23/02/2019 05:40
728 x 90

ABŞ-ın dövlət katibi Türkiyəni ikiyə böldü – xəritədə Azərbaycanın mövqeyi...

“Bundan əvvəl ABŞ-ın dünyada tanınmış strateji araşdırmalar mərkəzlərinin də hazırladığı raportlarda Türkiyənin bölünmüş xəritələrinin təsvirinə rast gəlinib”

img

Hatəm Cabbarlı: “Əslində, bununla ABŞ-ın dərin institutları Türkiyəni necə görmək istədiklərini büruzə verirlər”

 

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin bölünmüş xəritəsini dərc edib. Bu barədə ABŞ-ın Erməni Milli Komitəsi öz “Facebook” səhifəsində məlumat verib. Pompeo öz mikrobloqunda Venesuelanın müvəqqəti prezidenti Xuan Quaydonu dəstəkləyən ölkələrin təsvir olunduğu xəritəni dərc edib. Xəritədə Türkiyə ortadan bölünüb, Cənubi Qafqaz ölkələrinin sərhədləri isə təhrif olunmuş şəkildə təqdim olunub.  

Hər halda, Pompeo ranqından olan bir şəxsin bu məsələdə texniki yanlışlığa yol verməsi bir qədər inandırıcı görünmür. Hətta bunun texniki bir yanlışlıq olduğunu ehtimal etsək belə, sonradan bu istiqamətdə düzəlişin edilməsinə cəhd göstərilməməsi həmin versiyanı mümkünsüz  edir. Belə olan təqdirdə, Pompeo bununla hansı mesajı vermək istəyib?

Siyasət üzrə elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu heç də təsadüfən yol verilən səhvə bənzəmir: “ABŞ dövlət katibi Pompeonun “Tvitter” mikrobloqunda paylaşdığı şəkildə Türkiyənin bölünmüş xəritəsini göstərməsi heç də təsadüf deyil. Bundan əvvəl ABŞ-ın  dünyada tanınmış strateji araşdırmalar mərkəzlərinin də hazırladığı raportlarda və məruzələrdə Türkiyənin bölünmüş xəritələrinin təsvirinə rast gəlinib. Əslində, bununla ABŞ-ın dərin institutları Türkiyəni necə görmək istədiklərini büruzə verirlər. Bununla onlar həmin informasiyaları cəmiyyətin şüur altına yerləşdirməyi hədəfləyirlər. Təbii ki, bu kobud yanlışlığın aradan qaldırılması üçün Türkiyə hökuməti qarşı tərəfə öz fikirlərini və iradlarını sərt şəkildə bildirməlidir. Xatırlayırsınızsa, təxminən 2-3 il bundan əvvəl NATO təlimlərində həmin hərbi alyansın zabitləri atəş açdıqları hədəflərə Atatürkün şəklini yapışdırırdılar. Həmin hadisə təsadüfən orada qulluq edən bir türk zabiti tərəfindən aşkarlanmışdı. Türkiyə həmin vaxt çox ciddi bir etiraz bildirdi. Hesab edirəm ki, eyni mövqe bu məsələ ilə də bağlı olmalıdır. Pompeonun üzr istəməsi tələb edilməlidir. Əgər bu cür ciddi hadisənin üzərinə gedilməsə,  bundan əvvəl və hazırda yaşananların təkrar ediləcəyinin şahidi ola bilərik. Türkiyənin Xarici İşlər və Müdafiə Nazirliyi ABŞ-a Türkiyədəki səfirliyi vasitəsilə etirazını bildirməlidir. Hətta XİN vasitəsilə ABŞ-a nota da verilə bilər. Məsələ də belə qoyulmalıdır ki, yanlışlıqla olubsa, dərhal düzəldilsin. Yanlışlıq deyilsə, buna siyasi qiymətin verilməsinin gərəkliyini qarşı tərəfə xatırlatmalıdırlar. Hər halda, həmin etirazlara ABŞ-ın verəcəyi reaksiya ilə biz Pompeonun hansı mesajları vermək istədiyini daha dəqiq təxmin edə biləcəyik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər