23/02/2019 05:45
728 x 90

Dağlıq Qarabağ danışıqlarında yeni alt-format – Rusiya ABŞ və Fransasız gediş edir...

img

Nəzakət Məmmədova: “Rusiyanın yeni format yaratmaq cəhdi presedentə yol aça bilər”
Mübariz Əhmədoğlu: “Rusiya son vaxtlar münaqişənin həllində aktivdir, fəallığı qoruyub saxlamaq üçün Münhendəki fürsətdən də yararlanmaq istəyir”

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüşü Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı vacib görüşün olacağından danışıb.O, keçirdiyi brifinqdə deyib ki, Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Orta Asiyaya səfəri yenicə başa çatıb: "Hazırda üçtərəfli görüşə detallı şəkildə hazırlıq gedir. Görüşdən əvvəl sizə ətraflı məlumat verəcəyik".

Zaxarovanın elan etdiyi bu format nə deməkdir və həmin danışıqlardan hansı nəticəni gözləmək olar?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, Münhendə nazirlərin görüşünün məhz Qarabağ danışıqları ilə bağlı yeni bir formata çevrilməsi inandırıcı deyil: “Çünki hazırda danışıqların aparıldığı Minsk Qrupu formatı Rusiyanın istəyinə tam uyğundur və o, prosesə yenilik gətirməkdə maraqlı deyil. Rusiyanın yeni format yaratmaq cəhdi presedentə yol aça bilər. Bunun da nəticəsində digər həmsədrlər: ABŞ və Fransa da danışıqlar prosesinə yeni, özlərinə sərf edən format gətirmək təşəbbüslərini qaldıra bilərlər. Münhendəki görüşün məsləhət-məşvərət və ya protokol xarakterli görüş olacağı daha inandırıcı hesab oluna bilər.

Yəqin ki, regiondakı proseslər, ABŞ-Azərbaycan, ABŞ-Ermənistan münasibətlərinə də toxunulacaq, Lavrovun Paşinyanın İrana səfərqabağı Ermənistandan olan həmkarını təlimatlandırması da istisna edilmir”.

Siyasi Texnologiya və İnnovasiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu isə qəzetimizə bildirdi ki, belə bir görüşün baş tutmasında qeyri-adi nəsə yoxdur: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi belə təşəbbüsləri çox göstərib. Lavrovun həm ayrılıqda, həm də XİN rəhbərləri ilə birlikdə görüşləri olub. Görüş yerinin Münhenə təsadüf etməsi isə bütün tərəflərin orada olacağı ilə bağlıdır. Çünki hər üç xarici işlər naziri Münhen Təhlükəsizlik Konfransında iştirak üçün orada olacaqlar. Rusiya Xarici İşlər Nazirliyi Lavrov üçün gündəlik hazırladığı səbəbindən Zaxarova belə bir məlumatı da bölüşüb. Rusiya son vaxtlar münaqişənin həllində aktivdir, fəallığı qoruyub saxlamaq üçün Münhendəki fürsətdən də yararlanmaq istəyir. Müzakirə mövzusu isə ancaq Dağlıq Qarabağla bağlı olacaq. Rusiyanın və şəxsən Lavrovun son mövqeyi belədir ki, Azərbaycan dinc yolla Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi prosesinə tam hazırdır, Ermənistan da belə mövqe sərgiləsin. Yəni Rusiya konfliktin həllinə münasibətdə Azərbaycanı Ermənistana nümunə göstərir. Yəqin ki, danışıqların da əsas mövzusu bu istiqamətdə olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər