23/02/2019 05:47
728 x 90

Paşinyanın yeni Qarabağ layihəsi – MQ formatına sadiqlik hara, qondarma “DQR”i münaqişə tərəfi kimi tanımaq hara...

“Bu fakt Ermənistanın yaxın zamanlarda da Dağlıq Qarabağ mövzusunda konstruktiv olmayacağını göstərir”

img

Qabil Hüseynli: “71 səhifəlik sənədə, ilk olaraq, Minsk Qrupu həmsədrlərinin etirazını görməliydik”

 

Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün Ermənistana verilən vaxt limiti bitmək üzrədir. Ən azı o baxımdan ki, artıq Ermənistanda parlament seçkiləri keçirilib, Nikol Paşinyan ölkədə mütləq hakimiyyətini bərpa edib. İndi onun daxili məsələlərlə yanaşı, xarici məqamlara da diqqət ayırması üçün vaxtı kifayət qədərdir. Bura isə, ilk növbədə, Qarabağ konflikti daxildir.

Əvvəllər ümidlər var idi ki, Paşinyan, sələflərindən fərqli olaraq, münaqişənin Ermənistanı bataqlığa saldığını görüb konfliktlə bağlı fərqli bir siyasət yürüdəcək. Amma onun rəsmi açıqlamaları, təqdim etdiyi sənəd və proqramlar hələlik başqa bir mənzərə yaradır. Belə görünür ki, Paşinyan problemin çözümü istiqamətində hələ də müvafiq addımlar atılmasında qətiyyətsizlik nümayiş etdirir. Bunu Ermənistan hökumətinin proqram layihəsi də təsdiq edir. Ölkə hökumətinin proqram layihəsi 71 səhifəlik sənəddən ibarətdir. Diqqətçəkən əsas fakt Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əvvəlki hökumətin proqramını, praktik olaraq, tamamilə təkrarlamasıdır. Sənəddə xarici siyasət sahəsində bir neçə diqqətçəkən məqam var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk Qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində Dağlıq Qarabağın  statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir. Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır. Bütün bunlar, öz növbəsində, konfliktin dinc müstəvidə həllinə olan ümidlərin üzərindən xətt çəkir. Göründüyü kimi, Paşinyanın elan etdiyi yeni hökumət proqramında Dağlıq Qarabağ probleminin həllinə yanaşmada ciddi ziddiyyət var. Həmin sənəddə bir tərəfdən qeyd edilir ki, münaqişə Minsk Qrupu formatında həllini tapmalıdır, digər tərəfdən isə qondrama separatçı qurumun da tərəf kimi danışıqlarda iştirakının zəruriliyi qeyd olunur. Bu ziddiyyətli məqamı necə şərh etmək olar?

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu fakt Ermənistanın yaxın zamanlarda da Dağlıq Qarabağ mövzusunda konstruktiv olmayacağını göstərir: “Yadınızdadırsa, Paşinyan inqilabı edən kimi ilk dəfə bu ifadəni işlətdi ki, qondarma rejim müstəqil tərəfdir və danışıqlarda bilavasitə iştirak etməlidir. Həmin vaxt onun bu fikirlərini hakimiyyətə yeni gələn adamın populizmi kimi qiymətləndirdilər. Sonra isə o, mövqeyində gah qabağa, gah da geri manevrlər etdi. Bunu da onun seçkidə vaxt udmaq taktikası kimi dəyərləndirdilər. İndi bunların hamısı bitib. Artıq deyilən ziddiyyət dövlətin proqramına salınıbsa, deməli, məsələ ciddidir.  Ermənistanda parlament seçkiləri də keçirildi. Seçkilərdən sonra qeyri-rəsmi danışıqlara da başlandı. Paşinyan bəzi dövlətlərin təhriki ilə danışıqlara getdi, ancaq burada da son dərəcə qeyri-konstruktiv mövqe tutaraq, vaxtı uzatmağa hesablanmış manevrlər etdi”.

Q.Hüseynli bildirdi ki, Paşinyanın bu manevrləri siyasi dairələrdə çox pis təəssürat oyadır:

“Çox qəribə və heç bir məntiqə sığmayan müddəalardır. Qeyd edilir ki, danışıqlarda əsas tərəf guya qondarma Dağlıq Qarabağ rejimidir, Ermənistan onun adından çıxış edə bilməz. Lakin torpaqları işğal edən Ermənistan və onun kənar havadarlarıdır. Qarabağda yaşayan 60-70 min dılğır erməni nə ordu yarada bilərdi, nə də Azərbaycanın ərazilərini işğal edə bilərdi. Yəni bütün proseslərin subyekti Ermənistan və onun silahlı qüvvələridir. Onun təcavüzkar dövlət olduğunu əksəriyyət qəbul edir. İndi onun başçısının ortaya belə bəsit formada Dağlıq Qarabağı tərəf kimi atması çox qəribə səslənir. Belə məntiqlə hər hansı danışıqlar prosesini həyata keçirmək mümkünsüz görünür. Xüsusilə də ermənilərin “Ermənistanın bu məsələlərdə Dağlıq Qarabağın əvəzinə çıxış etməsinə mənəvi haqqı yoxdur” kimi iddialar səsləndirməsi, sözün həqiqi mənasında, siyasi əxlaqsızlığın bir əlamətidir. Çünki ortada atəşkəsdən sonra 25 ildən çoxdur davam edən danışıqlar prosesi var. Bu danışıqlar prosesinin tərəfləri kimi Ermənistan və Azərbaycan tanınır. ATƏT-in Minsk Qrupunun vasitəçilik səyləri mövcuddur. Üç dövlət bu məsələlərdə hər zaman subyektlərin kim olduğunu qəbul edib. İndi birdən-birə hər şeyi alt-üst edib, üzərindən xətt çəkməklə yeni iddiaların irəli sürülməsi, həqiqi mənada, anormal hərəkətdir”.

Politoloq qeyd etdi ki, əslində, bu məsələyə ATƏT-in Minsk Qrupu həmsədrləri sərt cavab verməlidirlər: “Proqramda açıq şəkildə elan olunan bu ziddiyyət ilk növbədə Minsk Qrupunun mandatı ilə ziddiyyət təşkil edir. 71 səhifəlik sənədə, ilk olaraq, Minsk Qrupu həmsədrlərinin etirazını görməliydik. Təəssüf ki, heç bir mövqe ortaya qoymurlar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər