23/02/2019 05:43
728 x 90

102-ci baza Rusiya ilə Paşinyan hökuməti arasında daha ağır problemə çevrilir

img

Ermənistanda ötən il baş tutan məlum hakimiyyət dəyişikliyindən sonra gündəmə tez-tez gələn məqamlardan biri də buradakı Rusiya hərbi bazalarının ölkədən çıxarılmasıdır. Söhbət, xüsusən də 102-ci bazadan gedir. Halbuki, bu bazanın Ermənistanın müdafiəsində rolu kifayət qədər böyükdür. Amma yuxarıda qeyd olunduğu kimi, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanda baza ilə bağlı fərqli əhval-ruhiyyə hökm sürür. İndi yayılan məlumatlardan belə bəlli olur ki, əslində, yeni hakimiyyət bu bazanın onun üçün yaratdığı təhdidlərdən ehtiyat edərək belə bir mövqe tutub.

Hökumətə yaxınlığı ilə tanınan Ermənistan Avropa Partiyasının başçısı Tiqran Hzmalyan hesab edir ki, təkcə bu bazaya görə Ermənistanı müstəqil ölkə adlandırmaq olmaz. Digər tərəfdən, Ermənistanın sərhədlərini Rusiya qoşunları qoruyur, iqtisadiyyatı da Rusiyaya məxsusdur. O xatırladır ki, Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbçisi olmuş Valeri Permyakov tərəfindən Avetisyan ailəsinin 7 üzvü qətlə yetirilib. Eyni zamanda 102-ci bazanın hərbçisi süpürgəçi Cülyetta Qukasyanı döyərək qətlə yetirib: “Biz qarşımıza yalnız Rusiya bazasının Ermənistandan çıxarılması məqsədini deyil, həm də ölkəmizin müstəmləkə vəziyyətindən qurtarılması məqsədini qoymuşuq. Bu isə yalnız 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin ləğvi ilə ola bilər”.

Ermənistan-Rusiya münasibətlərindən danışarkən Tiqran Hzmalyan bildirib ki, Ermənistan Rusiya tərəfindən işğal edilmiş və müstəmləkə olan ərazidir: “Ermənistan hələ müstəqil və suveren dövlət deyil. Qəribə də olsa, BMT üzvü olmaq, müstəqillik gününü qeyd etmək və bununla birlikdə müstəmləkə kimi qalmaq mümkündür. İiqtisadiyyatın nəhəng bir hissəsi başqa ölkəyə aiddirsə, həmin ölkənin qoşunları sərhəddə durubsa Ermənistan-Rusiya münasibətlərindən danışmaq ciddi olmaz, bu, təhkimçi, vassal münasibətləridir”.

Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti isə bütün bunların qarşılığında həmin bazanın əslində Ermənistan üçün mühüm rol oynadığını yazır: “Rusiyanın xaricdəki hərbi bazalarının sayı elə də çox deyil. Onların hər biri özünə görə unikaldır. Lakin Ermənistanın Gümrü şəhərində yerləşən Aleksandr Nevski ordenli 102-ci baza xüsusilə fərqlənir. Bu, Rusiya ilə birbaşa quru əlaqəsinə malik olmayan yeganə forpostdur. Və hərbi münaqişə halında o, hansısa müddət ərzində düşmənlə təkbətək qalmalı olacaq.

Gümrüdən cəmi 16 kilometr məsafədə yerləşən Türkiyə NATO-nun üzvüdür, qərb tərəfdə “dost olmayan” Gürcüstan dayanır, Dağlıq Qarabağda isə hələ də közərən münaqişə ocağı qalır. Hərbi bazanın komandiri, polkovnik Vladimir Yelkanov bildirir: “Bizim bazanın başlıca vəzifəsi odur ki, regionda heç kim müharibə başlamaq barədə niyyətə belə düşməsin. Bu o deməkdir ki, biz həmişə tam döyüş hazırlığında olmalıyıq. Ona görə də daim məşq edirik”.

Qəzet qeyd edir ki, Rusiyanın Cənubi Qafqazdakı “hərbi nümayəndəliyində” 5500 əsgər və zabit xidmət keçir, onlardan 1500-ü çağırışçıdır. Motoatıcıları tank batalyonunu bir neçə raket və artilleriya diviziyonu, xüsusi təyinatlı rota, pilotsuz aviasiya operatorları bölməsi dəstəkləyir. Bütün bu qruplaşmanı İrəvan yaxınlığındakı “Erebuni” aerodromundakı aviaalay dəstəkləyir. Bir neçə dəqiqə ərzində MiQ-29 qırıcılarından və Mi-24 zərbə vertolyotlarından ibarət qüvvə qoşunlara köməyə gəlməyə hazırdır.

Qəzetin yazdığına görə, ekspertlər qeyd edir ki, hazırda regionda kövrək tarazlıq hökm sürür: “Bu durumda 102-ci bazanın özü isə əla çəkindirici amildir. Ən azından 2044-cü ilə qədər. Lakin situasiya istənilən an dəyişə bilər. Üstəlik, Ermənistanın özündə siyasi situasiya dinamitdən betərdir. Buna misal İrəvandakı son çaxnaşmalardır ki, qərbyönümlü Nikol Paşinyanı hakimiyyətə gətirdi. Və onda 102-ci baza məcbur olacaq ki, eyni zamanda bütün cəbhələrdə müdafiəni qoruyub saxlasın”. Məhz bu məqam xüsusi maraq doğurur. Çünki qəzet bunu qabartmaqla Rusiya hərbi bazasının Ermənistanın özünə qarşı da tətbiq edilə biləcəyini açıq eyhamla diqqətə çatdırır. Elə bu səbəbdən İrəvanda 102-ci bazaya qarşı çıxışlar getdikcə artır. Xüsusən də Qərblə əməkdaşılğa tərəfdar olanların fikrincə, 102-ci hərbi baza yalnız Ermənistan vətəndaşları üçün deyil, həm də erməni dövləti üçün təhlükədir.

Xatırladaq ki, Rusiya və Ermənistan 20 avqust 2010-cu ildə bazanın yerləşdirilməsi haqda müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb. Protokol, həmçinin, onun coğrafi və strateji məsuliyyət sferasının genişləndirilməsini nəzərdə tutur. İrəvanda yerləşdirilən "Erebuni" təyyarə bazası Gümridəki 102-ci Rusiya hərbi bazasının hava komponentidir. Rusiyanın bu hərbi bazaları regionda Kremlin uzunmüddətli maraqlarına əsaslanır. Amma yeni erməni hakimiyyəti, eləcə də onun Qərbdən olan tərəfdaşları bu bazaların mövcudluğandan heç də məmnun deyillər.

Nahid SALAYEV

Son xəbərlər