18/03/2019 18:43
728 x 90

Prezident Azərbaycanın xarici siyasət konsepsiyası barədə prinsipial yanlışlığa düzəliş etdi...

“Bu siyasətin əsası mərhum Heydər Əliyev tərəfindən qoyulub, hazırda da İlham Əliyev tərəfindən uğurla davam etdirilir”

img

Qabil Hüseynli: “Biz kiminsə maraqlarına uyğun olaraq manevrlər etməmişik ki, balans axtaraq”

 

Prezident İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib ki, milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Dövlət başçısı bildirib ki, bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır: “Bu belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan risqləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq.

Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq”.

Göründüyü kimi, İlham Əliyev Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət kursu ilə bağlı indiyədək edilən yanlış təqdimatlara düzəliş edib. Ölkə başçısının balanslı siyasətlə bağlı verdiyi izahatı necə dəyərləndirmək olar?

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bunu yanlış anlamaq lazım deyil: “Prezident bu məsələyə olduqca düzgün yanaşıb. İstənilən dövlət öz siyasətində milli maraqları ön plana çəkməlidir. Lazım gələndə siyasətə əyyar verərək, bəlli bir istiqamətə yönləndirir. Bu mənada, dünyanın müxtəlif güclərinin Azərbaycana münasibətini nəzərə alaraq və eyni zamanda,  Azərbaycan dövlətinin maraqlarını ön plana qoyaraq siyasət yürüdürük. Bu siyasətin əsası  mərhum Heydər Əliyev tərəfindən qoyulub, hazırda da İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tarazlı siyasət məsələsinə gəldikdə, Azərbaycan Qoşulmama Hərəkatında təmsil olunur. Bəli, biz, eyni zamanda, çoxvektorlu siyasət yürütməyə çalışırıq. Milli maraqlarımız diqtə edəndə həmin çoxvektorlu siyasət müxtəlif istiqamətlərə yönləndirilir. Bir daha xatırladıram ki, bu xarici siyasət kursunun əsası çoxdan qoyulub və həmin kompasa uyğun şəkildə hərəkətə davam edirik. İndiyə kimi bizim milli maraqlarımız xarici siyasətimizdə etalon olub. Yəni biz kiminsə maraqlarına uyğun olaraq manevrlər etməmişik ki, balans axtaraq. Hansı manevrlər olubsa, bunu bizim dövlət maraqlarımız tələb edib. Bəziləri bunu tam başqa istiqamətə yozmağa çalışır ki, guya Azərbaycan indiyə qədər olan xarici siyasət kursundan imtina edir. Tamamilə yanlış mövqedir. Sadəcə, ölkə başçısı bunun düzgün diplomatik izahını verib”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər