23/02/2019 05:45
728 x 90

Separatçı “DQR” rejimi İranın Avrasiya İqtisadi Birliyi ilə azad ticarət münasibətlərindən bəhrələnə bilməyəcək...

“Bu şəraitdən separatçı rejimin birbaşa yararlanacağı inandırıcı deyil”

img

Günel Fərhadqızı: “Ermənistana nə fayda varsa, oradan separatçı rejimə də pay düşür”

 

İran Avrasiya İqtisadi İttifaqi ilə azad iqtisadi zona yaratmağı planlaşdırır. İranın Ermənistandakı səfiri Mehdi Sənani deyib ki, artıq bununla bağlı sənəd İran Parlamentinə təqdim edilib. Səfir sənədə razılıq veriləcəyinə ümid etdiyini deyib. Sənani qeyd edib ki, bu, İran üçün olduqca önəmli iqtisadi imkanlar yaradacaq.

Bildiyimiz kimi, Ermənistan da Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkədir. Razılaşma tam qüvvəyə minəcəyi təqdirdə, Ermənistanla İran arasında mövcud olan iqtisadi əlaqələr daha da genişlənəcək. Maraqlıdır, Dağlıq Qarabağdakı separatçı rejim necə, azad iqtisadi zonanın imkanlarından yararlana biləcəkmi?

İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, belə bir razılaşma hələ ötən il imzalanıb: “Astanada keçirilən forumda əldə olunan razılaşmanın qüvvəyə minməsi üçün İran Parlamentinin razılığı lazımdır. İranın buna etiraz etməyəcəyi bəllidir. Çünki hazırda iqtisadi blokadadan əziyyət çəkən İran üçün belə əlaqələrin qurulması göydəndüşmədir. Azad İqtisadi Zona əsasən iki ölkənin sərhədində yaradılır. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərdən yalnız Ermənistanın belə şansı var. Düzdür, həmin quruma üzv olan Qazaxıstanın da İranla dəniz vasitəsilə sərhədi var, amma belə bir zonanın yaradılması ora üçün optimal deyil.  Ermənistanda bu prosesə hazırlıq çoxdan gedir. Əslində, bu layihə Ermənistanı blokadadan çıxarmağa hesablanıb. Çünki Ermənistanın elə bir əlverişli coğrafi mövqeyi yoxdur ki, İran onun vasitəsilə daha ciddi iqtisadi əlaqələr yarada bilsin. Hər iki ölkə çox ağır vəziyyətdədir. Biri beynəlxalq sanksiyalardan əziyyət çəkir, digəri isə blokadada qalmağa məhkumdur. Belə bir yaxınlıq Ermənistan üçün də problemlərə səbəb ola bilər. İki ölkə arasında bir neçə nəhəng layihə var ki, onlar da ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara məruz qala bilər. Məlumdur ki, Ermənistan İrandan qaz alır və əvəzində bu ölkəyə enerji verir. Sanksiyalara görə bunlar dayandırıla bilər. İranla Ermənistan arasında anonsu verilən bir sıra layihələr var ki, onların da reallaşması mümkün deyil. Buna İran-Ermənistan dəmir yolu xəttinin tikintisini misal göstərə bilərik. Yəni yaradılması nəzərdə tutulan azad iqtisadi zona yalnız iki ölkə arasındakı ticari əlaqələr üçün bir qədər yaxşı imkan yaradacaq, başqa böyük fayda verəcəyinə inanmıram”.

Ekspertin sözlərinə görə, bu şəraitdən separatçı rejimin birbaşa yararlanacağı inandırıcı deyil: “Amma dolayısı ilə faydası olacaq. Ermənistana nə fayda varsa, oradan separatçı rejimə də pay düşür. Vacib deyil ki, bu münasibətlər açıq-aşkar həyata keçirilsin”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər