23/02/2019 05:35
728 x 90

Paşinyanın Avropa Məhkəməsində gizli oyunları açıldı – “siyasi korrupsiya” əlamətləri görünür...

“Əslində, bu, siyasi riyakarlıq və Avropa Məhkəməsinin imicinə zərbə vurmaqdır”

img

Mehman Muradlı: “İstəyir ki, beynəlxalq aləmdə də həmin hadisələrin günahkarı kimi Sarkisyanla Köçəryan tanınsın”

 

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Ayk Alumyan maraqlı açıqlama ilə çıxış edib. O, erməni KİV-lərinə verdiyi müsahibədə deyib ki, Paşinyan Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsinə xüsusi göstəriş verib. Vəkilin səsləndirdiyi göstərişin motivi çox maraqlıdır.

Qeyd edilir ki, Paşinyan ciddi şəkildə tapşırıb ki, Ermənistanla bağlı işlərdə ölkənin uduzulmasına nail olunsun. Vəkilin sözlərinə görə, bununla Paşinyan Avropa Məhkəməsinin qərarlarını siyasi məqsədlər üçün istifadə etməyə çalışır və göstərmək istəyir ki, özündən əvvəlki Sarkisyan və Köçəryanın dönəmində insan haqları ilə bağlı ölkədəki vəziyyət acınacaqlı olub. Xüsusilə də Ermənistanda baş verən 1 mart hadisələri ilə bağlı aparılacaq məhkəmə işində bu məqama xüsusi önəm verilməsinə dair Ermənistanın Avropa Məhkəməsindəki nümayəndəsinə göstərişin verildiyi bildirilir.

Bütün bunlar onu deməyə əsas verirmi ki, Paşinyan Avropa Məhkəməsi sistemində siyasi korrupsiya üsulu ilə işləməyə başlayıb? Axı Avropa Məhkəməsinin hər hansı qərarı çıxarmasına nail olmağın başqa üsulu yoxdur.

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca ciddi məsələdir: “Ermənilərin nə dərəcədə saxtakar olduğuna qətiyyən şübhə yoxdur. Buna görə də mövzu o qədər də qəribə görünmür. Onlar bu cür saxtakarlıqlardan bütün istiqamətlər üzrə istifadə edirlər. Avropa Parlamenti, AŞPA-da ermənilərin yürütdüyü “konyak diplomatiyası”ndan hamı xəbərdardır. İndi isə həmin siyasətin izləri gedib Avropa Məhkəməsinə qədər uzanıb. Həmin məhkəmənin işə baxmaq proseduru barədə məlumat vermək istərdim. Avropa Şurasına üzv olan ölkələrin deyilən məhkəmə ilə əməkdaşlıq etmək istiqamətində öhdəliyi var.  Bu da onunla əsaslanır ki, ölkədəki bütün məhkəmə instansiyaları bitdikdən sonra, barəsində hökm çıxarılan adam Avropa Məhkəməsinə narazılıqla bağlı şikayət edə bilər. Həmin işə orada hüquqi qiymət veriləndə cavabdeh kimi şikayətin edildiyi ölkə göstərilir. İş uduzulanda şikayətin edildiyi ölkə qarşısında kompensasiya ödəmək kimi öhdəlik qoyulur. Bu baxımdan da, əslində, belə bir vəziyyətin yaranması Ermənistan üçün yaxşı deyil. Çünki maddi cəhətdən dövlət ziyana düşməli olacaq. Amma işin mahiyyəti elədir ki, Paşinyan maddi itkini fikirləşmir. Bu məsələdən maksimum siyasi dividend əldə etməyə çalışır. Əslində, bu, siyasi riyakarlıq və Avropa Məhkəməsinin imicinə zərbə vurmaqdır. Əsas söhbət də 2008-ci ildə baş verən 1 mart hadisələri ilə bağlı araşdırmaların aparılmasından gedir. Bu mövzunun Paşinyanın karyerası ilə də əlaqəsi var. Çünki Paşinyan məhz həmin hadisələrdən sonra tanınmağa başladı. O, həmin hadisələr zamanı həbs edilərək cəzaya məhkum edilib. Paşinyan hazırda Köçəryandan da həmin hadisələrin qisasını alır. İstəyir ki, beynəlxalq aləmdə də həmin hadisələrin günahkarı kimi  Sarkisyanla Köçəryan tanınsın. Əvvəlcədən razılaşdırılmış bu cür məhkəmə şousu Avropa Məhkəməsinin imicinə ciddi zərbə vuracaq. Biz Paşinyanın hansı səviyyədə saxtakar olduğunu, hətta öz hədəflərinə çatmaq üçün qanunları necə saymadığını parlamentin buraxılması ilə bağlı prosesdə görmüşük. Xisləti bundan ibarət olan adam indi də öz saxtakar caynaqlarını Avropa Məhkəməsinə uzadır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər