18/03/2019 18:40
728 x 90

83 nəfərlik Suriya humanitar missiyası Ermənistan - ABŞ münasibətlərində bomba kimi partladı…

“Bu, Ermənistanın aşkar şəkildə ikili oyun oynamağa çalışdığını göstərir”

img

Nəzakət Məmmədova: “İstisna deyil ki, onu buna Ermənistan Müdafiə Nazirliyindəki rusiyapərəst güclər təhrik edib”

 

ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların İrəvandakı səfirliyi vasitəsilə Ermənistanın Suriyaya humanitar yardım göndərməsi məsələsinə münasibət bildirib: “Biz Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasını dəstəkləmirik”.

Qeyd olunub ki, ABŞ Yaxın Şərqdə dini azlıqların müdafiəsi ilə bağlı narahatlığı anlayışla qarşılayır: “Ancaq humanitar yardımın mülki və ya hərbi xarakterindən asılı olmayaraq, biz Suriya Silahlı Qüvvələri ilə istənilən əməkdaşlığı dəstəkləmirik. Biz bu istiqamətdə Rusiya ilə Ermənistan arasındakı əməkdaşlığı da dəstəkləmirik. Rusiya dinc sakinləri qətlə yetirən, bununla da humanitar faciənin yaranmasına səbəb olan Bəşər Əsəd rejimi ilə əməkdaşlıq edir. Rusiya geniş miqyasda Əsəd rejimini və onun zülmünü müdafiə edir”.

Qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib.

ABŞ-ın bu məsələdə Ermənistanı kəskin tənqid etməsini necə dəyərləndirmək olar?

Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın hakimiyyətə gəlməsindən sonra ABŞ və Ermənistan arasında gərginlik yaradan ən əsas amil Ermənistanın Suriyada humanitar missiyada iştirak etməsi olub: “Hətta ötən ilin sentyabr ayında BMT Baş Assambleyasının toplantısında Trampın Paşinyanla görüşməkdən imtina etməsi səbəblərindən biri də bu amil göstərilirdi. Paşinyan sentyabrda Putinlə görüşdən sonra Suriyaya humanitar kontingent göndərmək qərarı vermişdi. O bu missiyanı Rusiyanın hərbi kontingenti daxilində planlaşdırırdı. Müdafiə naziri Davit Tonoyan da bəyan etmişdi ki, Suriyaya 100 nəfərlik heyət göndərəcəklər.

Paşinyan sentyabrın 8-də Moskvaya səfəri zamanı ölkəsinin Suriyada humanitar missiyada iştirakı təklifini irəli sürmüşdü və Putinlə bu barədə razılaşmışdılar. Paşinyanın bu addımı ABŞ-da narazılıq yaratmışdı. Baxmayaraq ki, Paşinyanın ABŞ-dan icazəsiz bunu etməsi inandırıcı deyildi. Amerika humanitar missiya adı altında 100 nəfərlik Ermənistan hərbçisinin Suriyaya getməsinə razılıq verməklə, əslində, Suriyadakı Rusiya-Türkiyə-İran missiyasının içərisinə öz etibarlı agentlərini də yerləşdirmiş ola bilərdi”.

Politoloq hesab edir ki, Ermənistandakı ABŞ laboratoriyasına Rusiya mütəxəssislərinin buraxılması da səbəblərdən biri kimi göstərilsə də, yenə də burada amerikalılardan icazənin alınmadığı ehtimalı inandırıcı deyil: “Tramp-Paşinyan görüşünün baş tutması üçün ABŞ Konqresinin bəzi üzvləri və Amerikanın Ermənistandakı səfiri Riçard Mills lobbiçilik edirdi. Digər yandan isə iyunda Prezident Armen Sərkisyan da Vaşinqtonda olarkən Trampla görüşə bilmədi. Onu ancaq dövlət katibi Pompeo qəbul etdi. Daxili siyasətdə siyasi və iqtisadi qeyri-sabitlik, rəqiblərlə haqq-hesab çəkmə, xarici siyasətdə vahid xəttin olmaması, qeyri-sabitlik Paşinyana olan inamı azaldıb. ABŞ proseslərin sonrakı gedişatını gözləyir və hələ ki, Trampla Paşinyanın görüşünə tələsmir. Fövqəldövlətin başçısının protokoluna daxil olmaq, onunla audensiyaya nail olmaq Paşinyan üçün son dərəcə vacibdir. Lakin Trampın bu görüşə ehtiyacı yoxdur və o hələ ki, Rusiyanın hüquqi müttəfiqi sayılan ölkənin başçısına etimad göstərməyə tələsmir”.

Nəzakət Məmmədovanın sözlərinə görə, sentyabr ayının 8-də Paşinyanın Putinlə görüşündən 5 ay sonra Ermənistanın ikinci qrup humanutar missiyanı Suriyaya göndərməsi təbii ki, ABŞ-ı narazı salmalıdır: “Bu, Ermənistanın aşkar şəkildə ikili oyun oynamağa çalışdığını göstərir. Əgər bu, Paşinyanın iradəsi daxilində baş veribsə, onun iki böyük dövlətlə oyun apardığına sübutdur. Lakin istisna deyil ki, onu buna Ermənistan Müdafiə Nazirliyindəki rusiyapərəst güclər təhrik edib. Hər bir halda, o, dövlət başçısı kimi məsuliyyət daşıyır. Nəzərə alsaq ki, fevralın 27-də o, İrana gedəcək, İran səfəri ərəfəsində Suriyada Əsədlə müttəfiq Rusiya missiyasına qatılmaq Ermənistanın növbəti hiylələrindən biridir. Hazırda Ermənistan üzərində ABŞ, Rusiya, Avropa Birliyi, İran arasında nüfuz savaşı gedir.

Paşinyanın bir-birini təkzib edən çıxışlarının, ziddiyyətli qərarlar qəbul etməsinin əsas səbəbi də budur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər