23/02/2019 05:43
728 x 90

Tanınmış sosioloq Ermənistan hakimiyyətinin demoqrafik reallığı gizlətdiyinə dair dəqiq faktlar açdı

Hatəm Cabbarlı: “Psixoloji olaraq Paşinyan hökumətinə güvənən, ona etibar edən kəsim belə ölkəni tərk edirsə...”

img

“Hadisələrin bu şəkildə davamı Paşinyan hakimiyyətinə yaxşı nəsə vəd etmir”

 

Ermənistan KİV-i ölkədə əhalinin sayında ciddi azalmanın olduğunu qeyd edir. Tanınmış demoqraf Ruben Eqanyana istinadən yayılan məlumatda bildirilir ki, Ermənistan əhalisinin sayı daha 7 min nəfər azalıb. Onun sözlərinə görə, hakimiyyət dairələrinin demoqrafik göstəricilərlə bağlı təqdim etdikləri rəqəmlar reallığı əks etdirmir və düzgün üsullarla aparılmır. Ekspert yaxın zamanlarda bu istiqamətdə Ermənistanı yaxşı nəsə gözləmədiyi, əksinə, vəziyyətin daha da dərinləşəcəyi ilə bağlı həyəcan təbili çalır. Göründüyü kimi, Ermənistandakı demoqrafik vəziyyətin acınacaqlı olmasını artıq həmin ölkənin öz ekspertləri də etiraf edirlər.

Vəziyyətin bu şəkil alması nə ilə bağlıdır və yaxın gələcəkdə Ermənistanı bu sahədə nələr gözləyə bilər?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ötən ilin may ayından Nikol Paşinyanın hakimiyyətə gəlməsindən bu günə qədər Ermənistanın daxili və sosial siyasətində heç bir ciddi dəyişiklik baş verməyib: “Ermənistandakı seminarda demoqraf Ruben Eqanyanın etdiyi çıxışla mən də tanış oldum. O qeyd edir ki, vəziyyət heç də hakimiyyətin təsvir etdiyi kimi deyil. Ötən il həmin ölkəni 7 min nəfərin tərk etdiyi qeyd edilir. Əslində, əhalinin Ermənistanı tərk etməsi yeni bir məsələ deyil. Bunun tarixi Ermənistanın müstəqilliyini elan etdiyi dövrə qədər gedib çıxır. Həmin proses pisləşmək dinamikası üzrə günümüzə qədər davam edir. Belə bir sual ortaya çıxa bilər: ermənilər hansı səbəblərə görə ölkəni tərk edirlər? Bunun kökündə başlıca olaraq son 29 ildə Ermənistanda olan sosial-iqtisadi çətinliklər durur. Paşinyan hökumətinə qədər həmin problemlərin həlli istiqamətində hər hansı ciddi irəliləyiş əldə olunmadı. Paşinyan hakimiyyətə gələndə həmin problemlərin həllini tapacağı ilə bağlı vədlər versə də, 10 aydır heç nəyə nail olmayıb. Artıq əhali hökumət proqramının açıqlanmasından sonra daha da naümid qalıb və xəyal qırıqlığına uğrayıb. Çünki elan olunan proqramda ölkəni düşdüyü vəziyyətdən çıxara biləcək hər hansı bir ümidə rast gəlinmir. Əməkhaqlarının qaldırılacağı, sosial problemlərin düzələcəyi ilə bağlı həmin proqramda konkret fikirlərə rast gəlinmir. Demoqrafın elan etdiyi statistika N.Paşinyanın hakimiyyətdə olduğu dönəmi əhatə edir. Onun hakimiyyətdə olduğu 10 aylıq dönəm əhalinin özünə hesabat verməsinə kifayət edir. Onlar zərrə qədər də dəyişiklik hiss etmirlərsə, təbii ki, ölkəni tərk etməkdən başqa çıxış yolları qalmır. Elan olunan rəqəm ciddi kataklizmlərin öndə olduğunu göstərir. Psixoloji olaraq Paşinyan hökumətinə güvənən, ona etibar edən kəsim belə ölkəni tərk edirsə, bu il ərzində bu rəqəmlərdə ciddi artımın şahidi olacağıq”.

Hatəm Cabbarlı qeyd edir ki, Paşinyan hökuməti bunun fərqindədir: “Sadəcə, qeyri-peşəkarlardan ibarət olan hökumətin bu kimi problemlərin öhdəsindən gəlmə ehtimalı olduqca azdır. Ola bilər ki, 2018-ci il ərzində əhali N.Paşinyan qarşısında bir qədər tələbkar olmadı. Onlar düşünürdülər ki, Paşinyan ötən il ərzində hələ hakimiyyətin dayaqlarını tam formalaşdıra bilməyib. Bu il isə onlar parlamenti də tam ələ keçiriblər. Buna görə də hadisələrin bu il ərzində də bu şəkildə davamı Paşinyan hakimiyyətinə yaxşı nəsə vəd etmir”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər