17/02/2019 20:54
728 x 90

“Təl-Əviv və Hayfanı yer üzündən siləcəyik”, “Bu, İranın son bayramı olacaq”…

ABŞ-İsrail-İran üçbucağında qorxunc savaş başlanır

img

ABŞ-İsrail-İran üçbucağında gərginləşən vəziyyət daha sürətlə tərəfləri müharibə həddinə yaxınlaşdırmaqdadır. Artıq tərəflər özləri də bir-birini açıq şəkildə savaşla hədələyir. Bu hal  İslam inqilabının 40-cı ildönümünü qeyd edən İran rəsmilərinin verdiyi açıqlamalardan sonra özünü daha qabarıq şəkildə büruzə verir.

Burada ABŞ və İsraili narahat edən ilk məsələ İranın raket proqramını inkişaf etdircəyini bildirməsidir. İran pezidenti Həsən Ruhani bu xüsusda bildirib: “Düşmən ölkələrin artan təzyiqlərinə baxmayaraq, İran özünün hərbi gücünü və ballistik raket proqramını genişləndirməkdə qərarlıdır. Biz müxtəlif növ raketlərimizi inkişaf etdirmək üçün indiyədək heç kəsdən icazə almamışıq və bundan sonra da almayacağıq. Biz öz yolumuzu və hərbi gücümüzü artırmağa davam edəcəyik”.

Digər məqam isə İranın ABŞ və İsraili təhdid etməsi ilə bağlıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən olan Yadulla Cavani İRNA agentliyinə verdiyi açıqlamada bildirib: “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik”.  Xatırladaq ki, İslam inqilabının 40-cı ildönümünü qeyd edən İran ABŞ-dan da İsrailə bənzər reaksiyanı görüb. İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani də İsraili hədələyib: "İsrail Suriyadakı hədəflərə hava hücumlarını davam etdirərsə, İran ona sərt və cəzalandırıcı cavab verəcək. Bu hücumlar davam edərsə, İsrailin kriminal və yalançı rəhbərlərinə dərs keçmək üçün biz cəzalandırıcı, sərt və müvafiq cavab kimi bəzi hesablanmış tədbirləri işə salacağıq”.

Bütün bunlar fonunda ABŞ prezidenti Donald Tramp İrana qarşı sərt ifadələr işlədib. O, İran hökumətinin yalnız uğursuzluq əldə etdiyini yazıb: “40 illik qanunsuzluq, təzyiq və terror. İrandakı rejim sadəcə 40 illik uğursuzluq istehsal etdi. İran xalqı isə daha parlaq gələcəyə layiqdir”. Onun milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton isə İranı açıq şəkildə təhdid edib. Bolton videomesaj vasitəsilə İran rejiminin xalqını və bölgədəki ölkələri terrorizmə doğru çəkdiyini deyib: “İran dünyanın hər yerindəki insanların gözünü qorxutmaq üçün hələ də nüvə silahı əldə etmək arxasınca qaçır. İran Suriya, İraq, Yəməndə terrorizmin ana maliyyə qaynağıdır. Bəlkə də ən pisi İran xalqının ciddi sıxıntı içində olması, işsizlik səviyyəsinin rekord səviyyəyə çıxması, infilyasiyanın tarixin ən böyük səviyyəsinə çatmasıdır. Bundan sonra bayram edəcək çox ildönümünüzün qaldığını sanmıram”.

İsrailin baş naziri Benyamin Netanyahu isə İrandan gələn “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” açıqlamasına təhdidlə reaksiya verib. Netanyahu bildirib ki, İran buna cəhd edərsə, bu onların qeyd etdiyi son inqilab bayramı ola bilər: “İrandan gələn təhdidləri gözardı etmirik. Qorxmuruq da. Əgər bu rejim Təl-Əviv və Hayfanı yox etməyi sınamaq xətası buraxarsa, ki, bunu bacarmaz, bu onların son bayramı ola bilər. Bunu da nəzərə almalıdırlar”.

Baş verənlərlə bağlı Rusiyanın ”Nezavisimaya gazeta” mətbu orqanı yazır ki, tərəflər bu gedişlə özlərini müharibəyə daha sürətlə yazınlaşdırır: ”İran modernləşdirilmiş “ağıllı döyüş başlıqlı” ballistik raketləri təqdim edib və raketlər İsrail və Fars körfəzi ölkələrinin ərazisinə çatmağa qadirdir. Ekspert mühitində diqqət yetirirlər ki, Tehran son dövrlərdə öz raketlərinin dəqiqliyinin yaxşılaşdırılması üzrə iş aparır. İsrail belə dir durumu təhlükəli sayır. Modernləşdirmə Tehranın özünün qabaqkı “Khoramshahr” raketlərini “ağıllı” döyüş başlıqları ilə təchiz etməsi sayəsində baş verib: birinci nəsil hələ 2017-də təqdim olunub. Yaxşılaşdırılmış versiya 2 ton ağırlığında  döyüş başlığına tab gətirə bilər. Onun hərəkət radiusu 2 min kilometrlə məhdudlaşır, amma müşahidəçilər deyir ki, raket uzağa da uçmağa qabildir. Çalışmanın alındığı haqda məlumat “Hoveyzeh” adlı uzaqmənzilli qanadlı raketin anonsundan bir gün sonra gəlib. İran hərbi rəhbərliyinin sözlərinə görə, o, tez bir zamanda silahlanmaya daxil olacaq. İslam Respublikasının müdafiə naziri Əmir Hatəmi Tehranda çıxış edərək bildirib: “Huveyze” raketinin uçuş mənzili 1350 kilometrdən çoxdur və bu, yerüstü hədəflərə tuşlanmaq üçün yaxşıdır”.

Amma burası da var ki, İsrail rəhbərliyi İranın raket proqramını müdafiə xarakterli saymağa meylli deyil. İsrail baş naziri Benyamin Netanyahu İslam Respublikasının bu sahədəki uğurlarını şərh edərək bildirib ki, yəhudi dövləti İranın Yaxın Şərqdəki siyasətinə qarşı durmağa üsul seçimində, çətin ki, ayaq saxlasın: “Biz sərəncamımızda olan bütün mümkün üsullardan istifadə edərək İrana qarşı fəaliyyəti sürdürəcəyik. Mənim Tehrandakı tiranlara aydın ismarıcım var: sizin nə etdiyinizi və harada etdiyinizi bilirik”.

Netanyahu diqqəti buna yönəldib ki, İranda İslam inqilabının 40 illiyini qeyd edir və bununla bağlı “yeni raketlə qürrələnməyə” çalışırlar. Baş nazir eyham vurub – amma yəhudi dövlətini qorxutmaq çətindir. Hərbi ekspert Yuri Lyamin deyir: “İran öz raketlərinin dəqiqliyinin yaxşılaşdırılması üzrə son illərdə olduqca fəal iş aparır.  Hətta ballistik raketlərin köhnə tipləri də bu iş çərçivəsində modernləşmədən keçir və ayrılan, yönəldilən yeni başlıq hissə əldə edir. Amma indiki halda söhbət sıradakından gedir: belə ayrılan, yönəldilən başlıq hissəni indi ilk dəfə 2017-də təqdim edilmiş yeni ortamənzilli “Khoramshahr” ballistik raketi üçün yaradıblar. Bu raket bəyan edilən 2 min kilometr mənzilə malikdir, belə ki, Səudiyyə Ərəbistanı və İsrailin istənilən nöqtəsinə çatar. Ola bilsin, son buraxılış sınağında dekabrın başlanğıcında ABŞ-ın diqqətini belə cəlb edən “Khoramshahr” raketinin məhz bu variantını sınaqdan keçiriblər”.

İsrailin ekspert mühitində qeyd edirlər ki, İranın iddiaları təkcə Yaxın Şərq üçün təhlükə ifadə etmir. İsrail politoloqu Ariel Bulşteyn deyir:  “İran təkcə İsrail üçün deyil, həm də bölgənin qalan ölkələrinə və hətta bölgədən qıraqda olanlara – Avropa dövlətləri və Rusiya üçün təhlükəli və destruktiv gücə çevrilir.  İran rejimində yüksəkdəqiqlikli döyüş başlıqlı raketlərin bu kontekstdə meydana çıxması təkcə İsraildə təşviş doğurmamalıdır – özəlliklə də İranın bunların öz ərazisindən tətbiq ediləcəyi halda, əlbəttə ki, qisas aktının gələcəyini anlayaraq belə raketləri öz ərazisində yerləşdirməyə cəhd etmədiyi bir vaxtda. İran rəhbərliyi belə bir cavab almamaq üçün belə raketləri ona vassal rejim görünən Suriya torpağında yerləşdirməyə çalışır”.

Analitik Tehranın bununla bağlı hərəkətini Suriya torpağından savaş qızışdırmağa gerçək cəhd adlandırır: “İsraildə mümkün olan hər şeyi etməyə çalışırlar ki, bu növ hücum silahının Suriya ərazisində yerləşdirilməsinə yol verilməsin.  Əlbəttə, bu, İsrailin bütün hərbi imkanlarını işə salır, amma birinci növbədə diplomatiyaya vurğu etmək təklif olunur”. Hesab olunur ki, İsrailin Suriya ərazisində İran obyektlərinə hücumu tərəflər arasında savaşın istənilən an başlanmasına rəvac verə bilər.

Tahir TAĞIYEV

Son xəbərlər