23/02/2019 05:43
728 x 90

Ermənistanı enerji blokadasından çıxarmaq üçün Rusiya hakimiyyətindəki erməni lobbisinin mürəkkəb planı - Ermənistanı dolayı Azərbaycanın enerji sisteminə qoşdular

img

Rusiya dörd ölkəni birləşdirən yeni enerji dəhlizinin təqdimatını etməyə hazırlaşır. Rusiya - Ermənistan – Gürcüstan - İran arasında həyata keçirilməsi nəzərdə tutulan layihənin bu ilin sonunda təqdimatı olacağı bildirilir.

Bu barədə məlumatı Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski verib. O bildirib ki, Rusiya ilə İran arasındakı enerji dəhlizini işə salmaq üçün hazırda iki istiqamət üzrə iş aparılır. Bunlardan biri enerjinin Gürcüstan və Ermənistan üzərindən İrana çatdırılmasıdır. Digər variant isə Azərbaycan vasitəsilədir. Yayılan məlunmatda bildirilir ki, Rusiyadan İrana Azərbaycan üzərindən enerji nəqli bu il start götürəcək. Əslində bu plan Azərbaycanın enerji sistemini Ermənistanla dolayı birləşdirmək və Ermənistanı enerji blokadasından çıxarmaq niyyəti sayıla bilərmi? İqtisadçı Elşən Əliyev qəzetimizə bildirdi ki, burada Rusiya ilə İranın manevrik gedişi nəzərə çarpır: “Əslində Azərbaycanın iştirak etdiyi layihələrin Ermənistanla heç bir əlaqəsi yoxdur. Azərbaycan belə bir əlaqənin olduğunu hiss etsəydi, həmin dəqiqə ona “stop” deyərdi. Çünki Azərbaycan Ermənistanı blokadada saxlamaqla bağlı siyasət yürütdüyünü açıq-aşkar bəyan edir. Enerji dəhlizləri vasitəsilə mübadiləni əsasən qonşu ölkələr bir-biri ilə edir. Azərbaycan, İran və Rusiya arasında birgə enerji dəhlizinin yaradılması məsələsi uzun müddətdir müzakirə edilir. Bizim İranla energetika sahəsində uğurlu əməkdaşlığımız var. İkitərəfli əməkdaşlıq formatından üçtərəfli formata keçməyin də bizə heç bir ziyanı yoxdur. Biz eyni zamanda Azərbaycan-İran-Gürcüstan elektrik dəhlizinin yaradılması istiqamətində də işlər görmüşük. Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında elektrik enerjisi idxal-ixracının mövcud texniki gücü 650 meqavatt, Azərbaycan və İran arasında 400 meqavatt təşkil edir. Bu güclərin artırılması ilə bağlı tədbirlər aparılır, həmçinin Azərbaycan-İran-Gürcüstan enerji dəhlizinin inkişafı üzrə danışıqlar gedib. Bizimlə Rusiya Energetika Nazirliyi arasında “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi barədə danışıqlar aparılıb. Azərbaycan, Rusiya və İran energetika nazirləri müavinlərinin ötən il Bakıda keçirilmiş üçtərəfli görüşü zamanı Azərbaycan və Rusiyanın enerji sistemləri arasında 330 kilovoltluq “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi ilə bağlı tədbirlər barədə razılıq əldə edilib. Bu razılıq əsasında işçi qrupu çərçivəsində iki ölkə nümayəndələri arasında müzakirələr davam etdirilir. Faktiki olaraq, Azərbaycan qonşu ölkələrlə həm ikitərəfli, həm də üçtərəfli enerji dəhlizlərinin yaradılmasında yaxından iştirak edir. Rusiya və İranın bundan istifadə edərək Ermənistanı enerji blokadasından çıxarmaq planı varsa, Azərbaycan buna heç vaxt imkan verməz. Yəqin ki, Azərbaycan tərəfi əldə olunan raılaşmalarda bu detala xüsusi fikir verib”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər