23/02/2019 05:45
728 x 90

Ermənistanı yeni terror dalğası bürüyə bilər

img

Ermənistanda terrordan istifadə edilməsinin artıq adi hal alması, ümumiyyətlə bu ölkənin özünün terroru dövlət siyasəti səviyyəsinə qaldırması heç kimə sirr deyil. Azərbaycan ərazilərində törədilən çoxsaylı erməni terror aktları bunun real təsdiqidir.

Digər tərəfdən, Ermənistanın özündə də hansısa məqsədlərə çatmaq üçün terror aktlarından tez-tez istifadə olunur. Bu ölkənin parlamentində 1999-cu ildə baş verənlər qeyd edilənlərin  yaxın tarixdə olan ən real nümunələrindəndir. Yaxud da 2016-cı il iyulun 17-də İrəvanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək girovlar götürmüş  “Sasna tsrer" qruplaşmasının fəaliyyəti də sırf terrorçuluğa əsaslanırdı. Qeyd edək ki, həmin vaxt “Sasna Tsrer” qruplaşması Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün silahlı qiyam qaldırmış və İrəvanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürmüşdü. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Yegizaryan da var idi.

Ermənistanda məlum hakimiyyət dəyişiklyindən sonra isə "Sasna Tsrer" terror təşkilatının "xaç atası", o cümlədən qruplaşmaının mənəvi lideri Jirayr Səfilyan həbsdən azad edildi. Səfilyanla yanaşı, təşkilatın digər üzvləri olan Gevorq Safaryan, Nerses Poğosyan, Qalust Qrigoryan, Hrayr Topçyan, Sasunik Kirakosyan, Hovhannes Petrosyan da azadlığa buraxıldı. Burada onu da xatırladaq ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələri üzrə Departamentinin rəhbəri Dirk Şubel və qurumun nümayəndəliyinin başçısı Pyotr Svitalsk İrəvanda Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş zamanı Ermənistana siyasi məhbusların siyahısını təqdim etmişdi. Siyahıda "Sasna Tsrer” qruplaşmasının yalnız bir üzvünün adı olub. Digərləri isə terrorçu qruplaşma üzvü sayıldığı üçün siyahıya salınmamışdı. Amma Nikol Paşinyan qruplaşmanın üzvlərini azad etdilər. Son hadisələr isə "Sasna Tsrer” terrorçularının artıq Paşinyanın özü üçün də ciddi problemə çevrildiyini göstərir. Bu xüsusda Ermənistanın “1-in.am” portalında olduqca maraqlı bir yazı dərc edilib. Qruplaşmanın fevralın 7-də keçirilən məhkəməsinə toxunan portal yazır: “Hətta “tsrer”in günahsız olduğunu israr edən adamlar da məhkəmə zalında baş verənlərdən şoka düşüblər. “Sasna tsrer” qrupunun üzvləri və tərəfdarları məhkəmədə Ermənistanın polis rəisi Valeri Osipyanı alçaldıblar və görmək çətin deyildi ki, polisin dilxor rəisi bu şəraitdə səslənən ittiham və hədələri öz üzərinə götürərək yalnız hökuməti təmsil edirdi.

Nikol Paşinyan və inqilab populimzə görə bədəl ödəyir. Post-Patrul Xidmətinin alayını ələ keçirmiş silahlı qrupun iki nəfər istisna olmaqla polisləri qətlə yetirməkdə ittiham olunan üzvləri inqilabın qələbəsindən sonra həbs qətimkan tədbirinin dəyişilməsi nəticəsində azadlığa çıxıb. Nikol Paşinyan yeni hökumətin məhkəmələrə təsir etmədiyini nə qədər iddia etsə də, aydındır ki, “tsrer” hökumətin siyasi qərarı nəticəsində azad olunub. Hətta “zəngə görə” ədalətin yerinə inqilaba yaxın deputatların xahişi gələrkən inqilabsonrası Ermənistanda kədərli ənənə formalaşıb. “Tsrer”ə münasibətdə göstərilən humanizm hətta Nikol Paşinyanın tərəfdarlarını da parçalayıb – çoxu təkid edib ki, dinc inqilab siyasətdə zorakılıq və terrora yad olmayanlara güzəştə getmək hüququna malik deyil.

Əlbəttə, Jirayr Səfilyan və komandası dəfələrlə bildirib ki, özlərini inqilabın arxa cəbhəsi sayır və silahlı mübarizə səhifəsini qapanmış hesab edirlər, amma “Sasna tsrer”in partiya qurultayında bir sıra çıxışları tamamilə bunun əksindən xəbər verirdi, nəticədə baş  nazir parlamentə seçki kampaniyası vaxtı Səfilyanın komandasına qarşı sərt şəkildə durmağa məcbur oldu. Cəmiyyət hökumətdən xeyli ağıllı çıxdı: “Sasna tsrer” parlament seçkiləri zamanı hətta iki faiz səs də yığa bilmədi, bundan sonra onun liderlərinin ritorikası daha da radikallaşdı, bunun məntiqi zirvəsi son məhkəmə iclası oldu.

Məhkəmə zalında polis rəisi Valeri Osipyanın ünvanına hədələr səsləndi – onun aşkar dilxorluğu  göstərdi ki, Nikol Paşinyan inqilabsonrası ilk həftələrdə populimzə güzəştə getmək və “gilyotin inqilabı” tərəfdarlarını qanuniləşdirməklə necə böyük bir səhv edib. Lakin silahlı qruplaşmanın üzvü Areq Kyureqyan məhkəmə iclasında “proqram” nitqilə çıxış edib. O, polis rəisinin keçmiş müavini Vardan Yeqiazaryanın ifadəsi vaxtı xəbərdarlıq edib: “Onda sizə də izah ediblər ki, hakimiyyət qanunsuz mənimsənilib. Polis hökumətlə əməkdaşlıq edirdi, insanların həyatını əlindən alırdı, işgəncə ilə öldürürdü, intihar həddinə çatdırırdı, onlarla vətəndaş İrəvanın küçələrində güllələnirdi. Və bu hal təkrarlanarsa, biz də serjantdan generala qədər döşəməyə uzadacağıq”. Hər bir ağıllı adam bu “manifest”dən sonra tələb etməyə borcludur ki, 2016-cı ilin iyununda PPX alayına silahlı hücum edərək üç polisin ölümünə bais olmuş adamlar qanunun bütün ciddiliyi ilə cəzalandırılsın. Əks halda “döşəməyə yatırtmaq” dramının təkrarı olacaq – daha amansız nəticələrlə”. Bütün bunlar Ermənistanda terror dalğasının yenidən başlanmasını qətiyyən istisna etmir. Belə görünür ki,  Paşinyanın siyasi məhbuslar, xüsusən də “Sasna Tsrer” qruplaşması ilə bağlı mövqeyi yanlış olub. “Sasna Tsrer”in bu gedişlə Paşinyana da qarşı silahlı üsyan qaldırması istisna olunmur.  O da istisna edilmir ki, əvvəlki hökumət tərəfindən həbs olunmalarına baxmayaraq, “Sasna Tsrer”də “Qarabağ klanı”ndan üzvlərin olması, revanş güdən Sarkisyanın Paşinyana qarşı onlarla birləşməsilə nəticələnər.

Tahir TAĞIYEV

Son xəbərlər