23/02/2019 05:37
728 x 90

Son Rusiya - Ermənistan hərbi danışıqları və Ermənistanın “preventiv üstünlük” müəmması...

“Ermənistan özünü naza qoymaqla, baha satılmağı hədəfləyir”

img

İbrahim Rüstəmli: “Ermənistanın hərbi sahədə cüzi üstünlük əldə etməsi belə bizim üçün narahatedicidir”

 

Məlum olduğu kimi, Ermənistanın müdafiə naziri Moskvaya rəsmi səfər edib. Səfər çərçivəsində onun Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşünün olduğu və bir sıra mühüm müzakirələrin aparıldığı bildirilir. Ermənistan KİV-ləri həmin səfərə ciddi diqqət ayırırlar.

Erməni KİV-i iki müdafiə nazirinin görüşündə hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə Ermənistanın “preventiv üstünlüyünün” artırılması barədə müzakirələr aparıldığını bildirib.

Barəsində söz açılan “preventiv üstünlük” özündə nəyi ehtiva edir və kimə qarşı yönəlib?

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmli qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan yenidən özünə güclü kişi axtarışına çıxıb: “Yadınızdadırsa, bu ifadəni hələ Sarkisyanın rəhbərliyi dönəmində Putinin sözçülərindən biri demişdi. Daha dəqiqi isə həmin cümlə belə ifadə edilmişdi: “Ermənistan gəzəyən qadın kimi özünə güclü kişi axtarışına çıxıb”.  Ermənistanın indiki rəhbərliyi də eynən sələfləri kimi siyasət yürüdür. Özünü naza qoymaqla, baha satılmağı hədəfləyir. Təbii ki, bu məsələdə əsas müzakirə mövzusu Azərbaycan deyil.  Moskvadakı görüşdə belə bir razılığa gəlinib ki, “preventiv üstünlüyə” nail olmaq üçün Ermənistana bir sıra yeni silahların verilməsi nəzərdə tutulur. Preventiv termininin izahı qabaqlayıcı kimidir. Söhbət müxtəlif müasir silahlarla Ermənistanın təchiz edilməsindən gedir. Bir sıra Rusiya ekspertləri hesab edirlər ki, Rusiya Cənubi Qafqazdakı mövqeyini sürətlə itirir. Xüsusilə də vurğulayırlar ki, Rusiya Türkiyə ilə mübarizədə uduzur. Bu gün Paşinyanın hakimiyyətə gəlməsi Qərb və ABŞ dayaqlarının Ermənistanda möhkəmlənməsi ilə müşahidə edilir. ABŞ rəsmilərinin Ermənistana  yönəlik açıq təkliflərlə çıxış etməsi Rusiyanı daha da özündən çıxarmış olub. Ermənistanın preventiv hərbi mövqeyini gücləndirmək də məhz bu zərurətdən irəli gəlib. Çünki əvvəl belə təklif ABŞ-dan gəlib. Yalnız bundan sonra Rusiya hücuma keçib. Məqsəd, əslində, Ermənistanı gücləndirmək deyil. Sadəcə, Rusiya öz maraqlarını Cənubi Qafqazda möhkəmləndirməklə, ABŞ və Qərbin regiona nüfuzunun qarşısını alır. Rusiya bu şəraiti Ermənistanda yaratmaqla xüsusilə Türkiyəyə qarşı yeni iddialarla çıxış edə biləcəyini zənn edir. Bunun Azərbaycan üçün də zərəri var. Bu, şübhəsizdir. Bəllidir ki, Azərbaycan Ordusu Ermənistanla müqayisədə çox güclüdür. Yalnız bəzi beynəlxalq reallıqlar olmasaydı, Azərbaycan tez bir zamanda Dağlıq Qarabağ və ətraf rayonları işğalçılardan azad etməyə qadir olardı. Təbii ki, “preventiv üstünlük” adı ilə Ermənistanda yerləşdirilən hər hansı silahlar bizim üçün də böyük təhlükə mənbəyidir. Bu, Azərbaycana yaxşı nəsə vəd etmir. İlk baxışdan Qərbin, ABŞ-ın və Rusiyanın Ermənistan üzərində nəzarət uğrunda mübarizəsinin getdiyi təəssüratı yaranır. Amma etiraf edək ki, Ermənistanın hərbi sahədə cüzi üstünlük əldə etməsi belə bizim üçün narahatedicidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər