23/02/2019 05:46
728 x 90

Gürcüstan və Ermənistan ABŞ və Rusiyanın toqquşma meydanı kimi… Azərbaycan “od-alovdan” özünü sığortalayıb

img

ABŞ və Rusiya arasında kəskinləşən ziddiyyətlərin yaxın tezlikdə Qafqazda da özünü qabarıq şəkildə büruzə verməsi gözlənir. Belə görünür ki, Latın Amerikası, Yaxın Şərq, Orta Asiyada tərəflər arasında ziddiyyətin növbəti məkanı məhz Qafqaz olacaq.

Qafqazda tərəflərin əsas çəkişməsinin Gürcüstan və Ermənistanda olması gözlənir. Çünki məhz bu iki dövlətin həyata keçirdiyi siyasət böyük güclərin onların ərazisində üz-üzə gəlməsinə imkan verir. Azərbaycana gəlincə, nə ABŞ, nə Rusiya, nə də Avropa burada hansısa ziddiyyət aparır. Əksinə, tərəflərin hamısının Azərbaycanla bərabər səviyyəli əməkdaşlıq yaratmaq cəhdləri müşahidə olunur və bu da Bakının xarici siyasətinin böyük uğuru sayılır. Amma qonşularmızda vəziyyət fərqlidir. Xüsusən də ABŞ-ın Gürcüstanı NATO-ya qəbul etdirmək istəyi vəziyyəti daha da qəlizləşdirir. ABŞ-ın bu niyyəti Şimali Makedoniyanın quruma üzvlüyündən sonra daha da aktuallaşıb.

Xatırladaq ki, NATO-ya üzv 29 ölkənin nümayəndələri Şimali Makedoniyanın alyansa daxil olması barədə protokolu imzalayıb. İmzalanma mərasimində iştirak edən NATO-nun baş katibi Yens Stoltenberq alyansın yaxın zamanlarda 30-cu üzvünü salamlaya biləcəklərinə ümid etdiyini bildirib. Stoltenberq onu da vurğulayıb ki, Şimali Makedoniyanın quruma üzvlüyü Gürcüstan üçün güclü siqnal ola bilər: “Bütün kriteriyalara əməl etdikdən sonra NATO-nun qapıları Gürcüstan üçün açıqdır. Alyansı Gürcüstanda aparılan islahatlar, müdafiə və təhlükəsizlik təsisatlarının gücləndirilməsi məmnun edir. NATO-ya üzvlük yolunda Gürcüstanı dəstəkləyəcəyik”. Rəsmi Tiflis 9 ildən artıqdır alyansa qoşulmaq istəyir. Gürcüstana hələ 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində “bir gün bu alyansın üzvü olacağına” dair vəd verilib. Gürcüstan indiyədək NATO-ya 10 dəfə “İllik Milli Proqram” təqdim edib, amma “Üzvlük üçün Hərəkət Planı” Tiflis üçün hələ də əlçatmaz olaraq qalır.

NATO Gürcüstana onun özünü müdafiə edə bilməsi üçün dəstək öhdəliyinə hələ də sadiq qalır və mart ayında bu ölkədə özünün ən böyük hərbi manevrlərini keçirməyə hazırlaşır. Elə bu da Rusiyanı narahat edir və Moskva separatçı Abxaziya, Cənubi Osetiya ərazisində hərbi varlığını daha da gücləndirir. Belə vəziyyətdə Tiflisin NATO üzvlüyünə qəbul olunmasının Moskvanı hiddətləndirəcəyini deyən Almaniya və Fransa Rusiyanın mövqeyini nəzərə almağı vacib sayır. Lakin ABŞ indi tamam fərqli mövqedən çıxış edir. Bu durumda, bəzi NATO ölkələrinə görə, Tiflisin “Qərbi Almaniya” modelini seçməsi kimi variant da var. Bu halda Gürcüstan, bir vaxtlar Almaniya özünün şərq hissəsindən imtina etməklə NATO-ya qoşulduğu kimi, Abxaziya və Cənubi Osetiyadan birdəfəlik əl çəkməklə alyansa üzv ola bilər. Rusiya isə istənilən halda prosesə qarşıdır və Abxaziya, eləcə də Cənubi Osetiyaya yeni hərbi qüvvələr cəmləşdirir. Buna cavab olaraq NATO Qara dənizdə Gürcüstanın Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Yens Stoltenberq bununla bağlı bildirib: “NATO Gürcüstanın Qara dənizdə başqa dövlətlərin hərbi qüdrətinin artması ilə bağlı narahatlığını başa düşür və bu məsələni bölüşür. Biz Qara dənizdə daha fəal əməkdaşlıq edəcəyik”. O bildirib ki, NATO-Gürcüstan hərbi dəniz qüvvələri arasında əməkdaşlıq çərçivəsində sahil mühafizə sahəsində birgə təlimlər də nəzərdə tutulub. Bundan əlavə, Gürcüstanda ABŞ hərbi bazasının qurulması məsələsi gündəmdədir.

Bununla yanaşı, NATO və Rusiya Ermənistanda da üz-üzə gəlməkdədir. Düzdür, Ermənistanda Rusiyanın hərbi bazası var və Ermənistanın NATO üzvü olan qonşusu Türkiyə ilə sərhədini rus əsgərləri qoruyur. Amma indi Ermənistanda ABŞ-a daha yaxın siyasi qüvvələr hakimiyyətdədir. Eyni zamanda rus bazalarının ölkədən çıxarılması üçün tələblər də artır. ABŞ Gürcüstan kimi, Ermənistanı da Rusiyanın nəzarətindən çıxarmaq istəyir və bu yöndə həmlələri davam etdirməsi Kremlin sərt əks reaksiyası ilə müşayiət olunur.

Xatırladaq ki, Amerikanın "Stratfor" qlobal strateji təhlil mərkəzi bu il üçün Cənubi Qafqazda böyük güclərin toqquşmasının qaçılmaz olacağına dair proqnozlar verib. "Stratfor" Cənubi Qafqazı tamamilə ABŞ və Rusiyanın nüfuz uğrunda mübarizə məkanı kimi təqdim edir. Bildirilir ki, bu il Vaşinqtonla Moskva Cənubi Qafqazda ən yaxın müttəfiqlərini müəyyənləşdirməyə çalışacaqlar. Maraqlıdır ki, məhz bu bənd onların ən sərt toqquşma yeri ola bilər. "Stratfor"a görə, hər iki böyük güc Ermənistanı yaxın müttəfiq kimi seçmək niyyətindədir. Daha doğrusu, Rusiya artıq orada tam hakimdir və ABŞ başlıca olaraq oranı Rusiyanın əlindən almağa çalışacaq. Bunun müxtəlif səbəbləri qeyd edilir. Ancaq əsas odur ki, Cənubi Qafqazda dəqiq mövqeyi olmayan və daim havadar axtaran ölkə məhz Ermənistandır. Konkret desək, Vaşinqton Ermənistanın bu zəifliyindən istifadə edərək regionda özünün maraqları uğrunda daha sərt mübarizə aparmaq niyyətindədir.

Vaşinqtonun planlarında Ermənistana ayrıca yer verilməsi həm də İran probleminə görədir. Belə ki, Amerika İrana qarşı daha sərt mövqe tutmaq niyyətindədir. Cənubi Qafqazda isə Ermənistan daha çox İrana ümid edir. Amerika Ermənistana müəyyən yardımlar etməsə, İrəvan İranla əlaqələri dərinləşdirmək üçün bəhanə əldə edər. Yəni ABŞ Ermənistana diqqəti artırmaqla həm də onun İranla olan münasibətlərində uçurum yaradır. Zəif və asılı Ermənistan buna asanlıqla getməkdədir. Amerika Ermənistanı Rusiyanın təsiri altından çıxara və ya Moskvanın mövqeyini xeyli zəiflədə bilsə, Cənubi Qafqazda vəziyyəti tarazlıqdan çıxarmağa daha şanslı olur. Çünki Gürcüstan öncədən Qərbi seçib. Azərbaycan isə müstəqil siyasət yeridən ölkə kimi kimsəyə boyun əymir. Bu səbəbdən ancaq Ermənistan marionet rolunu oynaya bilər. "Stratfor"un analitikləri bütün bunları nəzərə alaraq bildirirlər ki, 2019-cu ildə Rusiya ilə Amerika arasında Cənubi Qafqazda forpost uğrunda daha amansız mübarizə aparıla bilər. Proseslərin nə ilə nəticələnəcəyi isə yaxın tezlikdə bəlli olacaq.

Tahir TAĞIYEV

Son xəbərlər