23/02/2019 05:37
728 x 90

Daha bir Azərbaycan jurnalistinə Prezident çətin gündə kömək əli uzatdı

img

Məlum olduğu kimi, jurnalist Natiq Qocaman 1 fevral tarixindən insult səbəbindən koma vəziyyətinə düşüb və hazırda Mərkəzi Klinik Xəstəxanada həkim müşahidəsi altındadır. Jurnalistin xanımı Könül Qocaman həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib.

Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov elə həmin gün məsələyə münasibət bildirib. Əli Həsənov deyib ki, komada olan jurnalistin müalicəsi ilə maraqlanıb, xəstəxananın baş həkimi ilə bilavasitə söhbət edib və vəziyyət haqqında tam informasiya alıb: “Cənab Prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı yaranmış bu tipli halları daim diqqət mərkəzində saxlayır, mütəmadi maraqlanıram. Zərurət yarandığı təqdirdə cənab Prezidentə bu haqda məruzə edilir və müvafiq yardım göstərilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bundan əvvəlki dövrlərdə də ayrı-ayrı jurnalistlərin səhhətində yaranmış ciddi problemlərlə, həm ölkə daxilində, həm xaricdə təcili müalicə ilə bağlı dövlət dəstəyi üçün cənab Prezidentə müraciət olunub və bütün hallarda onun tapşırığı ilə bu məsələlər həll edilib.

Natiq Qocayevlə bağlı məsələyə gəldikdə, bildirirəm ki, mənə məlumat daxil olan kimi hazırda onun yerləşdiyi Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi ilə əlaqə saxlamışam. Həkimlərinin rəyinə görə, hazırda Natiq Qocayevi bir yerdən başqa yerə köçürmək, daşımaq mümkün deyil. Əvvəlcə ümumi təcrübəyə uyğun olaraq onun durumu sabitləşdirilməli, müalicəyə reaksiyası təmin olunmalı, transportabel vəziyyətinə gətirilməlidir. Mənim əldə etdiyim məlumata görə, bunun üçün hazırda Mərkəzi Klinik Xəstəxanada dünyanın ən öncül klinikalarında tətbiq olunan metodlarla Natiq Qocayevin müalicəsi aparılır”.

Əli Həsənov deyib ki, xəstəxananın baş həkimi ilə şəxsən danışıb, təfsilatlı məlumat alıb, jurnalistin müalicəsi nəzarət altındadır: “Onun hazırda aparatdan ayrılıb, haraya isə aparılması mümkün deyil. Biz ona Allahdan can sağlığı arzulayırıq. Həkimlər əlindən gələni edir, biz də onun müalicəsi ilə daim maraqlanırıq. Sonrakı müddətdə, stabilləşmə baş verəndən sonra lazım gəlsə xaricdə müalicəsi də davam etdiriləcək”.

Bu faktın özü ölkə başçısının jurnalistlərin problemlərinə necə həssaslıqla yanaşdığının bariz nümunəsi sayıla bilər. Azərbaycan dövləti KİV-lər və bu sahədə çalışan həmkarlarımızın  probleminə daim böyük diqqət göstərib. Hələ mərhum Prezident Heydər Əliyevin dönəmindən mediamız bu qayğını hiss edib. O vaxt qəzetlərin mətbəələrə olan külli miqdarda borcları dövlət hesabına silindi. İlham Əliyevin idarəçiliyi dönəmində də bu siyasət ardıcıl şəkildə davam etdirilir. 10 il əvvəl KİV-lərə dəstək məqsədilə yaradılan Dövlət Dəstəyi Fondunun fəaliyyəti nəticəsində Azərbaycanın müasir tarixinin ən dəyərli səlnamələrini özündə əks etdirən milli mətbuat nümunələrimizin yaşaması üçün əlavə nəfəslik verildi. Jurnalistlərə dövlətin hesabına heç bir şərt irəli sürülmədən tikilib təhvil verilən 400-ə yaxın mənzili də bu qayğı sırasına aid edə bilərik. Ölkə rəhbərliyinin ən operativ reaksiya verdiyi məsələlərdən biri də tanınmış jurnalistlərin səhhətində yaranan problemlərlə bağlıdır. Dəfələrlə hiss etmişik ki, çox ağır xəstəliklərdən əziyyət çəkən jurnalistlərin bahalı müalicələri məhz ölkə başçısının tapşırığı nəticəsində dövlət tərəfindən  həllini tapıb. Bir neçə il bundan əvvəl çox ağır xəstəlikdən əziyyət çəkən həmkarımız Nicat Dağların müalicə olunaraq tam sağalmasını, bu yaxınlarda isə digər jurnalist Səbuhi Məmmədlinin bütün müalicə xərclərinin dövlət tərəfindən qarşılanmasını da bu qəbildən olan addımlar sırasına aid edə bilərik. Natiq Qocamanla bağlı yaşanan hadisə isə ölkə rəhbərliyinin bu qəbildən olan problemlərə həm də olduqca operativ yanaşdığını üzə çıxardı. Hazırda ağır xəstə olan jurnalistin həyat yoldaşının müraciəti mediada yayılandan cəmi bir neçə saat sonra Prezidentin köməkçisi səviyyəsində məsələyə reaksiya verildi və bildirildi ki, məsələ ölkə rəhbərliyinin nəzarətindədir. Bu, eyni zamanda ölkə başçısının ictimai rəydəki proseslərə  necə tez və operativ reaksiya verməsini bir daha ortaya qoydu. Ümidvarıq ki, bu dövlət qayğısı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən daha bir həmkarımız da tezliklə öz sağlamlığına qovuşacaq.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər