17/02/2019 20:54
728 x 90

Paşinyan bir əlini İrana, o birini ABŞ-a uzatmaqdan yorulmadı...

“Paşinyanın ABŞ-la münasibətlərin inkişafı siyasətilə birgə İranla əməkdaşlığı Vaşinqtonda müsbət qarşılanmayacaq”

img

Məhəmməd Əsədullazadə: “Onun İran sevdası iqtisadi imtiyazlara əsaslanır”

 

Ermənistanın baş nazir Nikol Paşinyan islam inqilabının qələbəsinin 40 illiyi münasibətilə İran Prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

Məktubun məzmunundan da görünür ki, Paşinyan aşırı təriflərə yer verib: “İslam inqilabının qələbəsinin 40-cı ildönümü münasibətilə Sizi və dost İran xalqını ürəkdən təbrik edirəm. Əminəm ki, İran İslam Respublikası inkişaf yolunu davam etdirəcək, yeni uğurlar və nailiyyətlər qazanacaq. Ümidvaram ki, İrana gələcək səfərim zamanı biz müxtəlif sahələrdə ikitərəfli, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etmək imkanı əldə edəcəyik”.

İrana qarşı Birləşmiş Ştatların münasibətinin son illər əhəmiyyətli dərəcədə kəskinləşdiyi bir dövrdə Paşinyanın bu cür təbriklərlə çıxış etməsi anlaşılan deyil. Ona görə ki, hakimiyyətə gələndən sonra daha çox Qərbə reveranslar edən Paşinyanın bu cür məktub ünvanlaması ABŞ-ı şantaj etmək təsiri bağışlayır.

Nəzərə almaq lazımdır ki, ABŞ Prezidenti Donald Tramp İran inqilabını “Tvitter” səhifəsində fars dilində tənqid edib: “40 il korrupsiya, 40 il repressiya, 40 il terror. İran rejimi 40 ildə yalnız müvəffəqiyyətsizlik yaradıb. Bu qədər uzun müddət əziyyət çəkən İran xalqı daha işıqlı gələcəyə layiqdir”. Tramp daha sonra statusunu ingilis dilində yazıb.

Belə olan halda, Paşinyanın məlum bəlağətli təbriklə çıxış etməsi nə deməkdir? Paşinyan bununla İrandan nə istəyir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-la münasibətlərin inkişafı siyasətilə birgə İranla əməkdaşlığı Vaşinqtonda müsbət qarşılanmayacaq. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton dəfələrlə Paşinyana İranla bağlı xəbərdarlıq edib. Göründüyü kimi, Paşinyan ABŞ-ın siyasətinə qarşı gedərək İranla əməkdaşlığı genişləndirəcək. Hesab edirəm ki, Ruhaniyə Paşinyanın məktubu İrandan ucuz qaz almasına hesablanıb. Sirr deyil ki, İran Qarabağ siyasətində Ermənistana pərdəarxası dəstək verir. Rəsmi səviyyədə bunu inkar etsə də, hazırda işğalıçı Ermənistanı hər vəchlə dəstəkləyir. Hesab edirəm ki, ABŞ İrəvanın İrana yaxınlaşmaq siyasətinə qarşı ciddi təzyiqlər edəcək. Biz görürük ki, Paşinyanın İran sevdası iqtisadi imtiyazlara əsaslanır. Ancaq İranın iqtisadi sanksiyalar içərisində çabalaması heç də işğalçıya ciddi dəstək verməsinə gətirib çıxarmayacaq. Paşinyan bununla Rusiya və İrana yaxınlaşmaqla öz hakimiyyətini qorumağı hesablayıb və Qərbin təzyiqlərini önünə alır. Bundan sonra Ermənistan üçün heç də uğurlu iqtisadi günlər olmayacaq. Ölkədə işsizlik və sosial problemlər dərinləşəcək. Ona görə də İrana qarşı bu mülayim siyasət iqtisadi məqsəd daşıyır”.

Vidadi ORDAHALLI

Son xəbərlər