23/02/2019 05:41
728 x 90

Mətbuat Şurasının İdarə Heyəti KİV-in yeni maliyyələşmə şərtləri ilə bağlı yaranmış durumu geniş müzakirə etdi - FOTO

img

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib.

KİV-in dövlət tərəfindən maliyyələşməsi şərtlərinin dəyişməsindən sonra yaranmış yeni durum geniş müzakirə edilib.

İclasda öncə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib. İH üzvləri bildiriblər ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni yanaşma tərzidir. Buna adekvat fəaliyyət göstərən qəzetlər olacaq, lakin bir çox kütləvi informasiya vasitələri indidən nəşrlərini dayandırdıqlarını bəyan ediblər. Mövcud durumdan çıxmaq üçün yollar tapılmalıdır.

Bu xüsusda media bazarının genişləndirilməsi üzərində dayanılıb. Bildirilib ki, əvvəllər də olduğu kimi, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdığı digər yerlərdə satışı təşkil olunmalı, o cümlədən səyyar satış bərpa olunmalıdır. Elə mühit yaradılmalıdır ki, hazırkı durumda dövlət dəstəyindən faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə buna imkan əldə etmələrinə şərait yaransın. Belə olduqda onlarda fəaliyyət üçün stimul yaranacaq. Bu isə öz növbəsində rəqabət formalaşdıracaq.

KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. İH üzvləri mövcud məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəməz. Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və bu yol dünyanın bir çox qabaqcıl ölkələrində gedilir. Nəticə etibarilə dünya miqyasında tiraj və yayım sahəsində əvvəlki illərdə mövcud olmuş geriliyin aradan qaldırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır. 

İclasda internet media resurslarının maliyyələşməsi məsələ üzərində dayanılıb. Bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən yayımlanan media vasitələri ilə formalaşır. Bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-in maliyyələşməsidir. Qeyd olunub ki, bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması müəyyənləşdirilməməmiş qalır. İclasda bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, MŞ mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media ilə bağlı ayrıca qanunun olması da şərtdir.  

İclasda vurğulanıb ki, dünyanın bir çox ölkələrində qəzet kağızı əlavə dəyər vergisindən azad edilib. Azərbaycanda isə bununla bağlı ziddiyyətli durum var və ƏDV tətbiq edilir. ƏDV-nin tətbiqi dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirmir. Ancaq medianın durumuna mənfi təsir göstərir.

İclasda KİV-lərin reklam gəlirləri məsələsinə də toxunulub. Bildirilib ki, indiki durumda onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət elan və sosial reklamlarının KİV-də cəmləşməsinə nail olmaq vacibdir. Bir sıra dövlət qurumları büdcələrində reklam üçün nəzərdə tutulan vəsaiti yalnız özlərinin təsis etdikləri media orqanlarına yönləndirməklə kifayətlənirlər.

İH üzvləri son günlər dövlətin mediya dəstək siyasətinə zidd təmayüllərlə bağlı da fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətdə olduğu 10 ildə kifayət qədər mühüm tədbirlər gerçəkləşdirib. Qurumun «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»na uyğun olaraq həyata keçirdiyi fəaliyyət nəticəsində həm dövlətin mediaya yardım mexanizmi formalaşıb, həm redaksiyaların maddi-texniki bazası güclənib, həm onların əmək qanunvericiliyinin şərtlərinə uyğun iş prinsipi yaranıb, həm də dövlət KİV-lərin və jurnalistlərin potensiallarını cəmiyyətin maraq və mənafelərindən irəli gələn məsələlərə səfərbər etməyi bacarıb. Bu, kifayət qədər çoxşaxəli sistemdir və onun gələcəkdə Konsepsiyadan irəli gələn digər fəaliyyət istiqamətləri ilə zənginləşməsinə də kəskin ehtiyac duyulmaqdadır. Bu xüsusda KİV-lərə sırf texniki yardımın göstərilməsindən söz açılıb. Bildirilib ki, bir çox hallarda Azərbaycana qarşı anti-təbliğat meyllərinə qarşı mübarizədə medianın texniki resurslarının zəifliyi hiss olunmaqdadır.

İclasda Mətbuat Şurasının 2018-ci ildə gördüyü işlərə dair hesabatı təsdiq edilib.

İclasda Mətbuat Şurasına yeni üzvlərin qəbulu həyata keçirilib. Müzakirələrdən sonra “Baku Post Media MMC” (bakupost.az) və “XezerNews.az” Xəbər portalı Şuraya üzv qəbul edilib.

MŞ sədri Əflatun Amaşov Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlandığını bildirib və hazırda sənəd üzərində ekspertiza işlərinin aparıldığını vurğulayıb. O, məsələ ilə bağlı 2019-cu ildə fəal işlərin görüləcəyini diqqətə çatdırıb.

İclasda «Təzadlar» qəzeti ilə əlaqədar məsələ də müzakirə olunub. Bildirilib ki, bu nəşrlə bağlı son günlər Şuraya şikayətlər daxil olmaqdadır. Qəzet vaxtilə MŞ-nin «qara siyahı»sında yer alıb. «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimatda göstərilir ki, adı «qara siyahı»dan çıxarılmış KİV-lərlə bağlı əsaslı şikayətlər daxil olduğu təqdirdə məsələ Şuranın «Apelyasiya qrupu»nda müzakirə edilir və qərar çıxarılır. «Təzadlar»la bağlı məsələnin də «Apelyasiya qrupu»nda müzakirəsi qərara alınıb. 

Son xəbərlər