18/03/2019 18:36
728 x 90

Rusiya ilə soyuqlaşan Paşinyandan ABŞ-a iki “mazol zərbəsi” – Suriya və İran...

img

Cənubi Qafqazda kifayət qədər fəal siyasətə başlayan ABŞ Gürcüstandan sonra Ermənistanda da mövqelərini gücləndirməkdə maraqlıdır. Elə bu səbəbdən ABŞ Ermənistanda məlum hakimiyyət dəyişikliyinin baş tutmasında kifayət qədər aktiv rol oynadı. Amma belə görünür ki, Ermənistanda məhz ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan Vaşinqtonun bölgədə geosiyasi maraqlarına qarşı getməyə başlayıb. Bu hal İrəvanın İranla münasibətlərini gücləndirməsi fonunda özünü daha aydın göstərir. ABŞ Ermənistanı İranla əlaqələrdən çəkindirməyə dair çoxsaylı çağrışlar etsə də, Ermənistanda tamam fərqli əhval-ruhiyyə hökm sürür.

Ermənistan baş naziri Nikol Paşinyan qeyd edir ki, kənardan edilən çağırışlara rəğmən, bu gün İrəvanla İran arasında münasibətlər yüksək səviyyədədir: “Biz İranla qarşılıqlı inama əsaslanan yüksək səviyyəli münasibətlərimizi qoruyub saxlayacağıq. Bu münasibətlərdə biz üçüncü tərəfə ziyan vuran prosesin iştirakçısı olmayacağıq”. Halbuki, keçən ilin oktyabrında Ermənistana səfəri zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan hökumətindən İranla əlaqələri dayandırmağı tələb edib, əks təqdirdə onu sanksiyaların gözlədiyini bəyan edib.

Bundan başqa, İrəvanın Suriyaya ordu göndərməsi də ciddi narazlıqla qarşılanır. Xatırladaq ki, fevralın 8-də minadan təmizləmə, həkim və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət, ümumi sayı 83 nəfər olan qrup Suriyanın Hələb şəhərinə göndərilib.
ABŞ Dövlət Departamenti artıq buna sərt reaksiya verib. Qurum bu xüsusda bəyan edib: “Biz Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasını dəstəkləmirik”. Qeyd olunub ki, ABŞ Yaxın Şərqdə dini azlıqların müdafiəsi ilə bağlı narahatlığı anlayışla qarşılayır: “Ancaq humanitar yardımın mülki və ya hərbi xarakterindən asılı olmayaraq, biz Suriya Silahlı Qüvvələri ilə istənilən əməkdaşlığı dəstəkləmirik. Biz bu istiqamətdə Rusiya ilə Ermənistan arasındakı əməkdaşlığı da dəstəkləmirik. Rusiya dinc sakinləri qətlə yetirən, bununla da humanitar faciənin yaranmasına səbəb olan Bəşər Əsəd rejimi ilə əmıəkdaşlıq edir. Rusiya geniş miqyasda Əsəd rejimini və onun zülmünü müdafiə edir”.

Son dövrlər ABŞ-ın himayəsinə sığındığı bildirilən və Paşinyan üçün ciddi problemə çevrilməkdə olan "Sasna Tsrer" partiyası da bu xüsusda maraqlı mövqe sərgiləyir. Qurum, xüsusilə müdafiə naziri Davit Tonoyanın məsələ ilə bağlı mövqeyindən çox narazı qalıb. Nazir  bəyan edib ki, Suriyada Ermənistanın humanitar missiyası qanunun tələblərinə müvafiq şəkildə yerinə yetirilir. Həmçinin, o qeyd edib ki, hərbi əməliyyatlarda iştirak edilməsi kimi zəruri məqam yaranarsa, əlbəttə, Ermənistan qanunun tələblərinə uyğun olaraq bunu edəcək: “Əlbəttə, eyni zamanda bu məsələdə qərar qəbul edərkən parlamentdən kənar qüvvələrlə əməkdaşlıq edilməsi sahəsində iş aparılacaq”.  "Sasna Tsrer" partiyası isə Tonoyanın Suriya ilə bağlı açıqlamalarına cavab olaraq yaydığı bəyanatında bildirib: "Rusiya Federasiyasının himayəsi altında Suriyada bu kimi təhlükəli müharibə səhnəsində Ermənistan silahlı qüvvələrinin iştirakı qəbuledilməzdir". Bəyanatda həmçinin deyilir ki, motivləri olmadan Tonoyanın bəyanatı hərbi siyasi və geosiyasi baxımdan Ermənistan respublikası və erməni xalqı üçün bütün təhlükəsizlik sərhədlərini keçir: "Humanitar adı altında Suriyaya göndərilən hərbi heyət, nazirin dediyinə görə, faktiki olaraq istənilən an hərbi əməliyyatlara cəlb edilə bilər. Bununla da həm Ermənistan daxilində, həm də ondan kənarda erməni xalqının təhlükəsizliyini və həyat əhəmiyyətli maraqlarını təhlükəyə atmış olur.  Rusiya Federasiyasının himayəsi altında Suriyada bu kimi təhlükəli müharibə səhnəsində Ermənistan silahlı qüvvələrinin iştirakı qəbuledilməzdir. "Sasna Tsrer", Ermənistan respublikasını və xaricdəki bütün sağlam düşüncəli qüvvələri vahid iradə nümayiş etdirərək, mümkün ola biləcək təhlükəli inkişaf proseslərinin qarşısını almağa çağırır".

Erməni ekspert  Suren Sarkisyan isə bildirir ki, İrəvanın İran və Suriya məsələsində ABŞ-ın ziddinə getməsi Ermənistana baha başa gələ bilər. O, elə "Sasna Tsrer" vasitəsilə ABŞ-ın ciddi problemlər yarada biləcəyini vurğulayır. Erməni-Amerika münasibətlərinin indiki durumuna toxunan ekspert bildirib ki, bu münasibətlər Ermənistana İran və Rusiyanın təsirləri səbəbindən çox yaxşı ola bilməz. Rusiyalı hərbi ekspert Pavel Felgenhauer də eyni mövqeni bölüşür: "Hazırda amerikalıları Ermənistan yox, İran və Suriya maraqlandırır. İran Ermənistan üçün çox vacib ticarət tərəfdaşıdır. Ermənistan onunla münasibətlərini pisləşdirə bilməz. Amerikalıları indiki halda maraqlandıran yalnız İran və Suriyadır. Onlar İranın blokadada olmasında və Ermənistanın İrandan uzaqlaşmasında maraqlıdır. Bu çox çətin situasiyadır. Böyük ehtimalla, Rusiya bu siyasətə qarşı olacaq, ona görə ki, Moskva amerikalıların növbəti dəfə onun təsir zonasına daxil olmaq istədiyini düşünür. Məncə, Ermənistan hökuməti bu məsələni hansı yolla həll edəcəyini bilmir. Onların Suriyaya hərbçilər göndərməsi isə ABŞ-ı daha çox qıcıqlandırır". Ekspert bu səbəbdən ABŞ-ın İrəvana qarşı təzyiq rıçaqlarını işə salacağını istisna etmir.

Tahir TAĞIYEV

Son xəbərlər