Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
17/02/2019 20:50
728 x 90

KİVDF internet medianı da maliyyələşdirmək gücündə və təcrübəsindədir...

“Bu heç də o demək deyil ki, KİVDF mediaya dəstəyini dayandırır”

img

Azər Həsrət: “Onlayn medianın daha da güclənib inkişaf etdirilməsi üçün maliyyə dəstəyi veriləcək”

 

Məlum olduğu kimi, neçə ildir Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu çap mətbuatının maliyyələşdirilməsini həyata keçirir. Bununla yanaşı, artıq KİVDF qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirib.

Sözügedən məsələ ilə bağlı qurum tərəfindən bir sıra parametrlər müəyyən edilib. Belə ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbi qoyulub. Necə deyərlər, bu sahəyə yeni yanaşma tərzi ortadadır. KİVDF-nin maliyyələşmə şərtlərində dəyişikliklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda, keyfiyyət məsələsi də mühüm əhəmiyyət kəsb edir.

O da məlumdur ki, müvafiq tələblərə cavab verən mətbuat orqanları KİVDF-dən maliyyə yardımı alacaq və fəaliyyətlərini davam etdirəcəklər. Cavab verməyənlər isə maliyyə yardımı ala bilməyəcəklər. Ancaq bütün bunlar o demək deyil ki, həmin mətbuat orqanları tamamilə fəaliyyət göstərməyəcəklər. Məsələ ondadır ki, elektron formada fəaliyyət göstərən media vasitələrinə yardım davam etdiriləcək. Yəni sözügedən istiqamətdə KİVDF indiyə qədərki maliyyələşdirməni əlavə formada davam etdirəcək.

Mətbuat Şurası idarə heyətinin son müzakirələri, media cameəsindəki üstün rəy deməyə əsas verir ki, KİVDF-nin ilkin mərhələdə çap versiyası dayanmış qəzetlərin saytlarını prioritet olaraq maliyyələşdirməsi, ümumiyyətlə, elektron medianı maliyyələşdirmək mexanizmini tətbiq etməsi daha realdır. Əlbəttə, bunun üçün lazımi maliyyə vəsaiti və sırf internet media resurslarının texnoloji xüsusiyyətlərinə cavab verən maliyyələşmə şərtlərinin hazırlanması başqa bir zəruri məsələdir. Ancaq müşahidə və təhlillər KİVDF-nin internet medianı da maliyyələşdirmək üçün yetərli təcrübəyə malik olduğunu söyləməyə imkan verir.

O baxımdan bunu media ekspertləri necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət bütün bunlara müsbət prizmadan yanaşdı. Onun fikrincə, bu o demək deyil ki, KİVDF mediaya dəstəyi azaldır: “Əvvəla Azərbaycan dövləti ölkə mətbuatının və bütövlükdə, medianın ayaqda durması üçün öz dəstəyini əsirgəməyib. Bu dəstək müxtəlif mərhələlərdə, müxtəlif formalarda özünü göstərib. Artıq 10 ilə yaxındır ki, KİVDF mətbuatın maliyyələşdirilməsində iştirak edir. Yəni dövlət büdcəsindən bununla bağlı maliyyə ayrılır və müəyyən şərtlər əsasında vəsait qəzetlərə verilir. Dövlət dəstəyi hesabına uzun müddət qəzetlər çap olunublar, maddi-texniki bazalarını möhkəmləndiriblər, eyni zamanda, cəmiyyəti narahat edən və bəzən diqqətdən kənar qalan məsələlərlə bağlı geniş təbliğat işində iştirak edirlər. İndi artıq yeni mərhələ başlayıb. Azərbaycanda da, dünyanın hər tərəfində olduğu kimi, onlayn media mərhələsi başlayıb. Belə olan halda, təbii ki, KİVDF-nin yanaşması dəyişməli idi. O baxımdan, qəzetlərin maliyyələşdirilməsi ilə bağlı yeni şərtlər, qaydalar açıqlanıb. Qaydalara uyğun olaraq da qəzetlərə maliyyə yardımı davam etdiriləcək. Ancaq bu maliyyənin daha çox onlayn mediaya ayrılması üzərində iş gedir. Əlbəttə, bu heç də o demək deyil ki, KİVDF mediaya dəstəyini dayandırır. Əksinə, Azərbaycan dövləti mediadan daha səmərəli istifadə etmək üçün bu dəstəyin tətbiq olunmasının tərəfdarıdır. Yəni dövlət elə bir şəkildə o maliyyə dəstəyini vermək istəyir ki, onun effekti əvvəlki illərdən daha çox olsun. Bu baxımdan, tirajı və satışı yüksək olan qəzetlərə maliyyə yardımının edilməsi davam etdiriləcək. Həmçinin, onlayn medianın daha da güclənib inkişaf etdirilməsi üçün maliyyə dəstəyi veriləcək. Düşünürəm ki, jurnalistlərimiz və bütövlükdə, Azərbaycan mediası bundan qazanacaq. İtirən, demək olar, heç kim olmayacaq. Sadəcə olaraq, yeni texnologiyalardan istifadə bir qədər də təşviq edilmiş olacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər