23/02/2019 05:45
728 x 90

İlin sonunda eyni gündə parlament və bələdiyyə seçkiləri – Azərbaycanın bunu bacara biləcəyinə ekspert inanır...

“Azərbaycan bunu həyata keçirə bilər”

img

Məhərrəm Zülfüqarlı: “Ancaq eyni vaxtda yox, bir ildə iki seçki keçirmək olar”

 

Məlum olduğu kimi, Seçki Məcəlləsinin tələbinə əsasən, 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, siyahıların yüksək səviyyədə dəqiqləşdirilməsi üçün bu genişmiqyaslı işə respublikadakı bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və dəqiqləşdirmə prosesində həm DİN və Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilir.

Qanunvericiliyə uyğun olaraq, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılıb. Məntəqə seçki komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçicilər siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici siyahılarını fevralın 5-dək müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Sözügedən proseslərdən sonra MSK da, öz növbəsində, vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən tərtib olunan vahid seçicilər siyahısının MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, 2019-cu il dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçici siyahılarının bələdiyyə seçkilərinə hazırlıq üçün dəqiqləşdirildiyi məlumdur. Eyni zamanda, son zamanlar yayılan və hələlik rəsmi təsdiqlənməyən məlumatlarda bu il növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi bildirilir. Ölkə üzrə seçicilər siyahısının dəqiqləşdirilməsinə start veriləndən sonra sosial şəbəkələrdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqqında fikirlər gündəmə gəlməyə başlayıb. Bununla bağlı müxtəlif mülahizələr səslənir. Həmçinin, parlament seçkilərinin bələdiyyə seçkiləri ilə eyni vaxtda keçiriləcəyi təsəvvürü yaranır. Nəzərə almaq lazımdır ki, dünyada iki seçkinin eyni vaxtda keçirilməsi təcrübəsi var. Bunun bir sıra üstünlükləri var. Başlıca üstünlüyü ondan ibarətdir ki, iki seçkinin eyni vaxtda keçirilməsi maddi baxımdan daha əlverişlidir. Nəzərə almaq lazımdır ki, seçki çox çətin və böyük vəsait tələb edən bir prosesdir. Burada əsas yük dövlət büdcəsinin üzərinə düşür. Bu baxımdan, növbədənkənar parlament seçkilərinin bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilməsi ehtimalını və bunun əhəmiyyətini, ümumən, ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, ölkədə bir ildə iki seçki keçirilə bilər və bunda elə bir problem yoxdur: “Son illər Azərbaycanda aparılan islahatlar, Seçki Məcəlləsinə edilən dəyişikliklər və keçirilən seçki təcrübəsi göstərir ki, ölkədə növbədənkənar parlament seçkiləri keçirmək mümkündür. Bu, ölkə rəhbərliyinin iradəsindən və qanunvericilikdən asılıdır. Ötən təcrübədən çıxış edərək bunu demək mümkündür. Azərbaycanda kifayət qədər seçki keçirən institutlar var ki, bunlar peşəkar seçki institutlarıdır. Yəni bu işləri həyata keçirə bilərlər. O baxımdan, Mərkəsi Seçki Komissiyası, dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları daim öz işlərini təkmilləşdirirlər. Bütün bunlarla yanaşı, seçkiləri müşahidə edən bir qurumun rəhbəri kimi, tam məsuliyyətlə deyirəm ki, Azərbaycan bunu həyata keçirə bilər. Qanunvericiliyə əsaslanıb bəzən deyirlər ki, parlament seçkilərinin keçirilməsi üçün referendum keçirib müəyyən dəyişikliklər etmək olar. Deməyim odur ki, bu da mümkündür. Ancaq eyni vaxtda yox, bir ildə iki seçki keçirmək olar. Azərbaycanda mövcud strukturların potensialı buna imkan verir. Lakin bu, birbaşa Prezidentin iradəsindən asılıdır. Prezidentin bununla bağlı sərəncamı olarsa, müvafiq strukturlar bunu müvəffəqiyyətlə həyata keçirə bilərlər”.

Vidadi ORDAHALLI

Son xəbərlər