23/02/2019 05:42
728 x 90

Şoyqudan anlaşılmaz Ermənistan bəyanatı - Rusiyanın regionda ən yaxın strateji partnyoru kimdir…

Yeganə Hacıyeva: “Hazırda Ermənistan Rusiya üçün qeyri-müəyyən imici olan ölkədir”

img

“Həmin tendensiya N.Paşinyanın hakimiyyətə gəlişindən sonra xeyli qabarıq surətdə özünü göstərir”

 

Ermənistan Müdafiə naziri David Tonoyan Moskvada Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Görüşdə Şoyqu Tonoyana Suriyaya hərbi dəstəyinə görə İrəvana təşəkkür etdiyini deyib. O, Suriyaya yardımla bağlı Rusiyanın etdiyi ilk çağırışa Ermənistanın reaksiya verdiyini bildirib. Qeyd edək ki, Ermənistan Suriyaya ilk yardım qrupu göndərib. 83 nəfərdən ibarət qrupa humanitar yardım üzrə mütəxəssislər, tibbi personal və onların təhlükəsizliyini təmin edəcək şəxslər daxil edilib. Şoyqu, həmçinin, Ermənistanı Rusiyanın əsas strateji müttəfiqi və tərəfdaşı adlandırıb. Şoyqunun Ermənistana xitabən belə yüksək fikirlər işlətməsi Rusiyanın Azərbaycanla münasibətlərini aşkar kiçiltmək məqsədi daşıya bilərmi?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya Paşinyan hakimiyyətə gələndən sonra, Ermənistanın onlar üçün hansı önəmə malik olan ölkə olduğunu hələ qəti müəyyənləşdirməyib. Siz son bir neçə ay ərzində Ermənistana Rusiya yüksək rəsmilərinin ünvanladığı məktubların məzmununa fikir verin. Həmin məktublarda gah Ermənistana tərəfdaş, gah da strateji müttəfiq kimi müraciət olunur. Biz uzun müddətdi müttəfiq ifadəsinə rast gəlmirdik. Görünür, Paşinyanın İrəvan-Moskva yolçuluğunda sərgərdan qalmasından sonra onu həvəsləndirmək üçün belə ifadə işlədildi. Şoyqunun son bəyanatını da bu qəbildən saymaq olar. Sabah onun dilindən biz Ermənistana qarşı daha sərt ifadələr eşidə bilərik. Bu, Ermənistanla Rusiya arasındakı münasibətlərdə olan qeyri-müəyyənlikdən irəli gəlir. Dünyada intensiv geosiyasi proseslər gedir. Müxtəlif regionlarda qüvvələr nisbəti çevik surətdə dəyişir. O cümlədən yeni perspektivli əməkdaşlıq formatları meydana gəlir. Mütəxəssislər son zamanlar həmin kontekstdə tez-tez Azərbaycan-Rusiya geosiyasi oxundan bəhs edirlər. Məsələyə qlobal dünya siyasətinin indiki reallıqları prizmasından yanaşdıqda, doğrudan da, çox əhəmiyyətli və incə məqamlar üzə çıxır. Həm mövcud geosiyasi ziddiyyətləri nəzərə almaq lazım gəlir, həm də əməkdaşlıq üçün açılmış yeni imkanlardan ağılla istifadə etmək ehtiyacı qarşıda durur. Hazırkı məqamda Rusiya-Azərbaycan əməkdaşlığının ciddi perspektivləri aydın görünür. Bunun üçün real zəmin formalaşıb. Tarixi ənənə də iki dövlət arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük əsasların olduğunu göstərir. Məsələ ondan ibarətdir ki, Kreml Cənubi Qafqazda real olaraq müstəqil dövlətçiliyi uğurla öz təsdiqini tapan ölkənin Azərbaycan olduğunu etiraf etməyə başlayıb. Özü də bu, uzun illərdir ki, Rusiyanın aktiv himayədarlıq etdiyi Ermənistanın qeyri-müəyyən xarici siyasəti, qeyri-konstruktiv kursu və Moskvanı aldatmağa yönəlmiş siyasi manevrləri fonunda daha aydın görünməkdədir. Həmin tendensiya N.Paşinyanın hakimiyyətə gəlişindən sonra xeyli qabarıq surətdə özünü göstərir. Hazırda Ermənistan Rusiya üçün qeyri-müəyyən imici olan ölkədir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər