23/02/2019 05:41
728 x 90

Azərbaycanın 2019-cu ildə Qarabağ məsələsində gözlədiyini Ermənistan sadəcə etməyə məcburdur

img

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cari il ərzində müəyyən irəliləyişlərin olmasına hələ də böyük ümidlə yanaşan Azərbaycan bunun üçün artıq Ermənistanın konkret addımlar atmasını gözləyir. Məhz elə bu səbəbdən Bakı güc yoluna əl atmağa tələsmir. Hazırkı şəraitdə Ermənistandan tələb olunan əsas məqam isə bunun əvəzində artıq Dağlıq Qarabağ münaqişəsinin çözümü üçün əməli tədbirlərə start verməsidir.

Məsələyə növbəti dəfə münasibət bildirən  xarici işlər naziri Elmar Məmmədyarov da vurğulayır ki, Azərbaycan 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir: “Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunmalıdır. Təəssüf ki, uzun illər aparılmış danışıqlar heç bir nəticə verməyib. Amma Ermənistanda bir müddət əvvəl baş vermiş hadisələr, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla dörd görüşüm danışıqlar prosesinin irəliləməsi üçün müəyyən əsaslar yaradıb”.

E.Məmmədyarov onu da vurğulayıb ki, Azərbaycan danışıqlar xatirinə danışıqların yox, ciddi nəticələrin tərəfdarıdır və bu, ölkənin prinsipial mövqeyidir: “Ümid edirik ki, bu il erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin nizamlanmasında irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması ilk növbədə Ermənistanın özünün iqtisadi inkişafı üçün imkanlar yaradır”. Beləliklə, Bakı bu fonda gözləyir ki, cari il ərzində Dağlıq Qarabağ konfliktinin çözümü ilə bağlı müəyyən addımlar atılacaq. Ermənistanın mövcud hakimiyyətinin bu istiqamətdə analoji siyasət yürütməsi isə həm bu ölkənin özü, həm də bütövlükdə regionda təhlükəsizliyin, sülhün bərqərar olması üçün vacib əhəmiyyət kəsb edəcək.

Məsələnin maraqlı tərəflərindən biri də budur ki, verdiyi açıqlamalarla baş nazir Nikol Paşinyan hələ də konstruktiv mövqeyə yaxın olmadığını göstərir. Amma Ermənistanda belə hesab edilir ki, əslində, Nikol Paşinyan bilərəkdən belə mövqe sərgiləyir və onun Azərbaycanla uzlaşmaqdan başqa çarəsi yoxdur. Erməni mediası isə yaxın tezlikdə Paşinyanın bu xüsusda ölkəni təəccübləndirə biləcəyini də istisna etmir. Erməni politoloq Stepan Safaryan bu xüsusda bildirir: “Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidentinin görüşləri təsadüfi baş vermir və Qarabağ məsələsinin həllinə hazırlıq xarakteri daşıyır. Özü də Azərbaycanın istəkləri çərçivəsində”. Onun sözlərinə görə, görüşlər danışıqların yenidən başlanması üçün vacib ünsiyyətdir: “ƏIiyev-Paşinyan görüşünə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə hazırlıq kontekstindən yanaşmaq lazımdır”.

 “Akunk” siyasi təhlil mərkəzinin direktoru, erməni parlamentinin sabiq deputatı Ruben Akopyan da məsələyə eyni prizmadan yanaşır. O hesab edir ki, Nikol Paşinyan Azərbaycan Prezidenti ilə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ haqqında müəyyən razılığa gəlib.  Onun sözlərinə görə, ölkə rəhbərlərinin bu xüsusda dərhal bəyanat verməməsi ilə razıdır: “Xarici siyasət sahəsi kölgəli sahədir. Nə danışıblar, o barədə dərhal bəyanat verməli olduqlarını düşünmürəm. Azərbaycan tərəfinin təmamilə məlumatlı olması, söhbətin nədən getdiyini bilməsi başqa məsələdir. Məlumatlar var ki, hələ Davosda görüş zamanı müəyyən razılıqlar olub. Hörmətli Paşinyan, məsləhətləri dinləmək pis deyil. Elə vəziyyətlər yarana bilər ki, ona yalnız siz yox, biz və bizim dövlətimiz məsuliyyət daşıya bilər. Xalqları sülhə hazırlaşdırmaq deyərkən başa düşürsən ki, hansısa bir proses başlayıb?”.
Sabiq erməni deputat qeyd edib ki, sülh pis şey deyil, insanlar bir-biri ilə dinc şəraitdə yaşamalıdır, problem bu barədə kimin və nə danışdığını bilməkdir: “Proses başlayıb, xalq sülh prosesini qəbul etməyə hazır olmalıdır. Bu gedişdə, təəssüf ki, Azərbaycan qazandı. Hesab edirəm ki, yerinə yetirilməyəcək razılaşmalara görə Paşinyanın hesabat vermə zamanı gəlib. Məsələnin öz maraqlarına zidd olduğunu hiss etdikdə Azərbaycan heç vaxt razı olmayıb. İlham Əliyev heç zaman Qarabağ əhalisinin öz müstəqillik hüququnu həyata keçirə biləcəyini, ağızucu da olsa, deməyib. Elə indi də danışıqların əsasını erməni qoşunlarının işğal edilmiş ərazilərdən necə çıxarılacağını əks etdirən yol xəritəsi təşkil edir”.

Hər halda, erməni ekspertlərinin səsləndirdiyi bu fikirlərdən belə bəlli olur ki, Paşinyan reallıqda Qarabağ məsələsi ilə bağlı gedişlər edə bilər. Bununla Qarabağ konfliktinin çözümü istiqamətində yaranan yeni vəziyyət həm də Ermənistanın sonrakı inkişafı üçün vacib əhəmiyyət kəsb edir. Çünki indiyə qədər Ermənistanın danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarıb. Eləcə də Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanda vəziyyəti ötən dövr ərzində daha da çətinləşdirib, miqrasiya, sosial-iqtisadi və digər yeni problemlər yaradıb. Artıq düşmən tərəf özü də etiraf edir ki,  Ermənistanın bugünkü ağır vəziyyətinin başlıca səbəbi münaqişənin həll edilməmiş qalmasıdır. Münaqişə dövründə Ermənistanın iqtisadi-siyasi iflası dərinləşdikcə, Azərbaycanın regional dominantlığı daha da güclənib.

Azərbaycan münaqişə dövründə balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində iqtisadi,  siyasi gücünü artırmaqla regionun lider dövlətinə çevrilib. Istər regional, istərsə də beynəlxalq əhəmiyyətli layihələrin əsas iştirakçısına çevrilərək, bölgənin vəziyyətini öz xeyrinə dəyişməyə nail olub. Ən əsası isə, bu gün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Belə bir şəraitdə İrəvanın Qarabağ siyasətini davam etdirmək cəhdi, sadəcə, Ermənistanın özünə ziyan vurur. Bunu Paşinyan iqtidarı da aydın sezir.  Rusiyalı politoloq Vitali Arkov bildirir ki, bu reallığı nəzərə alması İrəvanın özü üçün indi böyük əhəmiyyət kəsb edir. O, burada Ermənistanın Rusiya amilini də nəzər almasının vaciblyini vurğulayır: “Bakı getdikcə güclənir, İrəvanda isə əks vəziyyətdir. Təkcə Rusiya ilə münasibətlər kontekstində bunu aydın görmək olar. Bəli, bu gün Rusiya ilə Ermənistan arasında müəyyən gərginlik var. Bu, Ermənistanın yeni rəhbərliyinin sözdə rusiyameylli, reallıqda isə qərbyönümlü siyasətə üstünlük verməsilə bağlıdır. Bu mövqe əslində gözləniləndir, çünki Nikol Paşinyanın hakimiyyətə gəlməsi, şübhəsiz, okeanın o tayında tərtib edilən və müxtəlif ölkələrdə sınaqdan keçirilən ssenari üzrə baş tutub. Yeni komanda əsas etibarilə ABŞ-ın xüsusi xidmət orqanlarında təlim görmüş və ya orada çalışmış şəxslərdən ibarətdir. Lakin əvvəllər Gürcüstanda, Moldovada, Ukraynada baş verən oxşar hadisələrdə də gördüyümüz kimi, belə hadisələrin arxasında duran ABŞ və ümumiyyətlə, Qərb gücləri postsovet məkanında nəzarətə götürdükləri ölkələrin həqiqi inkişafında maraqlı deyil, onları, sadəcə, öz müstəmləkələrinə çevirərək rəqiblərinə təzyiq aləti kimi istifadə edirlər. Ermənistanın isə bu mənada Rusiya və İrana qarşı təzyiq vasitəsi olaraq düşünüldüyünü söyləmək olar. İndidən Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasını çıxarmaq, ABŞ-ın İrana qarşı əməliyyatları üçün meydan yaratmaq çağırışları səslənir. Halbuki, bu fonda nəzərə çarpan odur ki,  Azərbaycan Rusiya üçün strateji tərəfdaş olub və qalır. İki ölkənin münasibətləri istər ikitərəfli formatda, istərsə də Xəzər regionundakı əməkdaşlıq, enerji layihələri, Avrasiyada yeni nəqliyyat dəhlizləri, beynəlxalq terrorçuluq kimi müxtəlif beynəlxalq əməkdaşlıq formatları çərçivəsində güclənərək davamlı şəkildə genişlənir”. Ekspert vurğulayır ki, bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərəcək: ”Son vaxtlaradək üstün olan rəyə əsasən, Rusiya həm Ermənistanı öz peyk dövləti olaraq saxlamaq, həm də regionda Türkiyənin nüfuzunun artmasına yol verməmək üçün Qarabağdakı status-kvoda maraqlıdır. Lakin elə əvvəllər də bu məsələ birmənalı olmayıb, indi isə Kremlin Cənubi Qafqaz, Yaxın Şərq siyasətində mənafe və maraqları qat-qat artdığı üçün artıq aktuallığını itirib. Aktuallığını itirməyən məsələ isə Moskvanın Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll etməkdə maraqlı olmasıdır. Sərhədlərinin yaxınlığında, həssas bölgədə daha bir hərbi münaqişə Rusiyanın maraqlarına cavab vermir. Əksinə, belə bir münaqişəni qızışdırmaqda okeanın o tayındakı həmin strateqlər maraqlı görünür, çünki onlar Avrasiyanın bu regionunu da xaos girdabına salaraq bütün yerli oyunçuları zəiflətmək istəyirlər”. Ekspert qeyd edir ki, Bakı yaranmış vəziyyətdən məharətlə istifadə edir və bu vəziyyətdə zəif Ermənistan üçün ən yaxşı yol Qarabağ münaqişəsinin dinc müstəvidə həlli məqsədilə müvafiq addımlar atılmasıdır. Əks təqdirdə hərb variantı elə bu il işə düşə bilər. Erməni tərəfinə də aydındır ki, Azərbaycan Qarabağ müharibəsi başlayacağı təqdirdə tam hərbi üstünlüyə malikdir. Özü də torpaqlarının 20 faizi işğal altında olan ölkə olaraq Azərbaycan hərbi gücünü ilbəil artırmaqda davam edir. Ermənilər özləri də etiraf edir ki, erməni hərbi birləşmələri Azərbaycanın aldığı müasir silahlar qarşısında acizdir.

Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, münaqişənin həll olunmaması və İrəvanın bu münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar prosesini süni şəkildə uzatması regional inkişafı əngəlləyir, təcavüzkar ölkənin özünün inkişafını iflic edir. Belə olan halda Ermənistanın münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılıq verməsi bu ölkənin özünün mövcudluğunu davam etdirməsi üçün zəruri şərtə çevrilir və bunu yeni erməni iqtidarı da yaxşı görür.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər