23/02/2019 05:42
728 x 90

“Şimal axını-2” ilə bağlı problemlər Azərbaycan qazının nəqlində yeni şərait yaradır

img

Qərblə Rusiya arasında təbii qazla bağlı çəkişmənin getdikcə daha geniş vüsət alması müşahidə olunmaqdadır. Belə görünür ki, proses indiki məcrada davam edərsə, “Şimal axını-2” qaz kəmərinin çəkilişi əhəmiyyətli dərəcədə ləngiyə bilər. Çünki ABŞ-dan sonra Avropa İttifaqı da kəmərin çəkilməsini əngəlləyən müvafiq addımdar atmağa hazırlaşır.

Məhz belə bir vaxtda Rusiya Avropa İttifaqına “Şimal axını-2” kəmərinin tikintisini əngəlləyə biləcək kəskin energetika qaydalarının qəbul edilməməsi barədə xəbərdarlıq edib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bu xüsusda bildirib: “Avropa İttifaqı Rusiyanı qazını Ukrayna ərazisindən onların şərtləri, tarifləri və qeyri-müəyyən qanunları əsasında ötürməyə məcbur etmək və layihəni bununla əngəlləmək istəyirsə, bu layihə çətin ki, işləsin”.  Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin səfirləri bu cür kəmərlərlə qaz verilməsinin tənzimlənməsində blokun qaydalarının genişləndirilməsi ilə bağlı yeni təklifi qəbul edib. Berlin buna qarşı çıxsa da, Fransa bu məsələdə onu özünün siyasi təsirlərini işə salmaqla hədələdiyinə görə kompromisə getməli olub.

Razılaşmaya əsasən, Almaniyanın tənzimləyici orqanları “Şimal axını-2” kimi layihələrə nəzarət edəcək, amma son sözü Avropa İttifaqının tənzimləyiciləri deyəcək. Ekspertlər deyir ki, yeni qaydalar işə düşdükdən sonra onlar Rusiyanın “Qazprom” şirkətini Avropa İttifaqının qaydalarına tabe edəcək və onun yeganə operator olmasına imkan verməyəcək. Belə vəziyyət isə Rusiyanı qane etmir. Kreml hətta bu durumda “Şimal axını-2” kəmərinin çəkilməsini təxirə sala biləcəyini vurğulayır. Hazırda Polşa və Ukrayna da daxil olmaqla, Şərqi Avropa ölkələri bu layihəyə qarşı çıxır. Çünki bu kəmər həmin  ölkələrdən yan keçir.

ABŞ isə hesab edir ki, bu layihə Rusiyanın Almaniya üzərində bir nəzarət formasıdır və Avropanın enerji təhlükəsizliyinə əngəldir. Bu günlərdə ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell  layihədə iştirak edən alman şirkətlərinə ehtimal olunan sanksiyalar barədə xəbərdarlıq məktubu göndərib. Qrenell, əks təqdirdə, bu şirkətlərin ABŞ sanksiyalarına məruz qala biləcəklərini bəyan edib: “Bilirsiniz ki, ABŞ qətiyyətlə “Şimal axını-2”-yə qarşı çıxır. Qaz kəməri bizim avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız üçün ciddi geosiyasi nəticələr daşıyır. AB-nin Şərqi Avropadan olan üzvləri, Qərbi Avropada əksər hökumətlər və Kanada bu layihəyə qarşıdır. Bu tərəfdaşlar bizim Rusiyanın artan aqressiv davranışı və Moskvanın enerji resurslarından siyasi və iqtisadi rıçaq kimi istifadə etməsilə bağlı narahatlığımızı bölüşür”.

Beləliklə, qeyd edilənlər “Şimal axını-2” ilə bağlı gərgin bir vəziyyətin yarandığını göstərir. Məhz bu durumda Avropada Azərbaycan qazına marağın daha da artması qeydə alınır. Özü də o fonda ki, Avropa Azərbaycandan nəzərdə tutulandan daha çox qaz ala bilər. Çünki Azərbaycanın daha böyük qaz ehtiyatlarına malik olması artıq təsdiqini tapıb. Məhz bu vəziyyətdə “Cənub Qaz Dəhlizi”  Avropada xüsusi diqqət mərkəzində yer alır.  

Qeyd edək ki, hazırda TANAP təbii qaz boru kəmərinin Avropayadək hissəsi daxil olmaqla, “Cənub Qaz Dəhlizi”nin mühüm seqmenti olan həmin layihə üzrə işlərin 99 faizdən çox hissəsi icra olunub. TAP layihəsinin isə ümumilikdə 84 faizdən çoxu reallaşdırılıb. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi ilə bağlı bütün işlər yekunlaşmaq üzrədir. “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qazın hasil olunması üzrə görülən işlər artıq tamamlanıb, həmin layihənin avadanlıqları və qurğuları üzrə aparılan ümumi işlərin 92,5 faizi icra edilib. Xatırladaq ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır, həmin ölkədən isə Avropaya nəql edəcək. “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya ildə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Lakin tələb olacağı təqdirdə bu həcmin bir neçə dəfə artırılması gözlənir.

Onu da qeyd edək ki,  TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə boru kəməri bu il TAP boru kəmərinə birləşmək üçün hazır olacaq. Digər tərəfdən, Azərbaycan təbii qazının Avropaya nəqlini həyata keçirəcək TAP layihəsinin səhmdarlarından olan “Snam” şirkəti interkonnektor qaz xəttinin tikintisinə başlayır. “Snam-TAP” layihəsi üzrə 55 kilometrlik interkonnektor qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Ekspertlər bildirir ki, bununla Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində bütün maneələr aradan qalxır. Bütün bunlar məhz o vaxt baş verir ki, Rusiya qazının Avropaya çatdırılması istiqamətində problemlərin artması müşahidə olunur.

Tahir TAĞIYEV

Son xəbərlər