ-a səfər edir, heç bir ciddi məmur onu qəbul etmir. Ermənistan avropalı həmkarları üçün də maraqsız olub. Son zamanlar sürətlə inkişaf edən işgüzar əlaqələr qəflətən dayandırıldı. Qonşu İranla da ciddi əlaqələr yoxdur. Ermənistanın xarici siyasəti ilk növbədə baş nazirin ucbatından uğursuzluğa düçar olub. Bu hal Qarabağ məsələsində də bizim mövqeyimizi əsaslı surətdə zəiflədir. Dağlıq Qarabağ məsələsində dünya daha çox Azərbaycanın mövqeyini dəstəkləyir”.

Münaqişə ilə bağlı erməni cəmiyyətində anlaşılmazlığın hökm sürdüyünü vurğulayan Şahnazaryan qeyd edib ki, ölkədə bu xüsusda müəyyən gərginlik də var. O hesab edir ki, hakimiyyət nümayəndələrinin səsləndirdiyi fikirlər çox vaxt bir-birini təkzib etdiyinə görə, Qarabağda danışıqlar prosesində nə baş verdiyindən bixəbər olduqlarını deməyə əsas verir. Məsələn, eyni görüş barədə xarici işlər naziri Zöhrab Mnatsakanyan bir söz deyir, Paşinyan isə başqa bir söz deyir: “Belə vəziyyətdə ABŞ-ın və digər ölkələrin Azərbaycanı dəstəkləməsi tamamilə məntiqli də sayıla bilər. Con Bolton daxil olmaqla, digər ABŞ rəsmilərinin  Azərbaycan tərəfi ilə danışıqlarda Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə etməsi bundan irəli gəlir. İndi sual yaranır ki, ABŞ nədən Qarabağ məsələsini Ermənistanla deyil, yalnız Azərbaycanla müzakirə etmək istəyir?  Bunlar ondan irəli gəlir ki, ABŞ üçün maraq kəsb etməyən ölkəyə çevrilmişik”.
Ermənistan Xarici İşlər Nazirliyində də kifayət qədər geriləmə olduğunu qeyd edən Şahnazaryan bildirib ki, onun müşahidələrinə görə, baş nazirlə xarici işlər naziri bir-birini yaxşı başa düşmür.

Ermənistanda Avropa Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Artur Qazinyan da eyni mövqedən çıxış edir. O bildirir ki, Azərbaycandan fərqli olaraq, İrəvan həm ABŞ, həm də Rusiya ilə münasibətlərini xeyli pisləşdirə bilib: "Xüsusən də Suriyaya hərbçilər göndərməyimiz bizim əleyhimizə olan hala çevrildi. Bu hal Suriyaya hərbi heyət göndərilməsindən daha çox, yeni hakimiyyətin ABŞ tərəfinə verdiyi vədlərdən yayınmasına yönəldi". O qeyd edir ki, ABŞ səfirliyi Ermənistan hakimiyyətinin Suriyaya erməni hərbi heyətinin göndərilməsi barədə qərarına və faktına ciddi reaksiya verib: "ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Ermənistana etdiyi səfəri çərçivəsində Paşinyan bu qərarı onlara təqdim etsə də, dəstək almayıb. Bu tənqidlər Suriyaya hərbi heyət göndərilməsindən daha çox, yeni hakimiyyətin ABŞ tərəfinə verdiyi vədlərdən yayınmasına yönəlib. Paşinyanın, konkret olaraq, ABŞ tərəfinə hansı vədləri verdiyini demək çətindir. Lakin son ayda baş verənləri və kəskin dönüş hallarını təhlil edərək, bu vədlərin olduqca ciddi olduğunu ehtimal etmək olar. ABŞ tərəfi verilən vədlərin icrasına olduqca davamlı nəzarət edəcək. ABŞ səfirliyinin kəskin reaksiya verməsi Paşinyanın fevral ayının sonu İrana planlaşdırılan səfəri və Qarabağ münaqişəsi məsələsində “sülh müqabilində ərazilər” prinsipindən imtina eməsi ilə bağlı ola bilər.
Qarabağ məsələsində Ermənistanın yeni hakimiyyətinin toxtaqlığı Davos görüşündən sonra baş verib. Çünki bu görüş baş tutmazdan əvvəl Əliyevlə Paşinyan arasında 2, Məmmədyarovla Mnatsakayan arasında keçirilən 4 görüşdən sonra Azərbaycan tərəfi həddindən artıq optimist yanaşma nümayiş etdirirdi. İndi Paşinyanın addımları sayəsində ABŞ, Rusiya kimi ölkələr də Azərbaycana daha çox dəstək verirlər. Bunlar Azərbaycan xarici siyasəti ilə bizim xarici siyasət arasında olan fərqin ən yaxşı göstəricisidir. Bakı nümunə ola biləcək uğurlu gedişlər edir”.

Həqiqətən də Azərbaycanın xarici siyasət kursunun uğurları Qarabağ məsələsində İrəvanın mövqelərini sürətlə sarsıdır. Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun, ədalətli həlli və Ermənistan tərəfindən işğal edilən ərazilərin qeyd-şərtsiz azad edilməsi istiqamətində ölkəmizin mövqeyini dəstəkləyənlərin sayı artır. Məhz Azərbaycanın siyasi iradəsinin diktəsi ilə Ermənistan tərəfi yenidən indiyə qədər olan formatda danışıqlar masasına qayıtmağa məcbur oldu. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Ermənistana qarşı beynəlxalq tənqid və təzyiqlərin də artması aşkar müşahidə edilir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təşəbbüslərdə də Azərbaycanın haqlı mövqeyi, yəni ərazi bütövlüyünün təmin edilməsi şərti ön planda yer alır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Siyasi analitiklər hesab edirlər ki, baş verən hadisələr Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasətini daha da gücləndirib və real sonluğa bir az da yaxınlaşdırıb. Bundan narahat olan ermənilər isə günahı yeni erməni iqtidarında axtarırlar.

Məsələn, Qarabağ məsələsinə görə Ermənistanda “Daşnaksütyun” partiyası ilə baş nazir Nikol Paşinyan arasında qarşıdurma güclənir. “Daşnaksütyun” Paşinyanı ölkənin müdafiə və təhlükəsizlik problemləri ilə məşğul olmamaqda, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə yetərincə maraqlanmamaqda ittiham edib. Partiyanın xüsusi komissiyasının əlaqələndiricisi və sabiq iqtisadi inkişaf naziri Artsvik Minasyan bu fonda keçirdiyi mətbuat konfransında yeni hökumətin apardığı daxili və xarici siyasəti sərt tənqid edib. Minasyan baş naziri keçmiş prezident Levon Ter-Petrosyanın siyasi xəttinin davamçısı adlandırıb. Onun sözlərinə görə, Qarabağ problemi həll olunmadan Ermənistanın iqtisadi inkişafı mümkün olmayacaq və bu səbəbdən Paşinyan Qarabağ məsələsində Azərbaycanın istəklərinə baş əyir.

Xatırladaq ki, daha əvvəl eyni mövqedən Respublika partiyasının üzvü, erməni parlamentinin sabiq sədr müavini Eduard Şarmazanov da çıxış edib: "Ermənistanın baş naziri Nikol Paşinyan dövlətin qarşısında duran, eləcə də Qarabağ məsələsində olan çağırışlara tab gətirməyə qadir deyil, belə davam etdiyi halda yeganə çıxış yolu N.Paşinyanın istefasıdır. Azərbaycan müharibəyə hazırlaşır, Nikolun hakimiyyəti isə rəqiblərinə qarşı fəaliyyəti gücləndirir. Paşinyan cəmiyyəti inqilabçılar və əks-inqilabçılar deyə ayırır. Dövlət maraqlarımıza zərbə vuran, əvvəlkilərin hörmətdən salınması ilə bağlı bəyanatlar verir. Bölücü xətlər çəkmək və alternativ fikir dinləməmək, inqilabsayağı hərəkət tərzi bizim dövlətə baha başa gələ bilər. Hakimiyyət, həm də dövlət oyuncaq deyil ki, necə istəyirsən elə də sürəsən".

İndilikdə isə real mənzərə bundan ibarətdir ki, dünya ictimaiyyəti Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyərək İrəvana qarşı təzyiqləri artırır. Dünyada o da xüsusi diqqət mərkəzində yer alır ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu təkcə Azərbaycanın yox, bütünlükdə regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir. Bunu nəzərə alan dünya ictimaiyyəti məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllinin sürətlənməsini istəyir. Buna görədir ki, bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycan ərazilərinin ayrılmaz bir hissəsi kimi tanıyır və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir. 

Bakı isə belə hesab edir ki, münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Azərbaycan onu da bəyan edir ki, münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. Burada həm də Ermənistan əhalisi özü regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcək. Sadəcə, bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi, işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Bu reallıq fonunda Ermənistan rəhbərliyi artıq qəbul etməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Məhz Azərbaycanın diplomatik gedişləri dünya ictimaiyyətinin də məsələyə belə prizmadan yanaşmasına səbəb olub.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər