23/02/2019 05:38
728 x 90

Azərbaycan yeganə “azad olmayan” ölkə, ya "Freedom House” Qərbdə yeganə olmayan ermənipərəst təşkilat...

"Bir ölkədə partiya sədrinin müavini, jurnalist 44 günlük aclıqdan sonra həbsxanada dünyasını dəyişir, amma həmin ölkəni demokratik ölkə hesab edirlər”

img

Aydın Mirzəzadə: “Bu təşkilatın gəldiyi nəticələrin hansı metodologiya və hansı mənbələrdən istifadə olunaraq hazırlandığı məlum deyil”

 

ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı 2019-cu il hesabatında Azərbaycanı “azad olmayan” dövlətlər sırasında göstərib. Siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan hesabatda Azərbaycan, həmçinin, Cənubi Qafqazda yeganə “azad olmayan” ölkə kimi qiymətləndirilib.

“2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti haqqında” adlı hesabatda Azərbaycanın 11 xal topladığı deyilir. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək “qismən azad” ölkələr siyahısında yer alıb. Sənəddə yazılır ki, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan irəliləyib.

Qeyd edək ki, “Freedom House”un bundan əvvəlki hesabatlarını da rəsmi Bakı qərəzli hesab edib.

Son hesabatdakı Azərbaycanla bağlı açıqlanan məlumatları nə dərəcədə əsaslı saymaq olar?

Millət vəkil Aydın Mirzəzadənin sözlərinə görə "Freedom House” xarici ölkələrdən birinin yerli qeyri-hökumət təşkilatıdır: "Ona heç bir dövlət hansısa bir səlahiyyət verməyib. Amma təşkilatın başqa ölkələrə qiymət vermək, onların daxili işlərinə qarışmaq mərəzinin sərhədi görünmür. O özünü dünya prokuroru, Haaqa Məhkəməsi, BMT, AŞ PA və bu kimi beynəlxalq təşkilatlar kimi səlahiyyətə malik olan bir qurum hesab edir və ümumən götürdükdə, onun verdiyi qiymət subyektiv sayıla bilər. Bu təşkilatın gəldiyi nəticələrin hansı metodologiya və hansı mənbələrdən istifadə olunaraq hazırlandığı məlum deyil. Bu və ya digər ölkədə gedən proseslərin illərlə nəzərə alınmadığı göz qarşısındadır. "Freedom House”un ayrı-ayrı ölkələri sevimli və nifrət etdiyi ölkələr qrupuna böldüyü də bütün dünyaya məlumdur. Hesab edirəm ki, bu tip təşkilatların verdiyi qiymətləri müzakirə etməyə dəyməz. Onların buna səlahiyyəti yoxdur, ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq və onları bir cərgəyə düzməyin özü mənəviyyatdan uzaq məsələdir”.

A.Mirzəzadənin sözlərinə görə, "Freedom House”un fəaliyyəti nə demokratiya, nə insan haqlarının qorunmasına, nə də dünyada sülhün və bərabərliyin yaranmasına uyğun gəlir: "Bir ölkədə partiya sədrinin müavini, jurnalist 44 günlük aclıqdan sonra həbsxanada dünyasını dəyişir, amma həmin ölkəni demokratik ölkə hesab edirlər. Belə çıxır ki, "Freedom House” üçün demokratiya jurnalistin həbsxanada ölməsidir, yaxud da siyasi müxalifətin fəaliyyətinin məhdudlaşdırılmasıdır. Onlar üçün əsas məsələ maliyyələşdirən mərkəzlərin maraqlarıdır. "Freedom House”un Azərbaycana verdiyi qiymətdən asılı olmayaraq, ölkəmiz özünün müstəqil daxili və xarici siyasətini yeridir, insan haqlarının, demokratiyanın qorunmasını özünün vəzifəsi sayır, iqtisadiyyatını gücləndirir, eləcə də ərazi bütövlüyü məsələsini təmin etmək üçün daim fəaliyyətdədir. Bu baxımdan, hansısa bir xarici qeyri-hökumət təşkilatının Azərbaycanla bağlı nə qiymət verməsi artıq onun vicdanına qalır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər