23/02/2019 05:48
728 x 90

Təbii fəlakətlərdə Prezidentin öz xalqı ilə ünsiyyət formaları – Azərbaycan və Qərb nümunəsi...

“Zəlzələdən sonra Prezident İlham Əliyev təbii fəlakət baş verən yaşayış məntəqələrinə getdi və vəziyyətlə yerində tanış oldu”

img

Aydın Hüseynov:Elə dövlət başçıları var ki, təbii fəlakət zonasına getməyi belə özlərinə rəva görmürlər

 

Hər il dünyanın müxtəlif ölkələrində bir sıra təbii fəlakətlər olur və bundan yüz minlərlə insan zərər görür. Elmi-texniki imkanlarına görə ən öndə gedən dövlətlər belə, baş verən təbii fəlakətlərdən sığortalanmayıb. İstənilən ölkə belə hallarla üzləşə bilər. Sözügedən məsələdə mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də baş verən təbii fəlakətin yaratdığı fəsadların nə dərəcədə tez aradan qaldırılması və operativ tədbirlərin görülməsidir.

Məlum olduğu kimi, fevralın 5-də Azərbaycanda 6 bal gücündə baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Sosial infrastruktur obyektlərinə ziyan dəyib. Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Ümumilikdə, zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Bütün bunlarda diqqətçəkən məqamlardan biri də təbii fəlakətlər baş verdikdə dövlət başçılarının davranışlarıdır. Məsələ ondadır ki, Prezident İlham Əliyev zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması üçün dövlətin idarəetmə, inzibati və maliyyə resurslarını qısa müddətdə səfərbər etdi. Ən başlıcası, dövlət başçısı özü təbii fəlakətin baş verdiyi əraziyə getdi. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ortaya qoyulan belə operativ və çevik nümunənin başqa ölkələrdə analoqunun olduğunu təsəvvür etmək mümkün deyil. Daha dəqiq desək, hələ indiyə qədər bunun bənzəri hansısa ölkədə olmayıb. Zaman-zaman dünyanın bir sıra ölkələrində müxtəlif təbii fəlakətlər baş verib. Ancaq görürsən ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması illərlə vaxt aparıb. Ən azından, Azərbaycanda olan qədər operativ və çevik, təxirəsalınmaz tədbirlər görülmür. Bu məsələdə bütün müvafiq qurumlar səfərbər edilib koordinasiya olunmuş formada fəaliyyət göstərə bilmir. Hansı ki, Azərbaycanda bütün bunlar nizamlı şəkildə bir-birini tamamlayır. Məsələn, ölkə başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb və bu məqsədlə ilkin olaraq 2 milyon manat ayrılıb. Həmçinin, Prezident İlham Əliyev təbii fəlakət baş verən əraziyə gedərək vətəndaşlarla görüşüb. Görüşdə bəyan edib ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda təbii fəlakətlərin fəsadlarının tez bir zamanda aradan qaldırılmasına dair uğurlu təcrübə var. Bu da məhz İlham Əliyev dövlət başçısı seçiləndən sonra formalaşıb. Bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu və nəticədə minlərlə ev dağıldı. Ancaq Azərbaycan tez bir zamanda həmin zəlzələnin fəsadlarını aradan qaldırdı. Eyni zamanda, illər öncə ölkədə sel daşqınları baş verdi. Minlərlə evi su basdı. O zaman da lazımi tədbirlər görülərək bütün evlər dövlət vəsaiti hesabına yenidən tikilərək tez bir zamanda bərpa edildi. Başqa ölkələrdə təbii fəlakət baş verəndə dövlət başçıları tez bir zamanda fəlakət baş verən zonaya getmir. Yaxud da hansısa müvafiq tapşırıqlar verməklə işini bitmiş hesab edirlər. Biz buna daha çox Qərb ölkələrində rast gəlirik. Ancaq Azərbaycanda dəfələrlə belə hallar baş verəndə Prezident İlham Əliyev zərərçəkənlərin yanında olub.

Maraqlıdır, digər ölkələrin timsalında belə uğurlu analogiya varmı?

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynov bunu istisna etdi. Onun fikrincə, dünyada Azərbaycan qədər təbii fəlakətlərin yaratdığı fəsadları tez aradan qaldıra bilən ikinci ölkə yoxdur: “Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarını qorumaq, onların sosial rifahını yaxşılaşdırmaqdır. O, dövlət başçısı seçiləndə bəyan etdi ki, hər bir azərbaycanlının Prezidenti olacaq. İstər o vaxt, istərsə də indi bunu bir daha sübut etdi. Təsadüfi deyil ki, ən gərgin anlarda belə, o, ölkə vətəndaşları ilə bir yerdədir. Ölkədə baş verən məlum zəlzələdən sonra dövlət başçısı təbii fəlakət baş verən yaşayış məntəqələrinə getdi və yerindəcə vəziyyətlə tanış oldu. Bununla bağlı vəsait ayrılmasına və görülən işlər çərçivəsində operativ şəkildə fəsadların aradan qaldırılmasına qərar verdi. Bu məsələdə müvafiq qurumların qarşılıqlı çevik fəaliyyət mexanizminə uyğun işləməsi yaranan fəsadların tez bir zamanda aradan qaldırılacağından xəbər verir. Bu baxımdan, dünyanın heç bir ölkəsində bu kimi təbii fəlakətlərin nəticələri belə tez aradan qaldırılmır. Görürsən ki, bunun üçün illərlə vaxt lazım olur. Elə ölkə var ki, müəyyən imkanlara sahib olmağına rəğmən, təbii fəlakətlərin yaratdığı fəsadların aradan qaldırılması məsələsində aciz qalır. Elə dövlət başçıları var ki, təbii fəlakət zonasına getməyi belə özlərinə rəva görmürlər. Belə hallar da var. Ancaq bizdə dövlət başçısı xalqın yanında oldu. Eyni zamanda, Azərbaycanda Prezident İlham Əliyev elə uğurlu idarəçilik mexanizmi qurub ki, bənzər problemləri aradan qaldırmaq daha tez mümkün olur”.

Vidadi ORDAHALLI

Son xəbərlər