23/02/2019 05:43
728 x 90

Cani erməninin büstünə qarşı Gürcüstan parlamentini piketləyən azərbaycanlılara tək bir deputat qatıldı - FOTO/VIDEO

“Aksiyamız yaxşı keçdi, iştirakçıların sayı çox oldu”

img

Sevinc Hümbətova: “Demək olar ki, parlamentdən bizim qarşımıza heç kəs çıxmadı... ancaq Azər Süleymanov...”

 

“Gürcüstan parlamenti qarşısında separatçı Mixail Avaqyanın büstünün götürülməsinə nail olmaq üçün planlaşdırdığımız aksiya davam edir. Bununla bağlı Tbilisi Meriyasına etdiyimiz müraciətə müsbət cavab verildi və biz buradayıq. Bu, dinc aksiyadır və burada heç bir başqa niyyət yoxdur. Gürcüstanın tamhüquqlu vətəndaşları kimi aksiya keçirmək, cani Avaqyana abidə qoyulmasına etiraz etmək bizim konstitusion haqqımızdır. Bir daha buradan insanlara xatırlatmaq istəyirəm ki, bu aksiyada bizlər həmrəy olmaqla separatçının abidəsinin götürülməsinə nail ola bilərik. Biz hər kəsi bizə dəstək olmağa çağırırıq. Bu aksiya nə muxalifətin, nə də iqtidarın aksiyasıdır. Bu biz gənclərin təşkil etdiyi aksiyadır və burada heç bir siyasi oyundan söhbət gedə bilməz”.

Bunu fevralın 8-də bakı-xeber.com-a açıqlamasında Gürcüstanda cani M.Avaqyana büst qoyulmasına etiraz edən və bununla bağlı Gürcüstan parlamenti önündə icazəli dinc aksiyanın təşkilatçısı Sevinc Hümbətova piketöncəsi deyib.

Qeyd edək ki, S.Hümbətova dinc aksiyadan əvvəl öz “Facebook” hesabında fevralın 8-nə nəzərdə tutulan piket zamanı Gürcüstan azərbaycanlılarının parlamentə seçdiyi deputatlar: Ruslan Hacıyevin, Savalan Mirzəyevin, Azər Süleymanovun və Mahir Dərziyevin də iştirakının arzuedilən olduğunu yazıb. O, Gürcüstan dövlətinə dəstək göstərmək və separatçı Avaqyanın büstünün götürülməsinə nail olmaq üçün deputatları xalqla həmrəy olmağa çağırıb.

Aksiyanın gedişi zamanı Sevinc xanımla bir daha əlaqə saxladıqda, azərbaycanlı deputatlardan kimlər aksiyaya qatılıb sualımıza S.Hümbətova “Deputatlardan yalnız Azər Süleymanov buradadır, o bizə dəstək olur. O biriləri isə hələ yoxdur. İndi bir-bir onların adlarını çəkəcəyik ki, gəlib çıxış etsinlər, burada olsalar, gəlib çıxış edəcəklər” - deyə cavab verib.

Aksiya başa çatdıqdan sonra S.Hümbətova bizimlə əlaqə saxlayaraq aksiya ilə bağlı son məlumatları çatdırıb: “Aksiyamız yaxşı keçdi, iştirakçıların sayı çox oldu. Biz qətnaməni oxuduq və təqdim etdik. Gürcüstan parlamentinin azərbaycanlı deputatlarından yalnız Azər Süleymanov bizimlə idi. Təəssüflər olsun ki, o biri deputatlarımız aksiyaya qatılmamışdılar. Demək olar ki, parlamentdən bizim qarşımıza heç kəs çıxmadı. Xalq arasında ancaq Azər Süleymanov idi”.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan parlamentində deputat A.Süleymanov çıxış edərək Axalkalakidə cani M.Avaqyanın büstünün qoyulmasına etirazını bildirərkən və o abidənin götürülməsini Gürcüstan hökumətindən tələb edərkən, digər azərbayanlı deputatlar - R.Hacıyev, S.Mirzəyev və M.Dərziyev onun çıxışına qulaq asmayaraq zalı tərk ediblər.

İradə SARIYEVA 

Son xəbərlər