23/02/2019 05:46
728 x 90

Paşinyan “baş katib” məsələsilə hələ də KTMT-ni iflic vəziyyətdə saxlamağındadır...

“Paşinyanın Rusiyanın beynəlxalq təşkilatı olan KTMT-yə vurduğu zərbəyə rəğmən, Kreml işğalçı ölkənin nazı ilə oynayır”

img

Məhəmməd Əsədullazadə: “Şoyqunun məlum açıqlaması da bunun tərkib hissəsidir”

 

Məlum olduğu kimi, KTMT-nin beş üzv ölkəsi Belarus təmsilçisi Stanislav Zasın baş katib olmasına razılıq verib. Zas 12-20 dekabr tarixlərində KTMT üzvü olan Qırğızıstan, Qazaxıstan, Tacikistan, Belarus və Rusiya rəhbərliyi ilə görüşüb, onların dəstəyini alıb.

Maraqlıdır ki, Ermənistan rəhbərliyi o vaxtdan hələ də KTMT-nin baş katibi postuna yeganə namizədlə bir araya gəlməkdən yayınır. Bütün bunlardan çıxış edərək Ermənistan mətbuatı iddia edir ki, Paşinyan Zasın baş katib olmasına müqavimət göstərir. Bütün hallarda, belə qeyri-müəyyənlik KTMT-nin fəaliyyətinə mənfi təsir göstərir. Onun fəaliyyətini iflic etmək məqsədi daşıyır.

Bu arada, Belarusun Təhlükəsizlik Şurasının katibi, KTMT baş katibi vəzifəsinə iddialı olan Zas son dövrdə həmin vəzifəyə onun təyinatı ətrafında yaşanan proseslərə münasibət bildirib. Belə ki, Minskdə jurnalistlərlə görüşdə Zas qeyd edib ki, proses hələ yerindən tərpənmir: “Baş nazir ilə görüş hələlik baş tutmayıb. Mən erməni tərəfi üçün istənilən münasib vaxtda onunla görüşmək təklifini irəli sürmüşəm. Hələlik bir cavab almamışıq. Digər KTMT-yə üzv dövlətlər dəstəklərini bildiriblər”.

Zas, həmçinin, əlavə edib ki, KTMT-nin nizamnaməsi, eyni zamanda, məhdud tərkibdə bir sıra qərarların qəbul edilməsinə də imkan verir. O qeyd edib ki, indiki halda, bu üsul qəbuledilməzdir və hərbi-siyasi ittifaqın normal fəaliyyəti üçün konsensus əsasında veriləcək qərar zəruridir.

Ancaq qəribədir ki, Ermənistan müdafiə naziri David Tonoyan Moskvaya səfəri zamanı rusiyalı həmkarı Sergey Şoyqu bu ölkənin ünvanına bir sıra tərifləyici ifadələr səsləndirib. Belə ki, Şoyqu Ermənistanı Rusiyanın əsas strateji müttəfiqi və tərəfdaşı adlandırıb.

Belə olan halda, sual yaranır: KTMT-nin fəaliyyətini iflic etmək hara, strateji müttəfiqlik hara? Praktiki olaraq, bütün bunlarla bağlı ziddiyyət ortadadır. Bütün bunları ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistan rəhbərliyi hazırda çox çalışır ki, KTMT baş katiblik məsələsini öz lehinə həll etsin. Ancaq hesab edirəm ki, artıq bu mümkün deyil. Paşinyan hakimiyyətinin ilk günlərindən başlayaraq, KTMT-dəki baş katib Yuri Xaçaturova qarşı cinayət işi açması, onu həbs etməsi KTMT-nin imicinə kifayət qədər böyük zərbə vurdu. Hazırda Ermənistan bütün vasitələrlə Zasın baş katib olmasını əngəlləməyə çalışır. Ermənistan rəhbrərliyinin beşillik xarici siyasət proqramında Rusiya ilə strateji müttəfiqliyi qeyd etməsi məhz Paşinyanın öz hakimiyyətinin qorunmasına hesablanıb. Biz görürük ki, Rusiya Ermənistanla müttəfiqlik əlaqələrini qorumağa çalışır. Şoyqunun məlum açıqlaması da bunun tərkib hissəsidir. Moskvanın bu siyasəti, təbii ki, regionda işğalçını dəstəkləmək kimi xarakterizə olunmalıdır. Təəssüf ki, Paşinyanın Rusiyanın beynəlxalq təşkilatı olan KTMT-yə vurduğu zərbəyə rəğmən, Kreml işğalçı ölkənin nazı ilə oynayır. Bu həm də onu göstərir ki, Ermənistan ABŞ-ın mövqeyini sarsıtmağa hazırdır. Bu gün Ermənistan üzərində Rusiya və ABŞ siyasi qarşıdurması var. Göründüyü kimi, Rusiya taktiki üstünlüklə xüsusilə Qarabağ kartından istifadə edib, Paşinyanı öz orbitində saxlamağa çalışır. Qeyd edim ki, Ermənistanın günahı üzündən KTMT hazırda nə regional, nə də beynəlxalq səviyyədə təsiredici təşkilat deyil. Sadəcə, Rusiya burada öz regional mövqeyini qorumağa çalışır. Ermənistanın burada rolu elə də ciddi bir siyasi hadisə deyil”.

Vidadi ORDAHALLI

Son xəbərlər