17/02/2019 20:50
728 x 90

Azərbaycanda sosial şəbəkələrə girişi məhdudlaşdırmaq təklifləri kəskin etirazla qarşılanır…

img

Tural Abbaslı: “Qadağa ilə problemi həll etmək mümkün deyil”
Azad İsazadə: “Onu qadağan edib, bağlamaq yox, sadəcə, qanun çərçivəsində idarə etmək lazımdır”

 

Son vaxtlar sosial şəbəkələrin bağlanması ilə bağlı fikirlər səslənməyə başlayıb. Maraqlıdır ki, bu qəbildən olan fikirləri biz millət vəkilləri, bəzi dövlət rəsmiləri və ictimaiyyət nümayəndələrinin dilindən eşidirik.

Bununla bağlı müxtəlif arqumentlər gətirilir. Hətta öz milli sosial şəbəkəmizi yaratmaq kimi təkliflər də səsləndirilir. Əksər ekspert bildirir ki, milli sosial şəbəkəyə sahib olmaq olduqca bahalı prosesdir. Misal kimi Rusiyanın “VKontakte”, “Odnoklassnik” kimi şəbəkələri göstərilərək bildirilir ki, onlar “Facebook” və “Twitter”lə rəqabət apara bilməyiblər. Müasir texnologiyalardan minimum anlayışı olan adamlar bilirlər ki, qadağaları bu texnologiyalara tətbiq etmək mümkün deyil. Bu gün İran, Çin kimi dövlətlərdə bu qadağalar rəsmi olaraq tətbiq olunsa belə, orada olan milyonlarla insan sosial şəbəkələrdən istifadə edir. Ümumiyyətlə, sosial şəbəkələrdən imtina və ya onların bağlanması ilə bağlı edilən təkliflərə necə yanaşmaq olar?

AĞ Partiya sədri Tural Abbaslı hesab edir ki, bu tip açıqlamalar onu irəli sürənlərin siyasi yanaşmasının, elmi biliklərinin durumunu, bugünkü dünyanın sosial vəziyyəti ilə bağlı anlayışsız olduqlarını göstərir: “Bu daha tragikomik vəziyyətdir, nəinki sosial şəbəkədə kiminsə tənqid olunması. Biri gəlir həkimə, deyir başım ağrıyır. Həkim deyir başını kəs, ağrımasın. Bu təkliflər  eynən buna bənzəyir. Başağrısına görə baş kəsirlər. TV kanallarda normal debatlar keçirilsə, tənqidə icazə verilsə, sosial şəbəkələrə maraq azalar. Qadağa ilə problemi həll etmək mümkün deyil”.

Psixoloq Azad İsazadə isə hesab edir ki, sosial şəbəkələrə qadağa qoymağa ehtiyac yoxdur: "Sosial şəbəkə 21-ci əsrin reallığıdır. 17-18-ci əsrlərdə kitab idi, indi isə sosial şəbəkə, internet öndədir. Kitabın özü pis deyil. Söhbət yalnız onun müəllifindən gedir. Kimsə yaxşı kitab, kimsə də pis kitab yaza bilər. Hitler də kitab yazıb, məşhur klassiklər də. Deməli, problem kitabda yox, onu yazan və oxuyanlardadır. Sosial şəbəkə də bu cürdür. Orada yaxşı və pis məlumatlar yayılır. Lap sosial şəbəkələri bağlasaq da, heç nə dəyişməyəcək. Birincisi, bu, texniki baxımdan qeyri-realdır. İnsanlar ən çox avtomobil qəzalarında ölür. İndi maşınları qadağan edək? Problem maşında yox, onu idarə edəndədir. Sosial şəbəkənin tərkibində doğrudan da çoxlu mənfi məlumat var. Lakin burada, eyni zamanda, müsbət informasiyalar da çoxdur. Onu qadağan edib, bağlamaq yox, sadəcə, qanun çərçivəsində idarə etmək lazımdır. Mənfi tərəfləri ilə bağlı sosial şəbəkələrə, saytlara filtr qoyulmalıdır. Yalnız bu formada sosial şəbəkələri qanun çərçivəsində idarə etmək mümkündür. Qadağan etmək, bağlamaq isə çıxış yolu deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər