23/02/2019 05:43
728 x 90

Ermənistanın ekoloji terroru və BMT-nin Avropa Komissiyasından Azərbaycana böyük ədalətsizlik...

img

Sadıq Qarayev:Bununla bağlı yetərincə fakt var, amma ikili standartlar səbəbindən tədbir görmürlər
Telman Zeynalov:Hesab edirlər ki, Ermənistan zəif iqtisadiyyata malik olduğu üçün, bunun altından çıxa bilməz

 

2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasına təqdim edilmiş və Ermənistan tərəfindən "Transsərhəd məzmunda ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın müddəalarına uyğun gəlməməsi ilə bağlı Azərbaycanın şikayəti əsassız hesab olunub. Bu barədə erməni mətbuatı Ermənistanın Təbiətin Müdafiəsi Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda deyilir: “Konvensiya tərəflərinin aralıq görüşündə Ermənistan nümayəndə heyətinin verdiyi faktlar əsasında rəsmi bir qərar qəbul edildi. Buna görə Ermənistanın beynəlxalq Konvensiyanın müddəalarını tam yerinə yetirdiyi açıqlandı və Azərbaycanın şikayətinin əsassız olduğu aşkarlandı.

Bildirildi ki, "Sərhədsiz kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası" çərçivəsində həyata keçirilən tədbirlər Xarici İşlər Nazirliyi və Ermənistanın Enerji İnfrastruktur və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilib”.

Ermənistanın Azərbaycana vurduğu ekoloji ziyanlar kifayət qədərdir. Ermənistanda kimyəvi və radioaktiv istehsalat zamanı yaranan zərərli tullantılar Azərbaycanın işğal altında olan torpaqlarına aparılaraq, burada ayrılan xüsusi yerlərdə basdırılır. Eyni zamanda, Ermənistanda istehsalat zamanı yaranan tullantılar Qafan və Zəngilan rayonundan keçən Oxçuçaya atılır. Bu çay da son nəticədə Araz çayına tökülür. Ermənistan məişət tullantılarını, sənaye müəssisələrinin çirkab sularını və radioaktiv maddələri Araz çayına axıdaraq, Azərbaycan ərazisinə ötürməklə ölkəmizə qarşı ekoloji soyqırım həyata keçirir. Bununla yanaşı, heç bir təhlükəsizlik standartlarına cavab verməyən “Metsamor” Atom Elektrik Stansiyasının istismarının davam etdirilməsi bütün region üçün böyük təhlükədir. Onu da qeyd edək ki, 2015-ci ilin noyabr ayında AŞPA çərçivəsində "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamə qəbul edilib. AŞPA Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalının həmin ərazilərdə yaşayan əhali üçün humanitar və ekoloji problemlər yaratdığını qınayıb. Qətnamədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarında keçən dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bütün ətraf ərazilər üçün təhlükə yarandığı qeyd olunub. Sərsəng su anbarının baxımsız vəziyyətdə qalmasının çoxsaylı insan tələfatı və böyük fəlakətə gətirib çıxara biləcəyi vurğulanıb. Qətnamə, həmçinin, Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistanın su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edib. Sərsəng su anbarı 120 min hektar torpaq sahəsinin suvarılması üçün layihələndirilmişdi və işğal buna mane oldu. Erməni tərəfi suya ehtiyac olduğu vaxtda, yay aylarında bəndi bağlamaqla və lazımsız vaxtlarda suyu açıb buraxmaqla torpaqlarımıza ciddi ziyan vurmaqda davam edir.

Bütün bunların fonunda, necə ola bilər ki, Azərbaycanın sözügedən məsələ ilə bağlı əsaslı şikayətini BMT-nin Avropa İqtisadi Komissiyası əsassız hesab edib?

Məsələyə münasibət bildirən AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayevin sözlərinə görə, məlum qərar qurumun ikili standartlarından irəli gəlir: “Ermənistanın Azərbaycana qarşı ekoloji terror həyata keçirməsi ilə bağlı kifayət qədər fakt var. Məsələn, “Metsamor” AES bölgə üçün böyük ekoloji təhlükədir, ancaq bunu görməzdən gəlirlər. Baxmayaraq ki, həmin stansiyada qəza olsa, çox böyük fəlakət baş verəcək. Ermənistandan keçən çaylarımız məqsədyönlü şəkildə çirkləndirilir. Məsələn, Naxçıvanda Arpa çayının qarşısını kəsirlər. Bu cür hallar suvarma sisteminə mənfi təsir göstərir. Dəfələrlə Azərbaycana axan çaylara partlamamış sursat atıblar. Ermənistanın Azərbaycana vurduğu ekoloji ziyanları beynəlxalq təşkilatlar bilir. Çünki bununla bağlı yetərincə fakt var, amma ikili standartlar səbəbindən tədbir görmürlər. Nəticədə edilən şikayət qərəzli şəkildə nəticəsiz qalır. Ermənilər işğal olunmuş ərazilərdə meşələri talançı bir formada qırıb biomüxtəlifliyi pozurlar. Biomüxtəlifliyə böyük ziyan vururlar. Çox təəssüf ki, beynəlxalq təşkilatlar buna reaksiya vermirlər. Bütün bunlara baxmayaraq, biz mübarizəmizi davam etdirməliyik. Mövcud imkanlar daxilində mümkün olan qədər onların vurduğu zərəri qiymətləndirməliyik. Yəni biomüxtəlifliyə, çaylara nə qədər ziyan vurduqlarını elmi faktlarla beynəlxalq qurumlara təqdim etməliyik. Bununla bağlı işləri daha təkmil formada yenidən beynəlxalq müstəviyə çıxarmalıyıq”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da məlum qərarı sırf siyasi motivlərlə əlaqələndirdi: “Təqdim edilən faktların düzgün olmasına zərrə qədər şübhə yoxdur. Sadəcə, bunu etmək istəmirlər. Çünki qurumun bununla bağlı siyasi iradəsi yoxdur. Əslində, buna görə Ermənistan həddən artıq cərimələnməlidir. Hesab edirlər ki, Ermənistan zəif iqtisadiyyata malik olduğu üçün, bunun altından çıxa bilməz və s. Görünən odur ki, sözügedən məsələdə qurum çirkin bir oyun oynayır. Bax, məsələnin kökündə bu amil dayanır. 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Metsamor” AES-in ətraf mühütə vurduğu ziyan haqqında tədbir keçirildi. Həmin tədbiri mən keçirdim. Tədbirə 8 dövlətin nümayəndəsi gəldi. Biz sözügedən stansiyanın ətraf mühitə vurduğu ziyanın çox qorxulu olduğunu gündəliyə gətirdik. Lakin iştirakçı dövlətlər bunun üzərinə getmədilər. Bundan başqa, Gürcüstana getdik, materialları çap etməkdən qorxdular. Bax, bu kimi problemlər ortaya çıxır”.

Vidadi ORDAHALLI

Son xəbərlər