17/02/2019 20:52
728 x 90

Paşinyanın Suriya oyunu onun müttəfiqləri ilə münasibətlərini də parçaladı...

img

Bu günlərdə Ermənistanın yeni hakimiyyətini terrorla hədələyən, güc strukturlarını növbəti dəfə qorxutmağa çalışan “Sasna Tsrer” partiyası növbəti dəfə Nikol Paşinyan iqtidarına, eləcə də  Rusiyaya yönəlik ultimatumlar səsləndirib. Buna əsas səbəb isə Ermənistan Müdafiə Nazirliyinin 83 nəfərdən ibarət hərbçi qrupunu Suriyaya göndərməsidir. Artıq məlumat verildiyi kimi, bu məsələ Ermənistanda yeni narazılığa yol açıb.

Məsələyə bu dəfə münasibət bildirənlərdən biri də “Sasna Tsrer” partiyası olub. Partiyanın bununla bağıl bəyanatında deyilir: “Suriyada Rusiya ilə alyansa girmək Ermənistanın təhlükəsizliyini təhdid edir”. Rusiyanın Suriyada hərbi siyasi müdaxiləsi çərçivəsində və onun himayəsi altında həyata keçirilən bu təşəbbüslə əlaqədar yayılan bəyanatda Suriyada Rusiya ilə alyans yaratmaqla Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə təhdid yaranacağına dair narahatlıqlarını ifadə etdikləri və Ermənistan hakimiyyətinə bundan uzaq durmaqla bağlı çağırış etdikləri xatırladılıb. Bəyanatda hazırda Ermənistan hökumətinin Rusiyanın müstəmləkəçiliyinin aradan qaldırılması və onunla layiqincə münasibətlərin qurulması zərurətini görməməsi və Rusiyanın müstəmləkəçiliyi olaraq köhnə rejiminin xarici siyasətini davam etdirməsi təəssüflə qeyd edilib və bunun nəticəsində xarici siyasət sahəsində müstəqillikdən imtina etməyin fəlakətli nöqtəsinə daha yaxınlaşıldığı vurğulanıb.

Məsələ ilə bağlı Ermənistanın “1in.am” portalı da kəskin yazı ilə çıxış edib. Burada qeyd olunur ki, Paşinyan iqtidarının Suriyaya qruplaşma göndərməsi ilə bağlı bütün ictimai bəyanatları sadəcə təbliğat xarakteri daşıyır və hadisələrin əsl mahiyyətini əks etdirmir: “Bu məsələdə nə Rusiya ilə müttəfiqlik əlaqələri, nə də Hələbin erməni icmasına yardım edilməsi qəti qərar qəbul edilməsinə əsas verə bilməz və açıq şəkildə məlumdur ki, bu, hakimiyyətin nəyinsə qarşılığında etdiyi güzəştdir.
Əlbəttə, bunun nəyin qarşılığında edilən güzəşt olduğunu demək çətindir. Yalnız onu qeyd etmək olar ki, Ermənistan baş naziri bu yolla Rusiyanın ona olan etimadını doğrultmaq istəyir. O çalışır ki, bu addımla Rusiyanı Ermənistanın daxili işlərindən uzaq saxlasın. Yəni bu kampaniyanın Rusiya tərəfindən Paşinyanın gələcək hakimiyyətinə mane olmaması, hakimiyyətin möhkəmləndirilməsi istiqamətində aparılan fəaliyyətləri sığortalamaq kimi bir məqsədi var. Nəticədə Ermənistan da bu qeyri-müəyyən kampaniyaya cəlb edilir. Yeri gəlmişkən, bu kampaniyanın Ermənistana verə biləcəyi fayda və ziyanların perspektivi hələ dəqiq məlum olmasa da, faydalı və ziyanlı tərəflərinin olacağı məlumdur.  Qeyd edək ki, bu humanitar fəaliyyət Rusiya ilə birgə təşəbbüs və onun silahlı qüvvələrinin tabeliyində həyata keçirildiyinə görə Ermənistanın beynəlxalq nüfuzuna müsbət təsir etməyəcək. Rusiyanın Suriyadakı fəaliyyətinin legitimliyi tənqid edildiyinə görə, təbii olaraq, Rusiya tabeliyində missiyaya cəlb edilən Ermənistan da bu tənqidlərdən kənarda qalmayacaq. Əfqanıstan və İraqda isə belə bir problem yoxdur, çünki oradakı legitimliyi heç kim şübhə altına almır. Ermənistanın Suriyadakı fəaliyyəti humanitar olsa belə, məhz elə Ermənistanın özü üçün həddindən artıq təhlükəlidir. Hər hansı kiçik səhv Ermənistanın təhlükəsizliyini təhdid altına sala bilər. Bu fəaliyyət terrorçular tərəfindən olduqca sərt qəbul oluna, İrəvan hədəfə çevrilə, nəticəsi isə faciəli ola bilər. Terrorçuların hələ Ermənistanı hədəf seçmədikləri bundan sonra onun hədəf seçilməyəcəyinə zəmanət vermir. İstənilən terror təşkilatı tərəfindən Ermənistanın hər an hücuma məruz qalacağını istisna etmək olmaz. Suriyada Ermənistanın hətta humanitar baxımdan belə təmsilçiliyinin artması isə bu təhdidi daha da artırır.

O da heç kimə sirr deyil ki, Rusiya Bəşər Əsəd rejiminə və hökumətinə hələ də dəstək verir.  Bundan əlavə, Əsəd hökumətinin bu günədək var olması da Moskvanın hesabınadır. Əks halda Bəşər Əsəd çoxdan Qəddafinin taleyini yaşamış olardı. Bütün nüfuzlu təhlil mərkəzləri qeyd edir ki, terrorçuların son məhvindən sonra Bəşər Əsəd hakimiyyətdə qalmayacaq. Bir sözlə, Suriyada kimin qalib gələcəyi, hakimiyyətə kimin gələcəyi, nəhayət necə hakimiyyət qurulacağı hələ məlum deyil. Belə bir mürəkkəb və qarışıq zamanda Ermənistan, qeyd etdiyimiz kimi, mövcudluğu şübhə altında olan Əsəd hökumətini dəstəkləyən bir dövlətin bayrağı altında humanitar missiya həyata keçirəcək.
Ermənistan hakimiyyətinin hətta belə bir niyyəti olmasa da, bu, Əsəd rejiminə yardım etmə, dəstək kimi nəzərdən keçiriləcək. Bəs, doğrudan da belə bir təsəvvür formalaşarsa və bu cür qəbul olunarsa Ermənistan nə edəcək? Suriyada hakimiyyətə Əsədin əleyhinə vuruşan “Azad Suriya ordusu”nun başçılığı altında üsyançı müxalifət gələrsə, Ermənistan rəhbərliyi nə edəcək? Əlbəttə, bunlar nizamlanmasına incə yanaşma və oynaq həll tələb edilən mürəkkəb məsələlərdir. Lakin niyə bu böhrana girməlisən ki, sonra da incə həll yolları axtarmalı zərurəti yaransın?! Bu, Ermənistana nə verəcək? Hələlik heç nə. Sonda yalnız onu əlavə edək ki, Rusiyanın, demək olar ki, bütün müttəfiq ölkələri hər hansı şəkildə, hətta humanitar formatda belə Suriyada təmsil olunmaqdan yayınıb. Bu mənada, söhbət ilk növbədə Belarus və Qazaxstandan gedir”. Bütün bu qeyd edilənlərdən bir daha bəlli olur ki, İrəvanın Suriyaya göndərdiyi missiya Ermənistanda yeni qarşıdurmaya rəvac verməkdədir. Bundan isə əsas etibarı ilə sabiq hakimiyyət təmsilçiləri və onlara yaxın olan qüvvələr iqtidara qarşı faydalanmağa cəhd göstərir. Elə bu da Ermənistanda yeni qarşıdurmanın əsasını qoyur.

Nahid SALAYEV

Son xəbərlər