23/02/2019 05:44
728 x 90

Azərbaycan parlamentində yaşlılar məsələsi, cavanlaşma perspektivi və ən optimal yanaşma…

“Elə adam var ki, 25 yaşı olar, amma heç nəyə yaramaz”

img

Sahib Məmmədov: “Qanunverici orqanda kimin hansı yaşda olması yox, kimin nə qədər faydalı olması maraqlı olmalıdır”

 

Dünən KİV-lərdə yayılan bir statistika sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Həmin statistikada Azərbaycan Milli Məclisinin V çağırış deputatlarının ən yaşlı üzvləri ilə bağlı məlumat verilirdi. Siyahıya nəzər yetirdikdə məlum olur ki, deputatların 42-nin yaşı 65 və 65-dən yuxarıdır. Parlamentin ən yaşlı üzvləri Zeynəb Xanlarova, Ağacan Abıyev, Fəttah Heydərov və Yaqub Mahmudovdur. Z.Xanlarovanın 83, A.Abıyevin 82, F.Heydərovun 81, Y.Mahmudovun isə 80 yaşı var.

Bu il Ziyad Səmədzadənin 79, Elxan Süleymanovun 79, Arif Rəhimzadənin 78, Xanhüseyn Kazımlının 77, Eldar İbrahimovun 74, Rafiq Məmmədhəsənovun 74, Hüseynbala Mirələmovun 74, Valeh Ələsgərovun 73, Mixail Zabelinin 73, Əliağa Hüseynovun 73, Vahid Əhmədovun 72, Madər Musayevin 72, Fəzail Ağamalının 72, Flora Qasımovanın 72, Hadi Rəcəblinin 72, Tahir Süleymanovun 71, Yevda Abramovun 71, Mahir Aslanovun 70, İsa Həbibbəylinin 70, Şəmsəddin Hacıyevin 69, Mirkazım Kazımovun 69,  Tahir Rzayevin 69, Elman Məmmədovun 69, Rasim Musabəyovun 68, Bəxtiyar Sadıqovun 68, Fəzail İbrahimlinin 68, Araz Əlizadənin 68, Eldar Quliyevin 68, Cavanşir Paşazadənin 66, Asim Mollazadənin 66, Elmira Axundovanın 66, Aqil Abbasın 66, Əli Məsimlinin 66, Gövhər Baxşəliyevanın 65, Sabir Hacıyevin 65, Rafael Hüseynovun 65, Mirzəcan Xəlilovun 65 yaşı tamam olur.

Deputatların əksəriyyətinin yaşının çox olmasından şikayətlənən bəzi sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, bu amil parlamentin funksional fəaliyyətinə mənfi təsir edir. Eyni zamnda, bildirilir ki, yaşlı deputatların cavanlara nisbətən iş əmsalları da aşağı olur. Ancaq bu qənaəti bölüşməyənlər də var. Onlar qeyd edirlər ki, parlamentin tərkibinin çox cavanlaşması da olmaz. Bu da təcrübəsizliyə səbəb olar ki, qanunların qəbulunda ciddi fəsadlarla üzləşərik. Bütün bu müzakirələrlə bağlı ekspertlər nə düşünürlər, parlamentin tərkibinin hansı həddə cavanlaşmasına zərurət var?

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələyə bir qədər də qanunvericiliyin tələbləri prizmasından yanaşmaq lazımdır: “Görürsünüzmü, deputat olmaq üçün yuxarı yaş senzi qoyulmur, amma aşağı var. Britaniyanın “Lordlar” deyilən bir palatası var. Orada yaşı 100-ü keçən də var. Yaşlılara qarşı belə aqressiv münasibəti alqışlamıram. İnsanları şəxsi keyfiyyətlərinə görə qiymətləndirmək lazımdır. Elə adam var ki, 25 yaşı olar, amma heç nəyə yaramaz. Eləsi də olar ki, 80-dan artıq yaşı olar, lakin dövlət və cəmiyyət üçün ciddi fayda verə bilər. Bu cür yanaşma həm də gizli diskriminasiyaya səbəb olur.  Ahıllara qarşı diskriminasiyanı biz bütün cəmiyyətlərdə hiss edirik. Bizdə də bu yöndə olan yazıları görəndə həmin əlamətləri sezirəm. Yaşlı adamın qabiliyyəti, potensialı varsa, cəmiyyətə töhfə verə bilirsə, niyə deputat olmamalıdır? Yox, faydasızdırsa, onda niyə seçilib? Ona görə də qanunverici orqanda kimin hansı yaşda olması yox, kimin nə qədər faydalı olması maraqlı olmalıdır. Dünyanın heç bir parlamentində yuxarı yaş senzi qoyulmur. Dövlət qulluğunda işləmək üçün insana mütləq mənada ali təhsil lazımdır. İstəyir 7-ci kateqoriya dövlət qulluğu olsun, orada da ali təhsil önəmlidir. Amma parlamentdə belə bir tələb yoxdur. Niyə? Çünki həmin adamı inzibati qaydada təyin etmirlər, onu xalq seçir. Əgər xalq 100 yaşında adamı seçib parlamentə göndərirsə, deməli, buna dözümlü yanaşmalıyıq. Axı söhbət seçkili orqandan gedir. İnsanın qanunvericiliklə müəyyən olunmuş qaydada parlamentə seçilmək imkanı varsa, onun yaşına kimsə irad bildirə bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər